Qadın xəyanəti 2
Qırğız yazıçısı, sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir,əsərin ruhundan şəffaflıq axır, oxucunun ,sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.
Cəmilənin həbs olunmuş xəyalları. Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi ,xarakterində kobudluq hiss olunurdu ,ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik,itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini ,xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər. Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.
Cəmilə-Sadıq “məhəbbəti”. Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı . Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı. Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi, onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu, həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi. Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.
Sadıqın gecikmiş “məhəbbəti”.
Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.
Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi?
Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır. “Sevgi ilə qarın doymur” deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün.
Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi?
Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o ,yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı. Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi ,amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə. Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu, gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.
Sadiq Cəmiləni sevirdi mi?
Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi .Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o ,təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.
Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdi mi?
Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir. Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu. O ac da olsa ,susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi ,yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.
Cəmilə daha tez gedə bilərdi, amma…
Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır. Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.
Fırtınalı eşq dastanı. Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi ,yetimliyin və həyatın hər sərt üzünü görmüşdü. Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu. Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz, qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu. Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi. Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin ,dağların, torpağın, quşların ,bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi ,onu sanki bütün təbiət-çaylar ,yarpaqlar,dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.
Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislər mi oyatdı?
Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi” ,nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.
Cəmilə stereotipləri aşdı mı?
Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı ,sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa ,bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.
Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadı mı?
Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.
Sevgi üçbucağı. Daniyar Cəmiləni sevirdi ,bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Cəmilə istəsə idi, ailin başqa kişiləri ilə də yaxın münasibətdə olardı, zarafatyana hərəkətləri qədər pərdə saxlamağı, məsafəli davranmağı da vardı. Hətta ailin sakini Osmanın qeyri-etik davranışlarına qarşı çıxır, kəskin hərəkətlə ona üz vermirdi. Osmanın və onun kimi kişilərin bu hərəkətini öz qadınlıq duyğularına təhqir hesab edir və elələrindən mümkün qədər uzaq olmağa çalışırdı. Daniyar isə fərqli idi onun bu hisləri təsadüfi, ötəri, keçici bir həvəs deyildi, onu Osman kimi naməhrəmlərlə eyni tərəziyə qoymaq düzgün sayılmaz. Şübhəsiz, Daniyar daha ağır gələr. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur. Daniyarın da həyat tərzi belə idi və ilk dəfə azyaşlı yeniyetmə Seyid bu sevgiyə şahid olmuşdu. Onun hər axşam çıxıb təpədə oturmağını, gecələr çayın kənarında yalquzaq qalmağını, başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asmağını və birdən birə gözlərinin parıldamasını artıq bilirdi. Nə Daniyarı, nə də Cəmiləni tanımaq olmurdu, onlar dəyişmişdi. Onların xüsusilə də Cəmilənin qurumuş qəlbinə yeni toxum səpmiş, sulamış və həmin toxumlar bar vermişdi. Eşqdən qəlbləri belə dəyişmiş, pərvazlamışdı. Onlar əl-ələ verərək, yeni cığır saldılar və eşq yolu ilə addımladılar. Bu münasibətə istər Sadıq kimi, istərsə də Osman kimi üçüncü şəxs əsla xələl gətirə bilmədi.
(Ardı var)
Yazar:Sərvanə Qarabağlı