Qadın xəyanəti 3
Komparativist yanaşma. Həm Aytmatovun, həm Əfəndiyevin yaradıcılığında qadınlar fədakar, sevgiyə möhtac, azadlıqsevər biri kimi təsvir olunur. Dövr və zaman keçsə belə istər Azərbaycan, istərsə də türk dünyasında bu mövzu daim aktualdır. Düzü, hər iki əsər çoxları tərəfindən birmənalı qarşılanmır, əlbəttə ki qadın qəhrəmanlarına haqq qazandıranlar da az deyil. Hər insanın bir həyat pəncərəsi var və hər kəs fərqli tərzdə bu pəncərəyə baxır. İnsan üçün ən dadlı şey ümiddir. Hər zaman həyatın çətinliklərilə qarşılaşırıq, xoşbəxt, səadət dolu firavan həyata qovuşacağımız günü ümid edirik və bu ümidlə də yaşayırıq. Bəzən bu yolda qorxu hissi, inamsızlıq, qınaq insanı geri addımlamağa sövq edir. Qorxu adlı o dəhşətli hiss qorxunun özündən daha güclü hisdir. Xatirələr insanı daima izləyir və keçmişlə bugünü birləşdirir. İnsan ömür boyu gözlədiyi və gözləmədiyi nə varsa,hamısını şübhəsiz yaşayır. Yaşadıqlarının bəzilərini yaddaşından silmək istəyir,bəzilərini də unutmamaq üçün daima xatırlayır. Elə hadisələr də yaşayır ki,o, bütün ömrü boyu yaşayacağı ən böyük həyat hekayəsi olur. Qəribə səslənməsinə baxmayaraq, həmin hekayədən bir dərs alır və təcrübə qazanır. Yaşadıqlarının təsirində çıxa bilmirsən. İnsan ilkləri heç vaxt unutmur, ən əsası ilk sevgini də. Bəlkə də bu, hər iki qadın üçün ilk sevgi idi və ona qədər isə yaşadıqları bir həvəs, aldanış, güman imiş.
Qadın nə istəyir?
Hər iki əsərin qəhrəmanı kənd mühitindən çıxmış, orta təhsilli bir qadındır, sevgidə bəxtləri gətirməmişdir. Biri öz istəyilə ailə qurmuş və ərinin yalnız cismən yaxınlığını hiss edən ,digəri isə əvvəldən razılıq verməyən və ərindən onu uzaq məsafələr ayıran bir qadın. Səriyyə Adilin ailəsinə layiq olmadığına görə ailəsi onu qəbul etmək istəmirdi. Cəmilə isə özü kimi birinə getmişdi və Sadığın ailəsi də onu sözsüz, qəbul edirdi. Əlbəttə, ali təhsilin də bir önəmi yox idi, Adilin də ailəsi faciə ilə bitmişdi. Səriyyə də həmçinin Adildən təngə gələrək, Qəribə qaçır. İstər Səriyyə, istərsə də Cəmilə “ər” yox , sevgi axtarır və xoşbəxt olacaqlarını güman etsələr də yanılırlar, xoşbəxtliyin pul da deyil, sevgidə olduğunu dərk edirlər. Onlar bataqlıqda idilər, ordan bir güc onları xilas etməli idi. İstər Səriyyə, istər Cəmilə obrazı cəmiyyətə sübut edir ki,arzuların,istəklərin arxasınca getmək üçün heç vaxt gec deyil.Hamının gözündə zəif,aciz kimi görünən Daniyar Cəmiləyə elə cəsarət verdi ki, adi buldozerçi ilə münasibət qurmağı özünə sığışdırmayan Adilə Səriyyə elə dərs verdi ki, onlar sözün əsl mənasında bütün maneələri aşa bildilər. Hər iki müəllif XX əsrdə Azərbaycan və qırğız folklorunun ədəbiyyatının ənənələrini layiqincə davam etdirmiş və ən yüksək mərhələyə qaldırmışlar, insanların ruh halının dərinliklərinə enməklə onları xoşbəxtliyə,sevgiyə aparan yolları qələmlərinin gücü ilə ifadə etməyə çalışmışlar. Əsərlərdə ustalıqla təsvir olunan qadın surətlərinin psixoloji halları və baş verən hadisələr bir-birilə rabitəli şəkildə verilmişdir. Həm Əfəndiyev, həm də Aytmatovun yaradıcılığında rəngarəng qadın obrazlarının bir çoxu canlı, real həyatdan götürülmüşdür. Onların timsalında müəlliflər türk qadınının etnik-milli psixologiyasını oxucunun diqqətinə çatdırmağa çalışmışlar.
