POSTVULKANİZM VƏ SEYSMIK PROSESLƏRIN RELYEFƏ TƏSİRİ
Vulkan mənşəli relyef, müsbət relyef forması kimi formalaşmağa başladığı andan müxtəlif xarici amillərin təsirinə məruz qalır. Vulkan yerləşdiyi qurşağın iqlimindən asılı olaraq eroziyaya, deflyasiyaya, abraziyaya, qar və buzların təsirinə məruz qalır. Lakin vulkan fəaliyyətinin aktiv mərhələsində bu amillər nə qədər qüvvətli olsalar da, onun morfologiyasında əhəmiyyətli bir dəyişiklik yarada bilmir. Bu mərhələdə vulkan konusu yamacında əmələ gəlmiş kiçik radial şırımlar və böyük barrankolar təkrar püskürmə zamanı lava, vulkan külü, bombaları, ləpilli və başqa qırıntı məhsulları ilə dolur.
Püskürmə partlayışla baş verdikdə konus üzərinə atılan külli miqdarda qırıntı məhsullar konusun yamacındakı erozion formaları ani bir vaxtda dolduraraq, onların izlərini tamamilə itirir, vulkan konusu yenidən öz tipik vulkonogen formasını bərpa edir. Bu hal, əlbəttə, kiçik fasiləli sakitlik dövrü keçirməklə, aktiv fəaliyyətdə olan vulkanlar üçün xasdır. Fasilə çox uzun, təkrar püskürmənin yer səthinə atdığı qırıntı məhsulun və lavanın həcmi az olduqda, iri və dərin erozion şırımların izi tamamilə itmir. Vulkan konusu tədricən öz tipik vulkonogen formasını dəyişir.
Xarici amillər müxtəlif olduğuna görə, onlar vulkan konusu üzərində müxtəlif destruksiya mikrorelyef formaları əmələ gətirir və ayrı-ayrı iqlim şəraitində vulkan konusunun əks təkamülü müxtəlif yollarla gedir. Lakin bu yollar nə qədər müxtəlif olsa da, sabit tektonik şəraitdə və vulkan fəaliyyəti təkrarlanmadıqda, onun tamamilə dağılıb məhv olması ilə nəticələnir.
Daimi qar və buzlaqlar soyuq iqlim qurşaqlarında, mülayim və isti qurşaqlarda isə yüksəkliyi qar xəttindən yuxarı qalxan vulkan konuslarını aşındırıb, onun kraterində və yamaclarında buzlaq relyef formaları əmələ gətirir.
Küləklər, vulkan relyefinin dəyişməsində və evolyusiyasında müəyyən rol oynayır. Bu özünü arid iqlim sahələrində daha aydın göstərir. Yüksək dağlıq sahələrdə küləklər çox sürətli olur. Dağıdıcı küləklər ən çox yumşaq qırıntı məhsullarından ə m ə l ə g ə l m i ş vulkan konuslarına təsir edir. Bəzən külək sovrulması nəticəsində kraterin yanları açılır. Sovrulan məhsullar kraterə dolaraq onu dayazlaşdırır, nəticədə vulkan konusunun zirvəsi hamarlanır. Bəzi vulkanların zirvəsində bu yolla əmələ gələn düz səthdə hətta kiçik qum təpələri də əmələ gəlir (Qvatemala Cənubi Tolimak vulkanın krateri).
Vulkan krateri, küləkdən başqa buzlağın təsirindən, kraterdə yerləşən gölün səviyyəsinin qalxmasından, kraterin bir tərəfinin yuyulmasından, yaxud vulkan konusunun yamacından irəliləyən reqressiv eroziya şırımının kraterin bir yamacını açmasından və s. asılı olaraq dağıla bilər. Krater, vulkanın partlayışla püskürməsi nəticəsində də dağıla bilər. Lakin bu axırıncı halda konusun zirvəsi tamamilə başqa morfoloji quruluşda olur.
Vulkan relyefinin evolyusiyasında qravitasiya hadisələrinin də müəyyən rolu vardır. Adətən konusun yamacı çox dik və əsasən qırıntı məhsullarından (kül, bomba, ləpilli) və s. t ə ş k i l o l u n d u q d a qravitasiya hadisəsi daha fəal bir amil kimi özünü göstərir.
