PSİXİ İNKİŞAFIN YAŞ MƏRHƏLƏLƏRİ

Psixi inkişafın yaş dövürlərinin müəyyənləşdirilməsinin əsas prinsipləri.

İnsanın şəxsiyyət kimi inkişaf edib, təşəkkül tapmasının əsas şərtlərindən biri psixi inkişafın düzgün şəkildə irəliləməsi və bu istiqamətdə atılan  addımların doğru şəkildə həyata keçirilməsi ilə bağlıdır. Bunun üçün psixi inkişafın yaş mərhələlərinin öyrənilməsinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Bu baxımdan gəlin bu yaş mərhələləri və onların həyatımızdakı rolu ilə yaxından tanış olaq.

Psixi inkişafın yaş mərhələləri aşağıda göstərəcəyimiz dövrlərə bölünür:

Çağalıq Dövrü– Uşağın anadan olduğu anından bir yaşadək olan dövrü əhatə edir. Bu  dövrdə fəaliyyətin aparıcı növü yaşlılarla bilavasitə emosional ünsiyyətdir.Çağa anası ilə vasitəsiz emosional ünsiyyətdə olaraq normal inkişaf edir. Bu baxımdan ananın uşaq ilə hərtərəfli ünsiyyəti vacibdir. Bu ünsiyyət növündə uşağın əmizdirilməsi, yatızdırılması, ona nəvazişin göstərilməsi və.s  olduqca vacibdir. Bəzən bu dövrdə analar yanlışlıqlara yol verərək uşağı qucağa öyrəşdirməyin düzgün olmadığını qeyd edirlər. Lakin bu şəkildə olan münasibət uşağın gələcəkdə laqeyd olmasına, empatiya hissinin azalmasına səbəb ola bilər. Eyni zamanda uşağın bu dövr ərzində ana südü ilə qidalanması təkcə qidalanma deyil də ana ilə uşaq arasında emosional ünsiyyətin, bağın çox yaxşı şəkildə inkişaf etməsinə səbəb olur. Bundan başqa bu ünsiyyət çərçivəsində uşaqda görmə, eşitmə, əzələ-hərəkət və başqa duyğu və qavrayışlarla tənzim olunan hərəkətlər təşəkkül tapır.

Körpəlik Dövrü- Bir yaşdan üç yaşadək olan dövrü əhatə edir. Bu dövrdə aparıcı fəaliyyət əşyavi-manipulyativ fəaliyyətdir. Əşyavi-manipulyativ fəaliyyət zamanı uşaqda əşyalarla manipulyasiya ön plana keçir. Uşaq ona verilən əşyaları əli ilə yoxlayır, sındırır, bu əşyaları hissələrə ayıraraq onun mahiyyətini dərk etməyə çalışır ki, bu da uşaqda idraki fəaliyyətin normal getdiyinin göstəricisidir.Bəzən valideynlər bu dövr ərzində uşağın bu şəkildə olan davranışını aqressiya ilə səhv salaraq narahat olurlar. Bilmək lazımdır ki, bu uşağın normal inkşafının göstəricisidir. Bu fəaliyyət zamanı həmçinin uşaqda nitqin inkişafı artır.Əşyaların mahiyyətini dərk edərək artıq həmin əşyaları adlandıra bilirlər. Digər tərəfdən uşaqlar bu  dövrdə cəmiyyət tərəfindən hazırlanmış davranış normalarına yiyələnməyə başlayırlar ki, burada da valideynlər diqqətli olub, uşağa düzgün davranmağı öyrətmək yerinə öz davranışları ilə göstərməlidirlər. Çünki həmin dövrdə uşaq eşitdiyini deyil də gördüyünü icra edir. Bundan əlavə bu dövr əyani-əməli təfəkkürün inkşaf etməsi və uşaq “MƏN” in formalaşması ilə yadda qalır.

Məktəbəqədər  Yaş  Dövrü- Üç yaşdan altı yaşadək olan dövrü əhatə edir. Bu dövr üçün aparıcı fəaliyyət rollu oyunlardır. Uşaq rollu oyunlarla bilavasitə insani münasibətləri mənimsəyir və gələcəkdə cəmiyyətin üzvü kimi sağlam formalaşır. Bu oyunlar vasitəsilə uşaq şəxsiyyətlərarası münasibəti dərk edir, artıq müəyyən dərəcədə düşüncəsi formalaşır, öz xüsusi istiqamətini müəyyən edir. Bu dövr ərzində həmçinin üç yaş sindromu başlayır. Belə ki, çox zaman bu dövrdə valideynlər uşağın aqressiyasından və inadkarlığından şikayətlənirlər. Amma başa düşmək lazımdır ki, bu zaman uşaqlarda “MƏN” anlayışı formalaşdığı və uşaq da bunu dərk etdiyi üçün böyüklərlə ünsiyyət zamanı fərqində olunmaq istəyir. Valideyn uşağı  görməzdən gəldikcə aqressiya daha da artır.Bunun qarşısını almaq üçün uşağa şəxsiyyət kimi yanaşıb, onun fikrini almaq, ona birgə fəaliyyəti tövsiyyə etmək olar. Məs: birlikdə oyuncaqlarını yığmaq, geyinəcəyi paltarını seçməsi kimi kiçik yanaşmalar uşağın özünü şəxsiyyət kimi hiss etməsinə və sakitləşməsinə gətirə bilər. Eyni zamanda bu dövrün irəliləyən mərhələlərində uşaqlarda təxəyyül formalaşır.Tabeçilik və idarəetməyə şüurlu münasibət təşəkkül tapır. Həmin dövrdə ictimai baxımdan əhəmiyyətli və qiymətləndirilən fəaliyyət uşağın artıq məktəb həyatına hazır olmasına dəlalət edir.