Səriyyənin və Cəmilənin seçimləri müxtəlif qadın qəhərmanları ilə paralel şəkildə müqayisə olunmuşdur. Nuriyyə Muradı sevir və sevdiyi insanın ailəsinin dağılmasına razı olmur və ağıllı azadlıq qələbə çalır, öz hislərinə hakim olur, başqa seçim etməyin yanlış olduğunu başa düşür. O, öz dərdini içinə çəkən qızdır, fikirlərini kimsə ilə bölüşmək istəmir. Keçən hər bir saniyə Nuriyyəni Murada daha çox yaxınlaşdırır və onun qəlbini kədər bürüyür, nakam məhənnəti ona əzab verir. Özünün mənəvi rahatlığını təmin etmək, ona işgəncə verən bu sonsuz, sərhədsiz sevgidən yaxa qurtarmaq üçün hislərinə hakim olur, istəsə də Muradın ailəsini dağıtmaq istəmir, öz işlərilə məşğul olur. Nuriyyə xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmağı qəbul etmir və ağıllı azadlığı seçir. Əsərin sujeti mental dəyərlərə söykənir, əxlaq ideyası təbliğ olunur. (“Söyüdlü arx”)
Həsənzadə və Nargilə bir-birlərini sevir,lakin Həsənzadə bu işin imkansız olduğunu anlayır və qızı yaşda biri ilə münasibətin daha davam edə biləcək vəziyyətdə olmamasını başa düşür, ondan imtina etməyə məcbur olur, əlaqəni kəsir. Həmin dövr üçün dul kişinin özündən yaşca ikiqat böyük bir qızla sevgi münasibətləri qəbuledilməzdir. Əsərdə qeyd edilən məhəbbət var,amma bu məhəbbət qüdrətli deyil, düşüncə xaricində kiçik bir hadisə içərisində yaşayan insanlardan bəhs edir. Onların bu yaşadıqlarını sevgidən çox qəmli əhvalat adlandırmaq yerinə düşər. Əsərin hadisələrində fəal mövqeyə malik mərhum həyat yoldaşı Xurşid xanımın xəyalının görünməsi və Həsənzadə ilə dialoqa girib onunla yaşantılarının aşkarlanmasıdır. Əsərdə yaş fərqinə baxmayaraq, oxuculara kədərli məhəbbət əhvalatı təqdim edilirdisə də, digər tərəfdən acı təəssüratlar yaradan nakam məhəbbət göstərilirdi. Başqa bir məqamda isə ilk uşaqlıq sevgisinin təsirindən çıxa bilməyən, bu hislərin qarısını ala bilməyən uğursuz cəhdlərin nəticəsi aydın hiss olunur. Həm Həsənzadənin, həm də Nargilənin ətraf mühitlə öz “mən”i konfliktdədir. Yazıçı həm qəhrəmanlarını düşüncələrilə bir nöqtəyə gətirir və eyni ustalıqla da ayırır. Əsərin obrazları arasındakı sevgi var, bu, danılmazdır,onlar eyni zamanda yalnızlıq sindromundan əziyyət çəkirlər, ruhi sarsıntılar içərisində çarpışırlar. Həsənzadə bu mübarizənin bihudə olduğunu anlayır və yavaş-yavaş Nargilədən uzaqlaşmağa başlayır. (“Sən həmişə mənimləsən”)
