Qadın xəyanəti 1

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdır mı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə  “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.

Səriyyənin qəlibləşmiş arzuları. Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac  yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.

Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də…

Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi ,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun  yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi…

Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.

Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ?

Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?

Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü?

Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan  gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı.

Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.

Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı?

Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi.  Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.

Adilin ziddiyyətli mövqeyi. Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır.  Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu.  Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi.        O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.

Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi?

Adilin  Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.

Adil qorxaq idi mi?

Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini ,karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” – eqo yatırdı.  Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.

Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi?

Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc  və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.

Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi.

Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və  hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.

Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi?

Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması,  həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.

Adilin həyatındakı əsas planları nədən ibarət idi?

Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.

Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu?

Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.

(Ardı var)

 

YAZAR: Sərvanə Qarabağlı

Sərvanə Qarabağlı

Azərbaycan dili və ədəbiyyat müəllimi, Araşdırmaçı, "Psixologiya Evi", "Premium Academy", "Qafqazın Günəşi", "Development Power", "FM GROUP", "My Project", "Çağdaş Gənclər portalı" təşkilatlarında təlimçi