Qeyd etmək lazımdır ki, bu göstərilən xarici amillər vulkan relyefi formalarının evolyusiyasında müəyyən rol oynayır, lakin onlar hamısı eroziya amili qədər vulkan sahəsi relyefinin evolyusiyasında iştirak edə bilmir. Buna görə də vulkan relyefinin evolyusiyasında axıra qədər iştirak edən və stabil tektonik şəraitdə vulkan relyefini kökünə qədər dağıdıb məhv edən ən başlıca amil səth sularının (qismən yeraltı sular) erozion fəaliyyətidir. Onlar bu fəaliyyətə vulkan püskürməsinin fəaliyyəti nəticəsində yer səthində müsbət forma (yüksəklik, vulkan konusu) əmələ gəldiyi andan başlayır.
Vulkan fəaliyyəti effuziv xarakter daşıdıqda və konusun yamacları möhkəm lava ilə örtüldükdə, ilk vaxtlar yağış suları erozion forma əmələ gətirə bilmir. Lavalar möhkəm olmaqla bərabər, yüksək hopdurucu qabiliyyətə malikdir. Buna görə də lavalardan təşkil olunmuş konuslarda erozion formalar çox ləng inkişaf edir. Lakin uzun vaxt ərzində lavalar nə qədər də davamlı olsalar da, səth suları vulkan konusunun yamaclarını və zirvəsini tədricən dağıdır və alçaldır.
Yamacları lavalardan təşkil olunmuş vulkan konuslarında erozion şırımlar (bunlar barranko adlanır) dərinləşir və onları ayıran yamac hissəsi uzun müddət özünün ilk formasını saxlayır. Vaxt keçdikcə erozion şırım çox dərinləşir, onları ayıran və lava ilə örtülmüş yamaclar tədricən aşınma və eroziyanın təsiri altında ensizləşir və səthi düz maili olan ensiz tirələrə çevrilir.
Erozion şırım lava qatı altında yatan tufogen qata çatdıqa daha sürətlə dərinləşir və konus daha tez dağılır. Laylı vulkanlarda bu proses davam etdikcə (əgər vulkan fəaliyyətdən düşmüşsə), hər püskürmə kompleksi yamacdan tamamilə aparıldıqdan sonra, erozion sikl yeni səviyyədə yenə təkrar olunur. Lakin bu sxemi daxili və xarici amillər dəfələrlə pozur və mürəkkəbləşdirir.
Eksploziv püskürmə konusları eroziyaya qarşı daha az davamlı olan məhsullardan təşkil olunduğuna görə, onların yamaclarında əmələ gəldikləri andan erozion formalar inkişaf etməyə başlayır. Yumşaq qırıntı məhsullardan təşkil olunan konus yamacında onu kəskin parçalayan dərin və sıx erozion şırımlar əmələ gəlir, nəticədə onların yerində alçaq gümbəzvari, yaxud təpəli relyef yaranır.
Barranko – vulkan konusu yamacında eroziya nəticəsində əmələ gəlmiş V şəkilli ensiz və dik yamaclı erozion şırımlara deyilir. Bu şırımlar əksərən konus yamacının ortalarında əmələ gəlməyə başlayır və vaxt keçdikcə reqressiv eroziya nəticəsində krater yalına qədər çatır. Barranko yamacın yuxarılarında ensiz və nisbətən dayaz, orta qabarıq hissəsində dərin, ətəyində isə geniş olur. Bəzən dibi düz, yamacında isə 2-3 terras olan erozion şırımlara rast gəlinir. Əvvəllər vulkan konusu yamacında erozion şırımlar tək-tək yerləşərək, onun reltefini o qədər də dəyişdirmir. Vaxt keçdikcə onların sayı artır, eyni zamanda həcmləri genişlənir və vulkan konusu yamacında salamat yer qalmır.