İlyas Əfəndiyevin yaradıcılığında insan həyatının mənəvi-psixoloji məqamları daha qabarıq şəkildə verilmişdir. Onun bir fərd kimi, şəxsiyyət kimi günlük yaşamı, həyat tərzi, intim duyğuları, keçirdiyi hislər, ağlına gələn düşüncələri, onu cəlb edən meyllər, maraq dairəsi kimi məsələlər ədibin düşüncə obyekti idi. İnsan və onun daxili aləmi, idrakı, həyatına insanın yanaşma tərzi, ətrafını qiymətləndirməsi və ona dəyər verməsi yazıçı maraqlarını müəyyən edən bir meyardır. İnsanın üz cizgiləri, xarakteri, əxlaqının cizgilərinin verilməsi xüsusi ustalıq tələb edir. Zaman dəyişsə belə, insan xisləti dəyişmir. Texnologiya inkişaf edər, insan üçün hər şərait yaradılar, ancaq insanın xarakterini dəyişə bilmərik. Əfəndiyevin “Körpüsalanlar” romanının sujeti adi bir həyat hekayəsindən qaynaqlanır, buldozerçilər xeyirxah iş görərək, körpü salmaq istəyirlər. Yazıçı əsəri sadə dildə versə də, obrazların daxili psixologizmi mürəkkəbdir və personajlara kənardan yox, içəridən baxmalıyıq. Əfəndiyevin “Səriyyəsi” əxlaqın təkmilləşməsi yolunda yeni bir mərhələyə qədəm qoydu , sosialist tipli oliqarx mühitdən imtina etdi, yüksək elitar cəmiyyəti arxada qoyaraq, sevgini seçdi. Əsərin qəhrəmanı da öz “mən”inə haqq qazandırır, xarakterini çəkinmədən dilə gətirir, daxili düşüncələrini sıxılmadan oxucu kütləsinə təqdim edir. Obraz orijinallığı, təbiiliyi ilə seçilir, yazıçı müşahidələrinin nəticə kimi təmsil olunur.
Qırğız ədəbiyyatının bariz nümunələrindən olan “Ana tarla” əsərinini baş qəhrəmanı Tolqanay kənd qadınıdır, yoldaşını sevib evlənib. Oğul övladı Aliman adlı sevib-seçdiyi bir qızla ailə qurur, ancaq bu xoşbəxtlik çox çəkmir , müharibə sel kimi onlardan alıb aparır. Ərinin ölümündən sonra Aliman hislərinə qapılır və çobanla gizli münasibətdə olur. Bütün bunlar Tolqanaya təsir edirdi,o , gəlininin sadiq eşqinə daim inanırdı və bunu oğlunun ruhuna xəyanət hesab edirdi. Həyat anaya ard-arda zərbələr vurur və sonda ana başqasının qanından, canından olan bir uşaqla baş-başa qalır. Cəmilə Səriyyə isə ərləri sağ ola-ola onlara qarşı bomba kimi partladılar və üsyan etdilər. Hər ikisinə müəyyən dərəcədə haqq qazandırmaq olar, baxmayaraq ki bu türk qadınları mental dəyərlərə zidd addım ataraq, qarşılarını kəsə biləcək bütün stereotipləri aşmağı bacardılar. Onlar öz xoşbəxtliyi üçün bunu etdilər. Tolqanay da Cəmilənin qayınanası kimi yumşaq idi, lakin onların gəlinə qarşı mənfi münasibəti də heç nəyi dəyişməyəcəkdi. Səriyyədə dəyişmədiyi kimi…
Eyni zamanda “Əlvida, Gülsarı!” romanı ilə də əsərlərin mövzusuna aydınlıq gətirmək olar. Əsərdə Tanbay-Bübücan xətti sujetin məğzini təşkil edir. Tanabay üçün Gülsarı adlı atın önəmi böyükdür, çünki bu at onların sevgi hekayəsinin, daha doğrusu Tanabayın xəyanətinin şahidi olur. Sanki at da sahibinin bu sevgisini dəstəkləyirdi. Nə at sahibindən, nə də sahibi atdan ayrılmaq istəyirdi. Yeni sədr atı özü minmək istəyirdi. Gülsarını itirindən sonra da Tanabay ilxını buraxdı, bir daha özünə gələ bilmədi.Təsadüfən ilxıda Gülsarını gördü. Atın özü də Tanabaya doğru can atırdı, ancaq yenidən onu yeni sahibinə qaytardılar.
