Pedaqoji psixologiyanın əsas bölmələri

Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə malik olan problemlərin həlli vəzifəsini qoyur.
Elm və texnikanın durmadan inkişaf etdiyi və mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlər aşağıdakılardır:

1.Uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv mərhələləri, onların başlanğıcı, davamlılığı və sonu hələ də məlum deyildir. Digər tərəfdən, hər bir uşağın həyatında bu mərhələlərin təzahürü fərdi xarakter daşımaqla müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
2.Təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaq.Uzun müddətdən bəri dünya psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.
3. Təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsini aşkara çıxarmaq. Məlum olduğu kimi uşağın hər bir yaş dövrü əqli və şəxsi inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
4.Uşaqların psixoloji və davranış nöqteyi-nəzərdən inkişafında onların anadangəlmə, genotipik imkanlarının və mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara çıxarmaq.  5.Pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı “çətin” uşaqlar problemi ən mühüm problem kimi diqqəti cəlb edir.
Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Həmin vəzifələri həyata keçirmədən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Pedaqoji psixologiyanın nəzəri vəzifələrinə hər şeydən əvvəl təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm vəzifələrdən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifələrini həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan bölmələri vardır. Pedaqoji psixologiyanın həmin bölmələri:
1.  Tərbiyə psixologiyası
2.  Təlim psixologiyası
3.   Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası
Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal uşaqlarla təlim-tərbiyənin psixologiyasını da pedaqoji psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolunması problemini, “çətin” uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni – şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetirməyə yönəlmiş olur.
Təlim psixologiyası – təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, didaktikanın, xüsusi metodikaların, problemli təlimin, proqramlaşdırılmış təlimin, əqli əməliyyatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri tədqiq edib öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, pedaqoji funksiyasının, pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətlərini və s. öyrənir

YAZAR: Çinarə Bayramova

Həmçinin bax: “İlk Göytürk” filmi

Həmçinin bax: https://turaz.org/daha-bir-bolgede-astrazeneca-peyvendi-dayandirildi/

Həmçinin bax: https://tehsilim.org/dim-notariat-fealiyyeti-ile-mesgul-olmaq-isteyen-namizedler-ucun-test-imtahani-kecirecek/