Qadın

Sübh çağı idi. Gecə yuxusunu qatan Nazilə xala səhərə qədər gözlərini yummamışdı. Bu səhər hamı kimi Nazilə xala üçün də adi bir səhər idi. Ta ki, o bədbəxt hadisə baş verənə qədər…

Nazilənin kiçik qızı Səbinə axşam telefonuna gələn zəngdən sonra otağına çəkilmiş, anasına hadisəni bildirməmək üçün gizlincə ağlamışdı. Amma o bilirdi ki, səhər hər şeyi anası da biləcək. Səbinə hey anasını düşünürdü. Anası bu xəbərə necə tab gətirəcəkdir? Axı hələ 1-2 ay əvvəl Nazilə ərini torpağa tapşırmışdı.

Səbinə səhər də anasına heç bir şeyi bildirməməyə çalışırdı. Birdən təcili yardım maşını qapının önündə dayandı. Nazilə xala axşamın narahatlığını üstündən atmaq üçün həyətdə təmiz havada oturmuşdu. Əvvəl o küçədə dayanan təcili maşına heç fikir də vermədi. Amma birdən həyət qapısı döyüldü. Bu qapı döyüldükcə Nazilənin də ürəyi döyünməyə başladı. O, ağır addımlarla qapıya yaxınlaşdı. Sanki o addım atdıqca nəysə onun ayağından dartıb geriyə çəkirdi. Nazilə qapıya çatdı və qapını açmaq üçün əlini qaldırdı. Sanki qollarından daş asılmışdı. O, çox həvəssiz qapını açdı. Həqiqətən də qapını döyən təcili yardım maşınından düşən bir həkim idi. Naziləni fikir bürümüşdü: “Axı nə ola bilərdi?” Birdən həkim danışmağa başladı:

-Nazilə Ağayeva kimdir?

-Mən…

– Başınız sağ olsun. Qızınıza dünən gecə xəbər verilmişdi…

-Nə. Nə . Nə xəbər? Siz nə danışırsınız? Axı nə olub?

Bunu deyər-deməz Nazilə özünü saxlaya bilməyib, dizləri üstə yerə çökdü. Bütün bu hadisələri ağlayaraq izləyən Səbinə anasının yanına qaçıb, boynunu qucaqladı. Və ağlamağa başladı. Sonra isə Nazilənin qulağına pıçıldadı: “Nərgizi gətirdilər.”

Bu sözlər sanki Nazilənin qulağına deyilmədi. Ox olub batdı onun ürəyinə.  İstədi, ağzını açıb nəsə desin. Amma səsi çıxmadı. Elə bil dili boğazında qurumuşdu. Ana son gücü ilə ayağa qalxdı. Qızımı görmək istəyirəm deyə bağırdı. Amma ona qızının üzünü göstərmədilər. Daha doğrusu, göstərə bilmədilər. Ananın elə hey gözlərindən yaş tökülürdü. Nazilə bilsəydi ki, onun qızını yandıraraq öldürüblər, o göz yaşlarını qızını yandıran odun üstünə axıdardı. Amma, əfsus ki, artıq gec idi. O, elə düşünürdü ki, bir ana üçün bundan böyük fəlakət ola bilməz. Amma bu hələ fəlakətlərin başlanğıcı idi…

İndi sıra Nərgiz üçün son vəzifəni yerinə yetirməyə gəlmişdi. Yas çadırı qurulmuş, Nərgizin namazı qılınmış və torpağa tapşırılmışdı. Nərgizin anası ağlaya-ağlaya deyirdi: “ Biz tərəfdə birinə qarğış edəndə deyirlər ki, torpaq üzünü görsün. Sən demə bu qarğış deyil, alqış imiş, kaş mənim də qızım elə vəziyyətdə öləydiki, üzünə nə mən, nə də torpaq həsrət qalmayaydıq”.

