Qadın xəyanəti 3 (ardı)

Hər iki əsərdə ideal ailə mövzusu, ailə ideyası təsvir olunmuşdur. Bizim fikrimizcə nə “Körpüsalanlar”da, nə də  “Cəmilə”də ideal ailə anlayışından söhbət gedə bilər.  Bütün doğru yolda olan adamlar eyni cür xoşbəxtdirlər, çünki onlar əlində fənər həqiqət axtarışındadırlar və həqiqəti tapıb onunla yaşayırlar. Doğru yoldan çıxmaq isə ilk növbədə ailə müqəddəsliyini pozur və konliktlərə gətirib çıxarır, insanların bədbəxtliyi də buradan qaynaqlanır.  İlk növbədə həm məhəbbətin “qatili”, həm də ailə münasibətlərinin bitməsinə zəmin yaradan şey xəyanətdir. Bəzən düşünürsən ki, ailəni quran insandır və onun bitib-bitməməsini, bir sözlə müqəddəratını insan həll edir, ixtiyar sahibi insandır, lakin bu, formal olaraq, elə görünür. Ailəni yaradan Allahdır, cütlüklər Allah qarşısında and içərək, bir-birlərinə qarşı sadiq qalacaqlarını bəyan edirlər, amma insanın həyatında elə bir külək əsir, elə bir fırtına qopur ki, bu andı udurlar. Çox qadın ya bunu önəmsəmir, ya da vicdan əzabı çəkərək, intihara əl atırlar.  Belə bir söz var ki, maqnit dəmiri özünə tərəf çəkmək istəyir,ancaq bunu bacarmayanda dəmirə nifrət edir. Səriyyə də, Cəmilə də məhəbbət hərisi idilər, onlar sevgi istəyirdilər, sevmirdilər, sevən qarşılıqsız , bəhanəsiz sevər. Sevə biməyəndə də nifrət edirlər, çünki bunu bacarırlar, sevgi çətin yaranır, nifrəti isə qısa müddətdə, bir anın içində də yaratmaq mümkündür. Cəmilə həm də arxasında dağ kimi dura biləcəyi bir kişi, güvənə, gizlənə biləcəyi bir varlıq axtarırdı. Cəmilə əri yanında olmayanda əsl kişinin nə olduğunu dərk edir, əsl sevgi nə imiş, o da nə axtarırmış, anlayır.

Rus ədəbiyyatının parlaq nümayəndəsi Puşkin “Yevgeni Onegin” əsərində Larina Onegini sevir, ailə həyatı belə Onegini ona unutdurmamışdı. Onegin ona yenidən başlamağı təklif etsə də, o, bunu rədd edir, evli ola-ola ərinə xəyanət etməyi öz mənliyinə sığışdırmır, Nuriyyə kimi ağıl azadlığını seçir. Səriyyə və Cəmilə, hətta Anna isə..Seçimin tam əksini seçirlər, düzgün adam seçdiklərinə görə uduzmurlar, hər halda müəlliflər bunu əsərdə təsvir etməyiblər, Anna isə uduzur və həyatını intiharla bitirir.

Əgər Səriyyə və Cəmilə seçimlərində yanılsa idi, hansı addımı atardılar?

Səriyyə peşman olardı, amma qüruru izn verməzdi, geri qayıda. Cəmilə isə heç vaxt peşman olmazdı, hansı əzabı çəkir çəksin, təki Sadıqdan uzaq olsun.

Məhəbbəti öldürən nədir?