Erozion şırımlar dərinləşməklə bərabər, həm də enliləşir və şırımlararası suayırıcıları son dərəcə ensizləşib, iti yallı tirələrə çevirir. Genişlənməkdə olan bir neçə şırım (artıq bu mərhələdə onlara dərə demək olar) vulkan konusu yamacı relyefinin əsas formalarını təşkil edir. Vulkan konusu xeyli alçaldıqdan və erozion şırım müəyyən inkişaf mərhələləri keçirərək dərəyə çevrildikdən sonra barrankoya uyğun gəlmir. Formasında asılı olaraq dar dərə, kanyonvari dərə və s. adlanır.
Nekk – vulkan konusu çox aşınıb dağıldıqda onun borusunda (boğazında) əmələ gəlmiş, olduqca möhkəm, aşınmaya qarşı davamlı lava tıxacının əmələ gətirdiyi əksər hallarda sütunvari formada olan şiş dağa və ya təpəyə deyilir. Nekk öz morfoloji quruluşuna görə bəzən ekstruziv təpələri və lakkolitləri xatırladır. Lakin bunların mənşəyi daha doğrusu, əmələ gəlmə yolları müxtəlifdir.
Qafqazda ən tipik nekk Azərbaycanın Qazax və Tovuz rayonları ərazisində yerləşir. Hər iki rayonda qədim, üst təbaşir yaşlı vulkan konusları uzun müddət denudasiyaya məruz qalaraq müxtəlif dərəcədə aşınmış və onların boğazında yerləşən möhkəm lava tıxacları nisbi yüksəkliyin 100-250 m olan sütunvari, yaxud yarımsütunvari təpələr əmələ gətirmişdir.
Göstərilən rayonlardakı nekklərin Qazax rayonundakı Göyəzən dağı zəif maili düzənlik fonunda çox kəskin forma əmələ gətirir. Tovuz rayonundakı Qızılqaya, Koroğlu, Kiçik Qızılqaya və s. nekklər ətrafdan tam təcrid olunmasalar da, dalğalı, təpəli dağətəyi relyefdə özünü kəskin göstərən müsbət formalar əmələ gətirir. Xarici görünüşünə görə bu ərazi bir qədər Şimali Qafqaz lakkolitləri landşaftını və Naxçıvan ekstruziv təpələrini xatırladır. Göstərilənlərdən başqa Krımda Qaradağ vulkan sahəsində Şeytandaş, Svinks, Şeytanbarmaq və s. nekkləri var.
Xaricdə nekklərə AFR-də ŞvabAlbında Konrad qayası, Overində (Mərkəzi Fransa Massivi) dik yamaclı Korneyl Sen-Mişel və Eqyuil qayaları, Yeni Meksikada Teylor dağlarındakı nekkləri və s. misal göstərmək olar.
Bəzən möhkəm lava tıxaclarına hələ öz formasını çox yaxşı saxlamış nisbətən cavan, hətta yeni sönmüş vulkanların köhnə krateri içərisində də rast gəlinir. Belə tıxaclar partlayışla püskürən vulkan kraterində də olur. Partlayışın arxasıyla vulkan borusu üzrə hərəkət edən qatı və alçaq temperaturlu lava səthə axa bilmir, krater dibindən bir qədər yuxarı qalxaraq sütun əmələ gətirir. Buna Karakatay və bir çox başqa vulkanlarda rast gəlmək olar. Lakin bu formalar vulkan relyefinin destruktiv formalarına aid edilmir.
Dayka – vulkan dağı eroziya və denudasiyaya məruz qalarkən, onun yamaclarında qırıntı məhsullara nisbətən daha davamlı olan və müxtəlif istiqamətlərdə yamacı kəsən müsbət relyef formasıdır. Daykaların uzanma istiqamətindən, bir-biri ilə kəskinləşməsindən və sayından asılı olaraq vulkan konusu yamacında olduqca müxtəlif, bəzən mürəkkəb mikrorelyef formaları əmələ gəlir. Şaquli daykalar qədim qala divarlarını, bir-bir ilə kəsişən daykalar isə qədim şəhər və qala xarabalıqılarını xatırladır. Vulkan relyefinin belə destruksiya formalarına ən çox Etnanın yamaclarında, Krımda, Qaradağın yamaclarında və bir çox başqa vulkan konusları yamaclarında rast gəlmək olar.
