Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri
Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir.
Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama. Tərəf müqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür.
Adətən, şagirdlərlə və valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.
Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-idraki (nə isə yeni şeyi öyrənmək, təlimat almaq), emosional (qiymətləndirmək, münasibəti bildirmək, təəssüratı bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə ünsiyyətə girmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər (məsələn, kiminləsə birgə olmaq, söhbət etmək). Bu cəhət şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər üçün müəllim və yoldaşları ilə ünsiyyət xətrinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiyyət kifayət qədər seçici xarakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin məqsədini dərk edə bilmirlər. Yuxarı siniflərə keçdikcə şagirdlərin ünsiyyətində seçicilik müşahidə olunmağa başlayır.
Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivlərindən asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedoqoji ünsiyyətin gedişini şərtləndirir.
Pedoqoji ünsiyyət, şübhəsiz tətbiq olunan vasitələrin səmərəliliyindən də asılı olur. O vasitələr elə seçilməlidir ki, ünsiyyətin məqsədini həyata keçirməyə imkan vermək yanaşı, qarşılıqlı münasibətin və təsirin səmərəliliyini təmin etsin, fikir mübadiləsinə və qarşılıqlı anlamaya şərait yaratsın.
Nəhayət, pedaqoji ünsiyyət müvafiq normalar çərçivəsində getməlidir. Müəyyən normaların gözlənilməməsi bir növ pedaqoji ünsiyyətin səmərəliliyini itirir və ünsiyyət istənilən nəticə vermir.
İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur:
1. Avtokratik
2. Avtoritar
3. Demokratik
4. Laqeyd (etinasız, liberal)
5. Qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu. Buna uyğun olaraq pedaqoji ünsiyyətin də eyni üslubları qeyd etmək mümkündür.
Adətən, avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni mövqe tuturlar. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kimi qəbul edilmir. Belə müəllimlər həmişə hökümran olmağa çalışırlar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər ünsiyyət zamanı şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsusiyyətlərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həmin fərqi olduqca şişirdir, real hesab edirlər. Şagird başqalarına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə o iğtişaşçı kimi, bir qədər passiv olduqda isə tənbəl, avara kimi görünür. Belə müəllimlər üçün neqativ ustanovka, başqa sözlə şagirdə qarşı qeyri-şüuru, pis münasibət xarakterik haldır. Bu cür müəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli xarakter daşıya bilmir.
Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik üslubunda şagird subyekt kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlərə daima xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrini, fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. Belə müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür etdirmirlər. Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqda isə təşəbbüskardırlar. Təcrübə göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə daima can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər tərəfindən diktə olunur. Belə müəllim şagirdlərin işinə qarışmamağa çalışır, özünün qətiyyətsizliyi ilə fərqlənir, neytrallığa can atır. Məqsədi yayğın xarakter daşıyır. Heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can atmır. Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlarını lazımi şəkildə ödəyəcəklərini güman etmirlər.
Nəhayət, qeyri-sabit, ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti özündə əks etdirir. Bu cür müəllimlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər ki, onun necə, hansı üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər biri müəllimlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərə özünəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin səmərəliliyindən asılıdır.
Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşkili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.
1. Birinci qrupa şagirdlərlə daima ünsiyyətdə olan müəllimləri aid etmək olar. Bu cür müəllimlər təkcə dərsdə, məktəbdə, təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmirlər. Onların şagirdlərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərqlənir.
2. İkinci qrupa şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı dərin inam və etimad mövcud olan müəllimlər təşkil edir. Lakin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur, təlimdən kənar vaxtlarda isə müxtəlif səbəblərdən bu cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq bu və ya digər şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsində gedir.
3. Üçüncü qrupa daxil olan müəllimlər əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənirlər. Bu cür müəllimlər, adətən, şagirdlərlə yaxın ünsiyyət saxlamağa cəhd göstərir, bu cür ünsiyyətə can atırlar. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu cür ünsiyyətin baş tutmamasının səbəbinə gəldikdə onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmirlər. Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, şagirdlər onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş tutmur. Belə müəllimlər ya həddən artıq mentor (öyüdçü) pozası tutur, ya onlara verilən sirri saxlaya bilmir, ya da şagirdlərin hörmətini qazana bilmirlər. Ona görə də bu cür müəllimlərin şagird kollektivin idarəetmələri çətinləşir.
4. Dördüncü qrupa gəldikdə, buraya daxil olan müəllimlər şagirdlərlə çox məhdud işgüzar ünsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhətləşməyə meyl göstərmirlər.
YAZAR: Çinarə Bayramova
Həmçinin bax: Qabiliyyətlərin ölçülməsi və əqli inkişaf əmsalı
Həmçinin bax: https://turaz.org/oqtay-sireliyev-sehiyye-naziri-vezifesinden-azad-edildi