İlk növbədə məhəbbəti öldürən şəhvət adlı sağalmaz xəstəlikdir. İki gənc bir-birlərini “sevir”, lakin onlar arasındakı məhəbbət fiziki yaxınlıqdan sonra bitir. Həm Cəmilədə, həm də Səriyyədə olan hislər həvəs, şəhvət, ötəri hislər deyildi. Səriyyə sevgi, mənəvi azadlıq axtarırdı, varlığını hiss etdirən bir kişi axtarırdı, hansı ki ona qayğı göstərsin, ona vaxt ayırsın. Cəmilənin əsas arzusu isə onun arxasında olan, onun bu həyatda tək olmadığını göstərən birinin mövcudluğu idi. Onlar ehtiras arxasınca qaçsa idilər, qısa müddətdə özlərini təslim edərdilər. Vronski özünəvurğun, eqosentrik fərddir, daim özünü düşünür, ancaq sonradan başa düşür ki, Karenindən də-Annanın ərindən də aşağıdadır. Burada isə Adil –Səriyyənin əri özünü Qəribdən yüksək mövqedə hesab edir, çünki o, rəisdir,istədiyi hər şeyi əldə etməyə qadirdir. Qərib ruhən deyil də cismən Səriyyədən qaçırdı, Adil isə Səriyyənin cismən onun yanında olmağı ilə təsəlli tapır, qabaqdakı “məğlubiyyətinin” fərqində deyildi. Daniyar isə sevdiyi qadına həm ruhən, həm də cismən yaxın idi,o, buna can atırdı. Vronskidəki isə tamamilə ehtirasdır, Annanı əldə edir və hər şey bitir. Anna bunu dərk edir, ərinə qarşı etdiyi səhvi anlayır və çıxış yolunu ölməkdə tapır.

Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Səriyyə ilə Cəmilə də mühafizə edə bilmədilər, çünki qılıncları yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc verdi. Adilin qılıncı, bütün gücü-qüvvəsi isə işinə yönəldi və “qala” yaddan çıxdı. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu.  İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir.  Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.

Əgər qadın ərinin qarşısındakı öhdəlikləri yerinə yetirməkdən imtina edirsə,bəs analıq öhdəliyi necə olacaq? Ana olmaq Səriyyə və Cəmiləni bu yoldan çəkindirərdi mi? Qəlbdə bəslənən eşq övlad eşqindən yüksəkdə mi dayanır?

Hər bir ana üçün övlad əvəzsizdir, övladdan başqa insanda yaranan sevginin qarşılığı yoxdur. Səriyyə və Cəmilə övladlarına görə bəlkə də analıq hissi onlara hakim kəsilərdi, övladlarını qoyub gedə bilməzdilər, dözərdilər, getsə idilər də tək əsla getməzdilər.  Aqşin Xəyalın “Mənim erməni oğlum” əsərində belə bir ziddiyyətli situasiya mövcuddur: Xocalı əsirliyindən qayıdan gənc qız erməni dığasından hamilə olduğunu öyrənir və içindəki insanlıq, ilk növbədə də analıq hissi onu uşağı tələf etməyə qoymur, cəmiyyət qınağı, ona göstərilən təzyiqlər, təhqirlər gənc qızın acı taleyini daha da acınacaqlı vəziyyətə çevirir. Qadın ana olan zaman hər şeyi unudur, hər şeyi bağışlayır.

XXI əsr insanın eşqsiz yaşamaq, həvəsə, ötəri hislərə bağımlılıq, istəmədiyi şeyləri əldə etmək, arzularına çatmamaq əsri kimi qiymətləndirilir. Bu əsrdə böyüyən gənclər indinin ləzzətini yaşamaq istəyir,ömrün, günün, saatın deyil, bircə anın dadını çıxarmaq istəyirlər. İnsan xoşbəxt olacağı ümidilə bədbəxt yaşayır, məhəbbətə, rahatlığa can atırlar, birdən bir-birlərinin arxasınca üz çevirirlər. İnsan öz həyat yoldaşını sevməyəndə onun cismani eyibləri daha çox diqqət mərkəzində olur, tək cismani deyil, xarakterində də qüsur axtarır.

Səriyyə və Cəmilə sevmədi deyə mi ərlərində qüsur axtardılar və bəhanə ilə evi tərk etdilər?