Dəniz və okeanlarda əmələ gələn vulkan dağları abraziyaya məruz qalır. Abraziya bəzən kiçik vulkan adalarının dəniz səviyyəsindən yuxarı qalxan hissəsini tamamilə kəsir və krateri doldurur. Belə halda sualtı vulkanın zirvəsi kəsilmiş səth ilə qurtarır. Sualtı püskürmə nəticəsində əmələ gələrək, qısa bir vaxtda dəniz səviyyəsindən bir neçə on metr yüksəyə qalxan, bir neçə ay, yaxud bir il ərzində dəniz dalğalarının abraziyası nəticəsində yox olan vulkanlara İslandiyanın cənub sahilində, Aralıq dənizində Siciliya adasından cənub-qərbdə rast gəlmək olar.
Relyefin inversiyası
Effuziv püskürmə zamanı kraterdən axan sıyıq əsas lava ətrafa yayılaraq geniş lava çölləri, yaxud lava yaylaları əmələ gətirir. Püskürmə sahəsi ətrafında relyef çox parçalanmış olduqda sıyıq lava dərələrə dolur. Bunun nəticəsində dərin V şəkilli və geniş mürəkkəb dərələr müxtəlif qalınlıqda lava axınları ilə dolur. Bu dərələrin suayırıcıları denudasiyaya az davamlı çöküntülırdın əmələ gəldiyi üçün suayırıcıların alçalması lava örtüyü səthinə nisbətən daha sürətlə gedir.
Lava örtüyünün az maili və düz səthinin eroziya nəticəsində aşınıb alçalması çox zəif gedir. Belə bitr şəraitdə müəyyən geoloji vaxt keçdikdən sonra əvvəlki suayırıcıların səviyyəsindən xeyli aşağı düşür.
Lava yaylaları lava örtüyünün qalınlığından və eroziyaya qarşı yüksək davamlılığından asılı olmayaraq vaxt keçdikcə əsas dərələrdən irəliləyən reqressiv eroziyanın təsiri ilə parçalanır. Lava yaylasında dərə-çay şəbəkəsi sıxlaşır, dərinləşir və genişlənir. Dərələr əksər halda kanyon tipli dərələr olur.
Çayların yatağı lavalardan çıxdıqda altda yatan süxurları daha tez yuyur, dərələrin dərinləşməsi sürətlənir. Bu prosesin müəyyən mərhələsində vahid lava yaylası ayrı-ayrı hissələrə parçalanaraq stolvari sahə əmələ gətirir. Belə stolvari sahə mez adlanır.
Vaxt keçdikcə çayların yan eroziyası və çay qollarının reqressiv eroziyası lava örtüyünü tamamilə dağıdır, nəticədə vulkan relyefindən, lava örtüyündən və onun əmələ gətirdiyi relyef formasından bir əsər qalmır.
POSTVULKANİK (VULKANİZMDƏN SONRAKI) HADİSƏLƏR
Maqma ocağı enerjisini püskürmələrə sərf etdikdən sonra, kraterdən yer səthinə lava və yumşaq qırıntı məhsul atılmır. Maqma ocağında temperatur xeyli azalır. Lakin buna baxmayaraq, hələ yüksək temperaturu olan maqmatik ocaqdan müxtəlif qazlar, su buxarı, hətta su ayrılaraq, kraterdə və vulkan konusu yamaclarında yer səthinə çıxır. Bu proseslər vulkan püskürməsi dayandıqdan sonra uzun müddət davam edə bilər. Həmin proseslərin cəmi postvulkanik hadisələr adlanır.
Postvulkanik hadisələr bir neçə növə ayrılır:
- Solfatlar ;
- Mofetlər ;
- Termal mineral və qazlı bulaqlar ;
- Qeyzerlər .
Solfatlar və mofetlərin fəaliyyəti ilə heç bir relyef forması əlaqədar olmadığına görə burada yalnız axırıncı iki hadisə haqqında məlumat verilir.
Termal mineral və qazlı bulaqlar .
