Qadın xəyanəti 2 (ardı)
Gəlin-qayınana münasibətləri. Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir…Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi… Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi, onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.
Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdi mi?
Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi, gəlin özü ilə hesablaşardı. Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir.
Əsərdə həm ev işlərində, həm də mənəvi cəhətdən ailə üzvlərinə dəstək olan bacı obrazı da var.
Geri dönüş oldu mu? Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.
Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər?
Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır . Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.
Seyidin mükəmməl rəsm əsəri. Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.
Əsərin ideyası. Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.
Əsər onları oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır. Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.
Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.
Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.
Çingiz Aytmatov Asiya və Avropaya meylli yazıçıdır, yaradıcılığında milli varlığın ifadəsi və bəşəri meyarların vəhdəti Asiya və Avropa düşüncə kontekstində öz həllini tapır. Qırğız həyatının timsalında oxucuya təqdim olunan Asiya həqiqətləri və Avropa düşüncəsinin əsasında ədəbi-bədii yanaşmalar onun yaradıcılığında aydın şəkildə ifadə olunur. Aytmatov öz əsərlərində milli-mental dəyərlərlə bəşəri düşüncələrin vahid ideal balansını tapmışdır, bütün qayəsi etibarilə ümumtürk təfəkküründən doğan dahiyanə bədii əsərlərində əsas ideyanı ortaya qoyaraq, nümayiş etdirdiyi cəsarət, ümid bəslədiyi gələcək mənasında doğma elinə, obasına , eyni zamanda insanlığa ləyaqətlə xidmət etmişdir. Onun düşüncələrinin əsası qırğız xalqının taleyinin və mənəvi dünyasının əsasında formalaşdırdığı dərin həyat fəlsəfəsində öz əksini tapır. Müəllifin xüsusən “Cəmilə” povesti türk ədəbiyyatının əsrlik dövrünün şedevr yekunu, özünüdərkə qayıdışa can atan çağdaş epoxa yaradıcılığının başlanğıc nöqtəsidir. Onun düşüncələrində siyasi, mənəvi zülmün, əsarətin əzabları, milli və mənəvi azadlığın keşməkeşli yolları cəsarətlə, vüqarla əks olunub. Sovet imperiyasının gestap rejimi çərçivəsində bütövlükdə fərd və ya konkret millət haqqında böyük ideyaları əks etdirmək yazıçının əsl şücaəti hesab olunurdu. Bununla o, oxucunu heyrətləndirmiş və düşündürməyə vadar etmişdir. Aytmatovun yaratdığı Cəmilə obrazı yalnız sovet ədəbiyyatında deyil, eyni zamanda bütövlükdə dünya ədəbiyyatında da yeni hadisə səviyyəsində qarşılanmış və sensasiya yaradan böyük marağa səbəb olmuşdur. Qadının stereotipləri aşaraq, “uğura” imza atması cəmiyyət üçün qəbuledilməz hal idi. Bu əsərin dünyanın əvəzolunmaz, qüsursuz eşq hekayəsi adlandırılması da bir təsadüf deyil. Müəllifin yaratdığı obrazlar, sovet ədəbiyyatında model kimi qəbul edilən müsbət qəhrəman və mənfi obraz qəlibini aşıb keçən və fəlsəfəsini bomba kimi yerlə yeksan edən hadisədir. O, ədəbiyyatda sovet adamını yox, həmçinin sadəcə olaraq təbiiliyi və gərginliyi ilə obrazı canlandırmış, insanı yaratmışdır. Dağların ətəklərində, yovşanlı, yalquzaq çöllərdə yaşayıb dolanmağa çalışan adi insanların taleyində tamamilə insanlığın taleyi və düşüncələri öz əksini tapmışdır. Çingiz Aytmatovun qələmə aldığı əsərləri, ortaya qoyduğu ideyaları və canlandırdığı obrazları ilə həm dünya, həm də dünya ədəbiyyatı irəliyə doğru addımlayan dəyişikliklər prosesi yaşamalı olmuşdur. Bu, ədibin əsl zəfəri idi.
Yer kürəsinə Talas vadisindən baxan Çingiz Aytmatovun XX əsrə gətirdiyi rəngbərəng süjetlər, ideyalar və təkrarsız obrazlarla bütövlükdə dünyada yeni ədəbiyyat təfəkkürü formalaşmışdır. Dünya ədəbiyyatının fonunda möhtəşəm ədibin əsərləri əzəmətli bir abidənin postamenti, özülü, bu əsərlərin müəllifi olan qüdrətli, əvəzolunmaz yazıçı Çingiz Aytmatov isə onun həm heykəlidir, həm də memarı. Qırğız xalqının taleyi, yazıçının əqidəsi, baş vermiş tarixi-mənəvi proseslər Azərbaycandan da yan keçməmişdir. Məşhur ədiblərdən biri olan İlyas Əfəndiyev də yaradıcılığında sovet rejiminə qarşı çıxmış, despotizmi tənqid etmişdir. Sovet dövründə Aytmatov milli mövqeyini, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə bərabər əsərləri vasitəsilə nəşr etdirib dünyada yayması da sosializm dövrünün möcüzələrindən biri idi, hansı ki oxucular üçün bu əsərlərin ideyaları gözlənilməz və yeni idi.
Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə bir vəhdətdə təqdim etmiş, bəşər övladı, dövrdə yetişən şəxsiyyət üçün vacib olan problemlərin ümumiləşdirilməsi kimi məsuliyyətli , şərəfli vəzifə özünün orijinal həllini tapmışdır, dünya ədəbiyyatının əbədi mogikanına çevrilmişdir, planetar baxışlara malik müəllifin ölməz ideyaları özündən sonra gələn ideal cəmiyyətin və böyük ədəbiyyatın manifestidir.
YAZAR: Sərvanə Qarabağlı