Tanabayın xəyanətini həm sevgiyə xəyanət, həm də fiziki xəyanət adlandırmaq olar. Bu, ziddiyyətlidir. Tanabay ola bilər ki, öz həyat yoldaşını sevirdi, lakin Bübücanı görəndən sonra ona qarşı da qəlbində saf hislər yarandı. Bunu sevgi üçbucağı da adlandırmaq olar. Fiziki xəyanət də hesab etmək olar, çünki kişi üçün bu, məqbul sayılır. Əlbəttə, dinimiz bunu nə qadın, nə də kişi üçün fərz qılıb. Bunun zinadan başqa bir adı yoxdur. Həm Cəmilə, həm də Səriyyə isə istəsə idilər, zinaya yol verər, gizli münasibətlər qurar, gizli eşq yaşayardılar.Onlara isə bu lazım deyildi, ümumiyyətlə qadının fiziki xəyanəti qəbuledilməzdir, burada isə qadınlar təmiz qalaraq, namuslarını qoruyaraq, xəyanət edirlər
Tolstoyun “Anna Karenina” əsəri sujet baxımından oxşardır. Öz səadətini tapa bilməyən , mənəvi ehtiyac içərisində çırpınan Anna da eyni ideyanın daşıyıcısı kimi çıxış edir ,lakin bu iztirab Səriyyə və Cəmilədən fərqli olaraq, Annanın intihari ilə bitir. Qadınları anlaya bilməyən ərləri də iztirab içərisində qıvrılır, geriyə qalan isə onların peşmançılıq dolu günlər, çəkdiyi acılar olur. Ailə əsərdə fəlsəfi məsələ kimi təqdim olunur. Həqiqət həqiqətən də birdir, təkdir, ancaq o həqiqətdən yayınmaq müxtəlif olur. Əsər ailənin müqəddəsliyini ifadə edir, qəhrəmanın atdığı addımı heç kəs anlamaq istəmir. Hər şeyə sahib olan Anna sevgidən məhrum idi və o bu həyatı ilə barışa bilmir, çıxış yolunu intiharda görür, dərk edir ki, müqəssirdir və bu günahı ancaq ölümü ilə yumaq olar. O, ərindən çox şey tələb edirdi: əri onun üçün yaşasın, onu sevsin, qəlbində onun məhəbbətini gəzdirsin, bütün zamanını onunla dəyərləndirsin. Anna sadəcə məhəbbət acıdır, ağlı tox, qəlbi ac. O sevmirdi, sevmək istəyirdi. Bunu bacarmır və sevgi yerinə onda nifrət yaranır. Onun məhəbbətsizliyi faciəsinə gətirib çıxardır. Annanən faciəsində əxlaqın tələbləri, öz dediklərini yeridərək, həyatlarını qurban vermək, yalnış eşq seçimi və özünü bu eşqə qurban vermək rol oynadı. Ən önməli səbəb isə ailə qanunlarının birmənalı şəkildə pozulması, Allaha asi çıxmaqdır. Anna özünə bəraət qazandırır, çünki sevdiyini deyir, lakin bu düzgün deyil. Cəmilə və Səriyyədən fərqli olaraq, Anna hətta ərindən olan övladını çox sevsə belə Vronskidən olan övladını sevmir, çünki ona olan sevgisini bütünlüklə Vronskiyə verib. Vronski onu həm xoşbəxt, həm də sonda bədbəxt edir. İnsan bəzən əlinin çata bilmədiyi şeylərə can atar,sevgi hiss edər və gedər, amalını reallaşdırar. Bəzən də Anna kimi başqasına meyl etsə də Səriyyə və Cəmilə kimi davranır, onlardan fərqli olaraq, məğlub olur, müəllif onu məğlub edir. Çünki Anna-Vronski arasında “məhəbbət” artıq yox idi. Onlar şəhvətlə məhəbbəti qətlə yetirdilər. Fiziki yaxınlıqla əsl məhəbbət bitdi, çünki bu, elə əvvəldən həvəs idi. Yaxınlığa qədər “sevirdilər”, sonra isə artıq uzaqlaşmağa başladılar. Onlar tez-tez həm küsür, həm də barışırdılar, küsülü qalmaqlarına ehtiras imkan vermirdi. Yenə bu həvəs üçün bir-birlərinə doğru addım atırdılar.