İnsanın qəlbində sevgi hissi yarananda qarşı tərəfin cismani harmoniyasını, uyğunluğunu duyur, sevməyəndə isə disharmoniya yaranır və qarşı cinsdə bir eyib axtarır. Beləliklə, harmoniya yaratmaq istəyir, olmayanda münasibətlər pozulur. Əvvəl bəlkə də yoldaşında sevdiyi eyibləri indi ikrah hissilə qarşılayır. Səriyyə ərinin xarakterinə bələd idi, lakin bu, onda o qədər diqqəti çəkmir, əksinə Adili ideal bir ər hesab edirdi. Adil isə öz ruhi harmoniyasını işində, karyerasında tapır, ailəsində yox, daim eqosentrik davranışı, “mən-mən deyə lovğalanmağı”, həyati, ruhi disharmoniyalı sözləri, kəlmələri Səriyyəni bezdirir, darıxdırırdı, bəlkə də ümidi var idi ki, bu həyatdan nə vaxtsa yaxa qurtarar.  Zaman isə tərsinə işləyir, tale onu Qəriblə qarşılaşdıraraq, həyat axarını dəyişir, əsl sevgini onda duyur . Cəmilə isə yaşı az, işi ağır olduğundan sevgini dadmamışdı və düşünürdü ki, həyat ancaq yaşadığı kimidir və insanın başqa seçimi yoxdu. Düzdür, Cəmiləni qismən haqlı hesab edirik, haqsız tərəfi o idi ki, onun əri Adil kimi işində, karyera dərdində deyildi. Sadıq müharibəyə yollanmışdı və bu da məcburi idi, Cəmilə ölümlə üzbəüz vuruşan ərinə bu cür zərbə endirməməliydi, lakin həyat ona elə zərbə endirdi ki, o artıq tab gətirə bilmədi, tükəndi. Daniyar isə ona yeni, rəngarəng, həyat dolu bir “seçim təklif etdi”, “ona yol açdı”.  O artıq əsl sıxıcı həyatından xilas oldu.

Səriyyə Cəmilənin yerinə olsa idi, müharibədə vuruşan ərini gözləyərdi mi? Bəs Səriyyənin yerində Cəmilə olsa?

Qadın elə bir varlıqdır ki, onu bağlı qapı arxasında da saxlasan, o yenə gedəcək. Həm Səriyyə, həm də Cəmilə qayğı, diqqət, robot həyatdan uzaq bir qəlb, ruh axtarırdı, ərlərini həm müdafiə, həm də ittiham edirdilər, lakin bu müdafiəni axıracan özləriə rəhbər tutmağı bacarmırlar, çünki istər qadın, istər kişi istəmədiyi, sevmədiyi, harmoniyasını, ahəngdarlığını duymadığı heç bir varlığı sonuna qədər müdafiə edə bilmir, qorumağa müvəffəq olmur. Sevgi insanı dəyişir,bu zaman insan xoşbəxt, səmimi olur, ətrafa münasibətini, sevincini, hətta kədərini, iztirablarını, darıxdığını, hiss və emosiyalarını gizlədə bilmir. Və yorulur, özünü deyil də, sevən qəlbini göstərmək istəyir və bu sevən qəlbin qarşılığını tələb edir. Birinə bağlandıqca, həyat yoldaşının ona olan sevgisinə inamı itir, hətta ona nifər hissilə baxır. Sevgi hislərə inam deməkdir, insan birini sevəndə ilk öncə duymaq, hiss etmək, sonra isə inanmalıdır, inam hissi qəlbində formalaşmalıdır. Bəzən ehtiyat edirsən, ağlına vəsvəsəli fikirlər gəlir və sevə bilmirsən, hətta fiziki xəyanət-zina edirsən. Bəzən də inanmırsan, bezirsən, yorulursan və başqalarının yanında təsəlli tapırsan, başqaları ilə ovunursan. Səriyyə və Cəmilə kimi.. Elə olur ki, bədbəxtliklərini, çətinliklərini məhəbbətin ilk çağlarında yaşayırsan və qabaqda səni sonsuz xoşbəxtliklər gözləyir. Adil və Sadıq da bəlkə də buna görə bədbəxt olur, çünki onların bədbəxtliyi yaşanılmayıb, artıq yaşanılacaq.  Cütlüklər məhəbbət naminə öz hislərini qurban verirlər, evlilik həyatı üzlərinə taleyin ilk qapısı kimi açılır, seçim şansları da çox olur. Digər “cütlüklər” sevgidən son şans, son qapı kimi yararlanır və getməyə yolları, açmağa bağlı qapıları qalmır və bədbəxtlik fırtınasına tuş gəlirlər. Elə kişilər var ki, öz səadətlərinə xidmətdən, elələri də var ki, öz səadətlərindən həzz almaqdan zövq alırlar. Bu tip düşüncələr qadına və həyata münasibətdə şübhəsiz dəyişir. Cəmilə real şəxsiyyət idi,Səriyyəyə isə biz real surət, real insan kimi yanaşaraq, əsərlərdə çözülməyən məqamları araşdırır və real həyatla müqayisə aparırıq. “O olmasaydı, bu olmazdı” fikri daim hakim kəsilir və insan nəyinsə imkansızlığını səbəblərə bağlayır. Görəsən,  Adil başqa cür davransa idi, işinə az vaxt ayırsa idi, Sadıq müharibəyə yollanmasa, və ya öz yoldaşını intizarda qoymasa idi, onların taleyi dəyişərdi mi?!