Kiçik Məktəb Yaş Dövrü- altı, on yaş aralığını əhatə edir. Həmin dövrdə aparıcı fəaliyyət təlimdir. Təlim fəaliyyətində uşaq ictimai təcrübəni mənimsəyir, bilik, bacarıq, vərdişlərə yiyələnir və bu prossesdə təbii olaraq onun özüdə inkişaf edir, həmdə təlim aparıcı fəaliyyətə çevrilir. Təlim fəaliyyətində iradi olaraq yadda saxlama yəni niyyətli hafizə təşəkkül tapır. İnsani münasibətlər, ətraf aləmin cisim və hadisələri haqqında bilik və təcrübələr mənimsənilir. Məktəblidə nəzəri şüur və  təfəkkür təzahür edir. Bunun üçün müvafiq tərz və qaydalar ( refleksiya, analiz, fikrən planlaşdırma ) inkişaf edir. Təlim tələbatı, motivlər yaranır, bilik sahəsinə maraq əmələ gəlir. Həmin yaş dövrünün nəzərə çarpan cəhətlərindən biridə psixi hadisələrin ixtiyariliyi, hərəkətlərin daxili plana malik olması, yəni interiorizasiyanın meydana gəlməsidir.

Yeniyetməlik  Dövrü- On , On beş yaş aralığını əhatə edir. Aparıcı fəaliyyət –ictimai faydalı fəaliyyətdir. Bura daxildir: əmək, tədris, ictimai –təşkilati işlər, şəxsi ünsiyyət, idman, bədii fəaliyyət və.s. Bu dövrdə artıq mənlik şüuru geniş mənada dərk olunmağa başlanılır. Ünsiyyət daha geniş aspektə malik olur və düşüncə tərzindəki fərqliliklər bəzən münaqişələrə yol aça bilir. Yeniyetməlik dövrü insanın həyatında elə bir dövrü əhatə edir ki, bu dövr daha çox anlayış tələb edir. Çünki bu dövrdə istər insan şüurunda gedən  psixi, istərsə də orqanizmdə gedən kimyəvi-hormonal  dəyişikliklər bəzən qeyri- şüurlu davranışların meydana gəlməsinə səbəb ola bilir. Bu dövrdə  uşaqlara verilən sevgi və anlayış gələcək dövrlər üçün uşağın yanlış qərarlar almasının önünə keçə bilər.

Gənclik  Dövrü- On beş, iyirmi beş yaş aralığını əhatə edir. Bu dövrdə aparıcı fəaliyyət kimi tədris, peşə fəaliyyəti çıxış edir. Əməyə tələbat, idrak maraqları, tətqiqatçılıq bacarığı ünsürləri, həyat planları, şəxsiyyətin ideya-əxlaqi, vətəndaşlığı kimi keyfiyyətləri formalaşır. Gənc özünü şüurlu surətdə tənzim edir. Yaşın başlıca törəmələri dünyagörüşü, peşə maraqları, özünüdərketmə, arzu və ideallardan ibarətdir. Tədris peşə fəaliyyəti zamanı gənc nəsil peşə təlimi sahəsində istiqamət alır, özünə sənət seçmək iddiasında olur.

Yetkinlik Yaşı- İyirmi beş, altmış yaş aralığını əhatə edir. Bu dövrdə artıq insan öz qərarlarını azad şəkildə vermək iqtidarında olur.

Yaşlı Adam- Altmış, yetmiş yaş aralığını təşkil edir.

Qocalıq Yaşı- Yetmiş beş, doxsan yaş aralığında olur.

Uzunömürlülər- Doxsandan daha çox yaşa sahib insanlardır.

Bəli bu gün psixi inkşafın yaş mərhələləri və onların insan həyatındakı rolunu öyrəndik. Unutmayaq ki, hansı yaşında olmasından asılı olmayaraq insana anlayış göstərilməlidir. Sağlıqla qalın, sağlam həyatlar.

           

Psixoloq: Rzazadə Səbinə