Əsərdə yazıçı faciəvi situativ vəziyyət yaradır, Annanın intiharını qismət kimi yox, özünün azad seçimi kimi təqdim edir. O, burada “olum,ölüm” məqamını ortaya qoyur. Dünya ailənin sayəsində əbədi və dəyişməzdir, ailə də çox dərin fəlsəfəyə malikdir. Belə bir söz var ki, tarixi yaradan kişidir, tarix də qadındır, yəni qadını yaradan kişidir. Qadın da tarix yaradır,qadın dünya, bəşəriyyət üçün tarix yaradır, ana olur. Kişi isə müharibənin simvolikasıdır. Məhəbbət elə bir teoremdir ki, onu hər gün isbat etmək lazım gəlir, axıra qədər ilk günlərdəki kimi öz təravətini qoruyub saxlaya bilmir. Ailə həyatında cütlüklər övlad və məişət problemlərilə qarşılaşırlar. Annada isə bu yoxdur. Başqasından bir zamanlar umduğunu indi özündən umur, tələb edir, başqalarına bağışlamaq gərəkdiyin söyləsə də taleyinə qarşı gəlir, özü yoldaşının ona soyuq münasibətini bağışlaya bilmir. O, xəyanət bir kənara biganəliyi, yadlığı, sevgisizliyi bağışlaya bilmir. Müəllif göstərməyə çalışır ki, insanları qınamamaq lazımdır. Hər kəsin qüsuru var, heş kəs ideal deyil və qınamaq, təqsirləndirmək, ittiham etmək yanlız Ona məxsusdur.
Ürəkdə nifrət yarananda onun ilk düşməni sevgi ,məhəbbət olur. Qəlb sevgi yaranır və onunla qidalanır, sevgi bitdisə, onun yerini nifrət alır, məhəbbət və nifrət bir arada ola bilməz. Olsa, bunun sonu xəyanətlə nəticələnər. Sevməyənin ürəyi ac olur və aclığını nifrətdən, qəzəbdən çıxır. Məhəbbət və şəhvət sevməyən insanı tərk edir və insan nifrətlə baş-başa qalır. Çünki insanın əli nə sevgiyə, ruhunun dincliyinə, nə də şəhvətə, ehtirasa, yəni cisminin dincliyinə çatır. İnsan məğlub olur, əslində nəfsi, ona hakim kəsilən şeytan onu məğlub edir. Səriyyənin, Cəmilənin də çıxıb getməsi, Annanın da intihar etməsi nifrətdən yaranır, qaldıqları mühitdə xoşbəxt ömür gözləmirlər, intihar edərək də insan əslində həyatdan qisas almış olur, qiyam qaldırır, üsyan edir.
Müasir dövrdə də insan sevgisiz yaşamaq istəmir, hamı sevgi axtarır, hamı sevgidən dəm vurur, ancaq əsl sevgini bilmirlər. Onu anlayan yoxdur. Hamə eqosunun əsiridir, özünü sevir, qarşındakını xoşbəxt etmək üçün deyil, özünün xoşbəxtliyi üçün evlənir. İndiki dövrdə sevdiyinin başqası ilə xoşbəxt olmağını qəbul edənlər cəmiyyət içərisində azlıq təşkil. Bəziləri də ailə qurur və bu münasibət də həvəslə bitir, qısa müddətdə cütlüklər arasında Anna və Vronski kimi münaqişələr, konfliktlər yaranır. Bunun sonu ya ayrılıqla, ya da cinayətlə bitir, sonda isə tale yalınız uşaqların üzünə ağlayır. İnsan bu dövrdə məhəbbətsiz yaşamaq istəmir, sevdiyinə boyun əymir, onunla razılaşmır, bir sözlə bu əsr imtina, üsyan əsridir. Bizi məhv edən də bizim eqomuzdur. Əsl faciəliyi də eqo yaradır: eqoist düşüncə, eqoist sevgi, eqoist dəyər, eqoist münasibət, qayğı və s. İnsan hər anını dəyərləndirmək, onun ləzzətini yaşamaq istəyir, düşüncəsiz addımlar atır. Onun seçimləri, hisləri, düşüncələri şüuraltına həkk olunur, təhtəlşüurunda cəmlənir, yığılıb-qalır. İnsanın həyatına bütün bunlar təsir edir, real həyatından yan keçmir.