Həyat insanın ömrünü duymaq istəmədiyi kəlmələrlə, arzulamadığı olaylarla doldurur, insan bir an bu xaosdan qurtulub azad olmaq, əbədi səssizliyə qovuşmaq istəyir. Cəmiyyə qadını çox vaxt həyatda olduğu kimi əsərdə də ikinci, epizodik qəhrəmana çevirir, hüquqlarını, mövqeyini, insanın həyat cövhəri, hər şeyi olan azadlığını əlindən alır, elə ki qadın xəyanət edir, ismətinə söz gəlir, onda baş qəhrəmana çevrilir, hətta onun yollarına qırmızı xalçalar sərilir, bir sözlə “başdan otuzdururlar”, elə bil qadın adlanan varlıq vardı və indi varlığı hiss olunur. Ya Cəmilə kimi tənələrə baxmayıb, cəmiyyəti düşünməyib özünü bədbəxt etməməli, ya Səriyyə kimi usanıb həyat yolunu dəyişdirməli, ya da vaxtilə səni kiçik görən cəmiyyətdə etdiyin “böyük” səhvlərə “mövqe” tutaraq, yaşamını davam etdirməlisən! Səssiz-səmirsiz.. Bəzən də bezərsən və suisidə -intihara əl atarsan, lakin sən bunu seçərkən ilk öncə sənin ruhun, mənliyin, xəyalların, arzuların intihar edər, sonra isə cismin.Günahı insanoğlu günahla yumağa çalışır. Ən asan yolu insana ağır günahları öyrədir, ən çətin yol isə mənəvi kamilliyə çatmağı. Gərək yaşamaq naminə etdiyimiz səhvləri, günahları yaşayaraq düzəldək, bəlkə də Allah bunun üçün bizə ömür fürsəti verib ki, ömrümüzü mənalı dəyərləndirək, intihara, yalnış seçimlərə, haram yollara əl atmayaq.  Cəmiyyətin də Səriyyə, Cəmilə kimi mübarizə aparanlara, polad kimi əyilməzlərə, öz haqlarını tələb edən, fikirlərinin, amallarının arxasında duranlara ehtiyacı var. İnsan günah edir məntiqsiz, cəzanı çəkir məntiqli, ailə və eşq həyatını quruca bir ad uğrunda yaşayır və bu ad onun ölüm labirintinə çevrilir. Həyat insanı ənənəvi olaraq, bildiyimiz 2 mühitdə birləşdirir: şəhər və kənd həyatı. Şəhər həyatı insan özünə bağlayır, kənd isə özünü insana qurban verir, özünü ona bağışlayır, kənddə asudə vaxt çox olur və insan sevdiyi haqqında daha çox şey düşünür.  Səriyyə və Cəmilə də kənd mühitində yaşayırdılar, kənddə böyümüşdülər. Kimisini dini və rəsmi nigah, kimisini də sevgisi kişiyə bağlayır. Səriyyənin Adilsiz, sıxıcı, asudə vaxtları onun Qəribi düşünməsi üçün əsl fürsət idi, Cəmilənin isə boş vaxtı yox idi, kəndin ağır işləri onun qəlbinə də ağırlıq verirdi, müharibə tək Cəmiləni deyil, digər kənd qadınlarının da arzularını kilidləmişdi, öz təsirini yenə də göstərirdi, müharibənin dəhşətləri gənc qızı mənən çox incidirdi, ta ki illərdir, gözlədiyi sevgisinə-Daniyarına qovuşana qədər.Bu əsər həyatı ədəbiyyat səviyyəsinə qaldırmış, onun fövqündə vermiş şedevr əsərdir. İnsan bağ salır, gül əkir və ona qulluq edir, gül böyüyüb çiçək açır, pardaqlanır, sonra isə bir vəhşilik, çatışmazlıq duyur və onun daha da pis olacağını, solmağını düşünərək, gül hələ solmamış ona qarşı bütün ümidlər ölür. İnsanın sevgiyə görə atdığı addımlar onun ruhuna, daxili istəyinə doğru atılmış addımlardır və ruhlarının tələb etdiyi üçün istəklərinə, duyğularına verilən cavabdır. Eşq ikibaşlı zövq qaynağıdır və hər kəsin həyatına yeni rəng verir, inad dolu yaşanan macəra və həyatın yenidən vüsət almasıdır, sonsuzluğun zamandan yan keçməməsidir, sevən zaman sanki bu həyatın heç vaxt bitməməsi, zamanın sonsuzluğudur.