Bu bulaqlar mənşəyi etibarı ilə yuvenil (maqmadan ayrılan ilkin su) və səthdən çatlarla dərinliyə keçib orada qızaraq yenidən səthə çıxan sularla əlaqədardır. Temperaturu müxtəlif ola bilər. Adətən, ərazidə havanın orta temperaturundan artıq olur. Bulaqların suyu dərində həll etdikləri maddələri səthdə çökdürərək (CaCO3, SiO2) kiçik təpəciklər əmələ gətirir. Termal bulaqlar yer səthində bir çox vulkan sahələrində, o cümlədən Azərbaycanda (İstisu), Ermənistanda (Cermax), Kamçatkada və başqa ərazilərdə geniş yayılmışdır.
Qeyzerlər .
Vulkan kraterində, konusun yamaclarında və çat vulkanlarında dövrü fəaliyyətdə olan su-buxar fəvvarəsinə qeyzer deyilir. Termal bulaqlara nisbətən az yayılmışdır. Ən məşhur qeyzerlər İslandiyada, ABŞ-da Yellouston milli parkında, Yeni Zelandiyada Şimal adasında, Kamçatkada Qeyzerli-Çay dərəsində yerləşir. Göstərilən qeyzerlər içərisində ən böyüyü və maraqlısı Yellouston milli parkı qeyzerləridir. Burada 100-ə qədər fəaliyyətdə olan qeyzer vardır. Bunlar müəyyən fasilələrlə ritmik fəvvarə vurur.
Qeyzerlərin bəzilərində güclü su fəvvarəsinin hündürlüyü 30-40 m, bəzən 60-70 m olur. Yeni Zelandiyada Vaymanqu qeyzeri bir püskürmə zamanı qaynar suyu 457 m yüksəyə atmışdır.
Qeyzerlər yüksək temperaturlu olduğuna görə çoxlu miqdar CaCO3 və baqa maddələri həll edir. Fəvvarə vurduqda su tez soyuyur və tərkibində olan karbonatlar ayrılaraq travertin örtüyü əmələ gətirir. Bəzən qeyzerin çökdürdüyü travertinlər, tuflar olduqca mürəkkəb formada, mikrorelyef formalar, terraslar, CaCO3 axınları, şəlalələri, hovuzları və s. əmələ gəlir.
PALÇIQ VULKANLARININ RELYEF FORMALARI
Palçıq vulkanları püskürən zaman yer səthinə sıyıq, bəzən qatı palçıq çıxarır. Palçıq vulkanı püskürmə məhsulu gil, qum, iri qırıntı və kəsəklərin su, qaz, bəzən də ilə neftlə qarışığından ibarətdir. Palçıq vulkanları əksər halda antiklinal və braxiantiklinal qırışıqların tağında, bəzən qanadında olan tektonik qırılmalar üzrə yerləşir. Palçıq vulkanları çox gilli, xüsusən plastik gilli qatların yayıldığı neftli-qazlı qırışıqlıq sahələrdə yayılmışdır.
Palçıq vulkanlarının əmələ gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. Q. V. Abix və S.A. Kovalevski palçıq vulkanlarının maqmatik vulkanizmlə əlaqəsi olmasını göstərirlər. Bəzi müəlliflər palçıq vulkanlarının mənşəyini neftli qatların yüksək qaz təzyiqi ilə əlaqələndirirlər. N.S.Şatskinin fikrincə palçıq vulkanları tektonik və qaz təzyiqi yüksək olan differensial üfüqi tektonik hərəkətlərlə əlaqədar olaraq əmələ gəlir.
İ.M.Qubkin və onun ardıcılları cənub-şərqi Qafqazda palçıq vulkanlarının əmələ gəlməsini və onların fəaliyyətini diapir qırışıqlığı, mezo-kaynazoy çöküntülərinin neftli-qazlılığı və əlverişli hidrogeoloji şəraitlə əlaqələndirirlər.
D.A.Lilenberq Qobustan və Abşeronun palçıq vulkanlarını geomorfoloji xüsusiyyətlərinə görə iki əsas tipə ayırır:
- Konusvari palçıq vulkanları ,
- Sopka çölləri .