İnsan daim harmoniya axtarır, olmayanda onu yaratmaq istəyir. İnsan ailədə düzənli harmoniya yaratmalıdır. Səriyyə kimi ərinə nə olursa olsun, hörmətsizlik etməməlidir, Cəmilə kimi ailəsinin qiymətini bilməlidir. Əsl eşq insanı dəyişir, bu dəyişimi isə sevgidən xəbərsiz olanlar qeyri-səmimi qarşılayırlar. İnsan öz sevgisini tapanda artıq xoşbəxt və rahat olur, insan sevəndə səmimi olur,mehriban olur. Buna görə də insan sevəndə ətrafa mütləq bu ülvi hisləri büruzə verir, bunu heç cür gizlədə bilmir. Sevmək hislərə inanmaq, güvənmək deməkdir. Ona görə də sevgi şübhələri, ehtiyatı, vasitəçini sevmir və həmin insanlar da sevə bilmirlər. Insan sevən zaman başqasının sevgisinə inanmır, onu səmimi qəbul etmir. Biz bəzən bizim olmayanlara can atır, bizə dəyər verənləri isə kölgədə qoyuruq. Əsərləri təhlil edərkən görürü ki, insan bəzən sevir yanılır, bəzən qalib gəlir, bəzən peşman olur, amma daim özünə bəraət qazandırır və sevgi mövzusunda belə məlum olur ki, qadınlar daim əzab çəkir, kişilər isə müəyyən müddətdən sonra. İnsan başqasının ağılı, yaxşılığı ilə yox, yaşadıqları, həyat təcrübəsi, ruhu ilə dəyişər. Sevgi olmasa, yaxşılıq, zəhmətkeşlik olmaz. . Və bir də insanı yanlız sevdiyi adam dəyişdirməyə qadirdir.
İlyas Əfəndiyevin əsərlərində insan həyatı, onun ürək çırpıntıları bədii şəkildə ifadə olunub. Əsərlərində, xüsusilə də dramaturgiyasında şəxsiyyət, onun taleyi,ailə-məhəbbət problemi mühüm əhəmiyyət kəsb edib. Obrazların həyata, cəmiyyətə münasibətlərinin, arzu və istəklərinin, sevinc və kədərinin ən kamil nümünələrini yaradıb. İlyas Əfəndiyevin qadın qəhrəmanları işgüzarlığı, zəhmətkeşliyi, milliliyi ilə digərlərindən fərqlənir. Baş verən hadisələri oxuduqca bugünü xatırlayırsan, elə zənn edirsən ki, olaylar bugün və ya srağagün yaşanıb. Dünyada elə hadisələr, insan psixologiyasında da elə dönəmlər, elə məqamlar olur ki, onu saymamaq, ötüb keçmək milli-mənəvi dəyərlərlə ölçülür. Bəzən biz qəhrəmanın istər Səriyyənin, istər Nuriyyənin, istər Zərifənin (“Kənddən məktublar”), istər Nargilənin, istərsə də Cəmilənin seçiminə laqeyd yanaşır və onlara haqq qazandırmaq istəmirik. Şəxsi ləyaqəti, mənliyi olan insanlar başqa seçim də edə bilməzdilər. Nuriyyə öz dərdini içində çəkir, kimləsə paylaşmır, sevdiyi insanın evli olduğunu öyrənir , ağıllı davranır və ondan uzaqlaşır. Onun fərdi psixoloji hislər aləmi daha çox cəlbedicidir. Əlbəttə, bu seçim müasir dövrümüzlə qətiyyən səsləşmir, bir çox qadınlar ailə dağıtmaqda mahirdirlər desək, yanılmarıq. Görəsən Qərib, və ya Daniyar evli olsaydı, o zaman qadınlar nə seçim edərdi?!