İlahi, bu sözlər dəhşət idi. Ətrafdakıların heç biri eşitdiklərinə inanmırdı. Görün bir ana nə üçün Allaha yalvarırdı. İndi hamını bir sual maraqlandırırdı. Axı Nərgiz necə ölmüşdü ki anası belə yanıqlı sözlərlə hamının qəlbini odlayırdı?

Nazilənin bacısı hadisəni öyrənmək üçün Səbinəni yan otağa çağırdı. Səbinə isə ona hadisəni ağlaya- ağlaya danışmağa başladı:

-Dünən gecə Nərgiz və “əri” arasında dava düşür. Nərgizin əri Seymur qardaşları olmadığı üçün atasından qalan mal-mülkün yarısının ona verilməsini istəyir. Nərgizinsə, onun belə bir haqqı olmadığını, atasından sonra varisin anası olduğunu deməsi, Seymuru qəzəbləndirir və o, biri 5, digəri 8 yaşlı iki uşağının gözü önündə benzini üzərinə tökərək Nərgizi yandırır. Nərgizin böyük oğlu Əli  anasına kömək etmək üçün ona tərəf qaçsa da, ana uşaqlarına zərər gəlməməyi üçün özünü balkondan aşağı atır. Bununla da, həm uşaqlarını yanmaqdan xilas edir, həm də bütün bədənini bürüyən cəhənnəmdən xilas olur.

Qucağında böyütdüyü Nərgizin belə faciəli ölümünü eşidən xala ağlaya- ağlaya 10 il əvvəli yadına salır. Onda Nərgizin 16 yaşı var idi. Nərgiz üçün qapıya Seymurun valideynləri elçi gəlmişdi. Nərgizsə, 10-cu sinifi yeni bitirmişdi. Evlənmək istəməsə də, bir yandan anası, bir yandan atası, bir yandan xalası ona eyni sözləri demişdilər: “Vaxtında ailə qur. Evini- eşiyini tanı”. İndi xalanın öz səsi öz qulağında cingildəyirdi: “Evini-eşiyini tanı”.

Bu günsə, Nərgizi son mənzilinə yola salmışdılar. Artıq onun evi də , eşiyi də  qara torpaq idi. Bəlkə də, bu izdivacda ən günahsızı Nərgiz idi, lakin hamının günahının bədəlini o ödədi, bir də onun anasız qalmış bədbəxt övladları. Nə arzuları vardı Nərgizin?!. Bir sən bilirsən, ilahi. Bir də onun göylərə qalxmış ruhu.

Seymur həbs olundu. 2 uşaq isə həm atasiz, həm anasız qaldılar. Onların ata-ana deyəndə ağlına gələn tək şey analarının vəhşicəsinə yandırıldığı o gün oldu. O qara gün uşaqların da həyatını qaraltdı. Gözləri önündə yanıb kül olan anasını görən Əli dəlidən fərqsiz olmuşdu. Balaca qardaşı Ənvər isə elə hey ağlayırdı. Seymurun ata-anası uşaqlara yaxın durmadı. Uşaqları Nərgiz dəfn olunan gün Səbinə evə gətirdi. Qızını yenicə torpağa qoymuş ananın ən böyük fəlakəti bəlkə də bu uşaqlar idi. Onlar öz balasının canından bir parça olduqları kimi, balasının qatilinin canından da bir parça idilər. Nazilə nə edəcəyini bilmirdi. Səbinə isə qərarını çoxdan vermişdi. Nərgizin uşaqlarını yetimxanaya vermək olmazdı. Axı o uşaqlar həyatdan nakam getmiş bir ananın son yadigarları idi…

Nərgizin 7-si çıxdıqdan sonra Nazilə Səbinə ilə uşaqlar haqqında danışmaq üçün onu evə çağırdı. Bu zaman Ənvər və Əli həyətdə idi.

Nazilə Səbinəyə hıçqıra- hıçqıra  dedi:

-Mən bu uşaqları burda görməyə dayana bilmirəm.