Şübhə saf hislərin qənimidir, Adil və Sadıq ailə çətinliklərilə qarşılaşanda qarşı cinsə verilən sualları özlərinə vermir, cavabları özlərində axtarmır. Özlərinin etdiyi səhvi tapa bilmir, çarəsiz durumla qarşılaşırlar, qətiyyətsiz davranırlar.  İstər evlilik, istərsə də eşq həyatında ilk növbədə xoşbəxtliyin vacib şərtlərindən biri doğru sual və doğru cavabdır.  Hansı ki baş vermiş gözlənilməz bir hadisədə günahkar axtaran şəxs otağa daxil olur və hər kəsə müqəssir gözü ilə baxır, necə ki özündən, öz ağlından, ən əsası da qəlbindən xəbərsiz insan bu cür davranır, öz varlığını, yəni öz günahını  unudur. Bəzən sevənlərin, və ya ailə quranların qəlbini şübhə hissi bürüyür, azadlıqlarını sevgilərinə qurban verirlər, sonra isə azadlıq istəyir, buxovdan xilas olmağa can atırlar. Azadlıq öz gücünü sevgidə nümayiş etdirir. “Cəmilə”də də müəllif sevginin yaddaşını təzələyir və onu insan həyatında önəmli vasitə hesab edir, sevgisi, arzuları donuq olan Cəmilə kim gənc qızların əritdiyi buzları, apardıqları mübarizəni, göstərdikləri əzmkarlığı sübut etməyə çalışırdı və istər Aytmatovun, istərsə də Əfəndiyevin yaradıcılığında insanın mənəvi yüksəlişi, məziyyətləri ön planda idi. Aytmatovun yaratdığı obrazlar yenitiplidir, bəzən qəhrəmanlara haqq qazandırmaqda tərəddüd edirsən. O, yaratdığı obrazların zahiri və daxili aləmlərini təsvir etməklə kifayətlənmir, eyni zamanda həmin mühitin dağlarına, yaşayış şəraitinə, mədəniyyətinə də nəzər salır. Beləliklə, türkün düşüncə tərzi, ruhu, xalq psixologiyası, ətraf aləmə yanaşma tərzi aydın şəkildə ifadə olunur.  İnsan bəzən bağışlamağı öz hislərinə təhqir kimi qəbul edir və düşünür ki, qarşı tərəf bu xeyirxahlığa layiq deyil, bəzən insan səhv edir və bağışlanmaq istəyir. Alman yazarı Ştefan Sveyq novellalarında xəyanət mövzusuna toxunaraq, bağışlamağın tərəfdarı olmuşdur.  Əsərin baş qəhrəmanı Frau İrene hər şeyi ola-ola ərini kasıb birinə dəyişir və sonda qorxu hissinə qapılır, əri də ona anlayış göstərir, xəyanətini bağışlayır.(“Qorxu”) Digər novellasında təsir altına düşən ana Baron adlı birinə özünü təslim edir və övladından bu sirrin arasında qalmasını xahiş edir.(“Dəhşətli sirr”) Ümumiyyətlə, Sveyq qadının çəkdiyi əzablara, onun etdiyi xəyanətə bəraət qazandırır və kişilərin də qadını anlamasını tələb edir. İnsan bağışlanılan zaman ruhi sakitliyinə qovuşur, sonra isə əzab çəkir, insan xəyal qurur və sevəndən sonra gerçəkləşdirmək istəyir, lakin bu, mümkün olmadıqda ümidləri qırılır, arzuları yarımçıq qalır. Sevgi xəyalların bölüşməsidir, insan sevdiyindən ayrılanda bu, dözülməz olur, çünki onun iki dünyası dağılır: xəyal və real dünyası. Həyatın elə anı olur ki, insan nə bağışlanmaq  istəyir, nə də günahlandırılmaq.

