Qadın xəyanəti 1 (ardı)
Buldozerçi sevgisi. Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi. Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı.
Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük. Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?
Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi.
Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü.
Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi?
Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi, onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.
Səriyyə Qəribi sevirdi, onun vüqarını ,əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir ,bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu. İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü…
Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.
Səriyyə haqlı idi mi?
İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi. Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.
Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi. Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır.
Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki, ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı. Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu, buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi. Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.
Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.
Səriyyənin inqilabi xəyanəti. Səriyyənin bu addımı “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”…“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .
Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.
Səriyyə-Adil kontrastı. “Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi. Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.
Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi?
Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı, bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı. Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi. Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.
Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı, xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi.
Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi. Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu. O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi. Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.
Epizodik qəhrəmanlar. Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı. Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq. Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.
Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar. Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.
Əsərin ideya xətti. Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.
Əsərin simvolikası. Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü ,sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı. Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.
YAZAR:Sərvanə Qarabağlı