Konusvari palçıq vulkanları düzgün kəsilmiş konus formaya malikdir. Hündürlüyü 300-400 m-ə, ətəyində diametri 5-6 km-ə çatır. Belə böyük konusvari vulkanlara cənub-şərqi Qobustanda Torağay, Böyük Kəniz, Güzdək Bozdağını misal göstərmək olar. Böyük konusvari vulkanların təpəsində krater düzənliyi (platosu) yerləşir. Bu düzənliklər qabarıq, düz və batıq formada ola bilər. Adətən, krater düzənliyinin səthi mürəkkəb mikrorelyef ilə seçilir. Bir çox kraterlərdə dairəvi bəndlər, onların daxilində sıyıq və qatı palçıq, su, qaz, neftli su atan palçıq sopkaları, qrifonlar və salzalar yerləşir.
Palçıq sopkaları, adətən, düzgün konus formasında olub, təpəsindəki deşikdən (kratercikdən) sıyıq və bəzən qatı iri qırıntı məhsulları atır. Bu püskürmə müəyyən fasilə ilə baş verir və arabir nisbətən güclü olur. Sıyıq palçıq əksərən sopkanın hündürlüyü bir qədər artdıqda onun bir yamacına axır. Belə kiçik sopkalar konusvari palçıq vulkanları kraterində qaydasız halda yerləşir. Onların hündürlüyü 5-6 m-ə qədər ola bilər.
Palçıq vulkanları çox asan yuyulan yumşaq və çatlı qırıntı məhsullardan təşkil olunduğuna görə onların yamacı tez parçalanır. Lakin Qobustan və Abşeronda, eləcə də Kerç və Taman yarımadalarında iqlim quru olduğundan konusvarı palçıq vulkanları uzun müddət müsbət relyef forması kimi qalır.
Sopka çölü konusvari palçıq vulkanlarına nisbətən daha geniş sahəni tutur, lakin nisbi hündürlüyü 40-50 m-dən artıq olmur. Bəzi sopka çöllərinin uzunluğu və eni bir neçə km, sahəsi isə 8-10 km2-ə çatır. Cənub-şərqi Qafqazda ən böyük sopka çölü Gicəki dağından cənubda yerləşən Qoduxqıran palçıq vulkanıdır (8 km2). Bundan əlavə, Axtarma-Paşalı palçıq vulkanının sahəsi 10 km2-ə bərabərdir.
Sopka çöllərini əmələ gətirən və geniş sahə tutan palçıq vulkanlarında püskürmə bir mərkəz borudan baş vermir. Bunlar sahəvi püskürmə nəticəsində əmələ gəlir. Adətən, bu vulkanların sahəsinin 80-90%-i üzərində külli miqdarda palçıq sopkaları olan krater düzənliyi yerləşir. Krater düzənliyi ətrafından bir, yaxud bir neçə konsentrik dairə şəklində yerləşmiş bəndlərlə əhatələnir. Bəndlərin yüksəkliyi 2-3 m-ə qədər olur. Onların arasında aypara şəklində duzlu göllər yerləşir. Göllərin dərinliyi 0,5-1 m-dən 3-4 m-ə qədər ola bilər.
Təkrar püskürmələrin palçıq axınları daha qədim axınlardan istər səthin morfologiyasına, istərsə də rənginə görə aydın seçilir. Ayrı-ayrı axınlar arasında hündürlüyü 0,5-1, bəzən 1,5-2 m-ə çatan pillə əmələ gəlir. Bundan əlavə, qədim palçıq axınlarının üzəri bitki örtüyü ilə bu və ya digər dərəcədə örtülü olduğu halda, cavan axınlarda tək-tək yerləşən şoran bitkilərinə rast gəlinir. Qədim axınlar üzərində xətti eroziya izləri aydın görünür, cavan axınlar isə müəyyən vaxt yağış sularını demək olar ki, tamamilə uda bilir.
YAZAR : Səbinə İsmayılova
Həmçinin bax : torpaqemelegetiren-suxurlarin-ve-torpagin-qranulometrik-ve-mineraloji-terkibi/
Həmçinin bax : bas-infeksionist-koronavirus-barede-danisib/