Əfəndiyevin yaradıcılığını insan həyatının mənəvi-psixoloji barometri adlandırmaq olar. Yazıçı yaratdığı obrazların simasında əslində Azərbaycan həyatını, qadınlarını, kültürünü ön plana çəkmiş, insan şəxsiyyətlərini universal şəkildə qələmə almışdır. O, insanın ikinci “mən”i və eqoist sevgi anlayışını obrazın simasında(Adil) canlandırmışdır. İnsan sevdiyi hər bir varlıqda-istər canlı, istər cansız özünü axtarır, özünə olan sevgini təzahür etdirir və Adildə özünü, işini sevmiş, hətta həyat yoldaşını belə itirməkdən qorxmuş, qürursuzca, eqoistcə davranmışdır. Həm Səriyyədə, həm Cəmilədə xarakterik xüsusiyyət mənəvi bütövlükdür. Hər iki qadın kor-koranə gözüyumulu “taleyin hökmünə” bağlanmaq, yarımçıq qərarlar kimi mənəvi düşgünlüklə razılaşmırlar, vərdişə, stereotipə, adət-ənənəyə söykənən “birgə yaşayışdan” deyil, daha gözəl və geniş mənalı ailə, sevgi, əxlaq münasibətlərini təsvir edir və sujet boyu bu əxlaq, sevgi məfhumunun daşıyıcısı kimi çıxış edirlər. Eyni zamanda seçim etməkdə də azaddırlar. Məsələn, Səriyyə kimi, Cəmilə kimi, Seyit kimi. O da Cəmilə kimi seçim edir və rəssam olur. Aytmatovun da ən böyük uğuru budur. Əfəndiyev də həmçinin, göstərir ki, qadın sevgisizliyi bağışlamır və sosialist tipli kübar mühitindən də çıxsan, sən sevgi vermədinsə, heçsən və əsl məğlubiyyəti sən yaşamısan , çünki həyat səni məğlub edib, iş həyatındakı məğlubiyyət bunun yanında heçnədir. Əfəndiyevin də nail olmaq istədiyi bu idi və bacardı.
Həm Aytmatovun, həm də Əfəndiyevin yaradıcılığında yeni həyat materialı və həyata tənqidi münasibət, insan mənəviyyatı, insana daxili baxış-içəridən baxış, onun buxovlanmış, qəliblənmiş xəyalları, arzuladıqları həyat, emosiyalarının, hislərinin ədəbiyyata gətirilməsi ən güclü və mükəmməl şəkildə öz əksini tapır. Əsər qəhrəmanları arzu ilə borc arasındakı ziddiyyətlə qarşılaşır, mənəvi ləyaqətlə dilək arasında qalır, bəzən arzularından imtina edir, əxlaq kodeskləri ilə yaşayır(Nuriyyə), bəzən də arzularının arxasınca gedirlər və öz səadətlərinə qovuşurlar. Həm “Körpüsalanlar”da, həm də “Cəmilə”də arzu və istək əsərin özəyini təşkil edir. Burada əsas tədqiqat obyekti daxili “mən”in həyatı və “şüur axını” ədəbiyyatının təsviridir. Obrazların keçmiş həyatı, onların xatirələri, uşaqlıq illəri, böyüyüb boya-başa çatdıqları ailə mühiti və s. əsərdə öz əksini tapmışdır. Müəlliflər qəhrəmanların psixoloji aləmində təzahür etmiş xırda nüansları, ən incə məqamları gözdən qaçırmır, insan qəlbinin dərinliklərinə enərək konkret mühitdə, situasiyada konkret obraz yaradır. Sevgi problem, “cütlüklər” arasındakı anlaşılmazlıq onların fərdi-psixoloji təfəkkürü haqqında fikir yürütməyə imkan verir. Daxili tərəddüdlər, psixoloji xatırlamalar, ziddiyyətli toqquşmalar, konfliktlər, obrazların iç dünyasındakı söhbətlər əsərlərin psixologizmini təşkil edir. Qəhrəmanın biri məntiqlə və sevərək, ailə qurubsa, digəri ya “intiqam”, ya da güman ki qoçaqlığını, cəsurluğunu sevərək, mental dəyərlər naminə ailə qurub. Qədim zamanlarda-Dədə Qorqud dastanında qadınlar kişilərlə yarışar, at çapar və kişi qalib gələrsə, onunla ailə həyatı qurarmışlar. Burda isə qadın şücaəti, qadının “igidlik göstərməsi” aydın şəkildə ifadə olunub. Əslində yazıçılar ortaya çıxarıblar ki, qadınla incə rəftar edin, sayın, saydırın, hörmət edin, kobud davranmayın, o, sizin ömür-gün yoldaşınız, evinizin xanımı, gələcək övladınızın anasıdır. Burada həm qadının, həm də kişinin fərdi taleyi dolğun şəkildə əks olunub.
(Ardı var)
YAZAR: Sərvanə Qarabağlı