İstər “Körpüsalanlar”, istərsə də “Cəmilə” əsərləri məhəbbətdən əlavə həm də  sırf sovet ideologiyasını tərənnüm edirdi, əsər ilk baxışdan soveti tərifləyirdi, ona uyğun olaraq, çıxış edirdi, lakin əsərdə bir kinayə, bir sarkazm vardı. Müasir dövrdə o əsərə bir gənc olaraq, müasir prizmadan yanaşaq, görərik ki, “müsbət qəhrəman” kimi təqdim etdikləri obrazların altında bir həqiqət yatırdı. Əsər yazılıb və müəllif onu bizə müsbət qəhrəman olaraq, təqdim edib, amman onun möhrünü vurmayıb. Bugün müasir ədəbiyyatımızda müsbət və mənfi qəhrəman anlayışı yoxdur, necə ki insan öz xarakterində həm mənfini, həm də müsbəti birləşdirir. Sadəcə olaraq, biz insanlara müəyyən ölçü əsasında yanaşırıq. İnsanları rəqəmlərlə müqayisə edərək, deyirik ki, rəqəmlərə bənzəyər və vəziyyətlərinə görə dəyər qazanarlar.  Yaxşı və pis insan olaraq görməyimizin də səbəbi müsbətlə mənfinin qədərinin, nisbətinin olmasıdır.  Bu qədər geniş yaradıcılığa sahib bir müəllif ola bilməz ki, öz zəmanəsinə qarşı bu qədər laqeyd, baş verən hadisələrə qarşı bu qədər gözübağlı olsun. O, yazmalı olduqlarını yazıb və bütün bunların da altında bir həqiqət var və bu həqiqəti görmək bizim payımıza düşür.

 

YAZAR: Sərvanə Qarabağlı

Sərvanə Qarabağlı

Azərbaycan dili və ədəbiyyat müəllimi, Araşdırmaçı, "Psixologiya Evi", "Premium Academy", "Qafqazın Günəşi", "Development Power", "FM GROUP", "My Project", "Çağdaş Gənclər portalı" təşkilatlarında təlimçi