Səbinə cavab verdi:

-Ana, unutma ki, Nərgizi onunla evləndirən siz olmusuz. İndi onun uşaqlarını yetimxanaya göndərmək Nərgizin xatirəsinə xəyanət etmək deyilmi?

Ana göz yaşlarını tuta bilmirdi. O da yaxşı bilirdi ki, bu uşaqların heç bir günahı yoxdur. Amma onu da bilirdi ki, qızının da bir günahı yox idi. Amma indi torpağın altındadır. Nazilə bu məsələylə bağlı son qərarını vermək üçün Nərgizin qəbrinə getdi. Bir neçə saat qəbrin üzərində ağladı. Və sonra qızının məzarı ilə danışmağa başladı:

  • Sənə söz verirəm, övladlarını özüm böyüdəcəm. Onlara səni əvəz edə bilmərəm. Amma onlarda mənə səni əvəz edə bilməz…

Bəlkə hələ ana çox söz demək istəyirdi, amma deyə bilmədi. Dili söz tutmadı. Axı asan deyildi nə bu qərarı vermək, nə də 26 yaşında övladını torpağın qoynuna vermək.

Nazilə evə gəldi. Və o məzar başında qızına söz verdiyi kimi də elədi. Övlad yerinə sinəsinə daş basmadı. Nərgizin övladlarını  bağrına basdı. Nərgizin böyük oğlu Əli 5 il psixoloji müalicələr aldı. Nə Nazilə, nə də Səbinə bir gün belə Əli və Ənvəri günahlandırmadı. Onları Nərgizi sevdikləri qədər sevməyə çalışdılar. Nazilə hər dəfə onları bağrına basanda sanki qızının yerinə qucaqlayırdı onları. Həm uşaqlar nənəsindən ana qoxusu alırdı, həm də Nazilə onlardan öz balasının qoxusunu alırdı. Amma nə övladları, nə də anası bir daha Nərgizi qucaqlaya bilmədi, bir də onun səsini eşitmədilər.Nazilə bir dəfə belə olsun uşaqları atalarına qarşı düşmən kimi yetisdirməyi ağlından keçirmədi. Əksinə o, Əlinin müalicəsi bitdikdən sonra, həmin evi satdı. Başqa bir şəhərə köçdülər. Bu fəlakəti uşaqların unutmağı üçün Nazilə əlindən gələni elədi. Əslində Nazilənin tək məqsədi öz nakam balasının balalarını nakam ölümdən qorumaq idi. Axı o, bir övladını torpağa vermiş, onun nəfəsini bu uşaqlarda tapmışdı. Onun bir də gücü çatmazdı bu körpələri itirməyə.  Uşaqların oxuması üçün nənə əlindən gələni elədi. Çünki Nazilə öz qızının qatili kimi cəhaləti gördü. Əgər onun qızı və yeznəsi oxumuş olsaydılar, gənc yaşda, dərk etmədən ailə qurmasaydılar, bəlkə də hər ikisi üçün həyat tamam başqa olacaqdı. Nərgiz gənc yaşında qara torpağın, Seymursa, həbsxanaların övladı olmayacaqdı. Bəlkə də, nə Nərgiz, nə də Seymur övladlarından ayrı qalmayacaqdı. Bu bəlkələrin cavabını artıq heç kim verə bilməzdi. Heç kim zamanı geri döndərə bilməzdi. Amma Əli və Ənvər üçün gec deyildi. Onları bu fəlakətlərdən qorumaq olardı. Və Nazilə bu yolu tutdu.  İndi Əli həkim, Ənvərsə, çox savadlı bir mühəndisdir.  İllər ötüb keçdi, bu fəlakət unuduldu, hamı qaldığı yerdən həyatını yaşamağa davam etdi. Nazilədən və bu iki uşaqdan başqa. Min illər ötsə belə, onların həyat saatı Nərgizin öldüyü həmin saatda ilişib qalacaq. Qəlbləri Nərgizin məzarında atacaq.

Müəllif: Elnurə Əflatun