Pedaqoji mərifət

Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi müəllimin üzərinə düşür. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermişlər.  Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir. Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə aşağıdakılar daxildir: müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə işləyə bilməz. Hər bir halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnmək vacibdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir. Pedaqoji fəaliyyətdə müəllimin şəxsiyyəti böyük əhəmiyyətə malikdir. Başqa peşə sahiblərindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə — pedaqoji prosesə bilavasitə təsir göstərir. Müəllim ilk növbədə, öz şəxsiyyəti ilə tərbiyə edir. Təlim-tərbiyə işində müəllimi heç nə əvəz edə bilməz. Öz işinin öhdəsindən uğurla gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır. Müəllimin başlıca şəxsi keyfiyyətləri sırasında aşağıdakıları qeyd etmək olar: Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan müsbət keyfiyyəti başqalarına aşılamaq olmaz. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə “müəllim” uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə yetişdirər. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir. Pedaqogika tarixində uşaqları öz övladı kimi sevən, onlara ürəyini verən müəllimlər az olmamışdır. Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır. Müəllim pedaqoji prosesdə əsas sima kimi o zaman çıxış edə bilər ki, o, yüksək peşəkarlığa — pedaqoji qabiliyyətlərə yiyələnmiş olsun. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Kommunikativ qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət — özünün, uşaqların və kollektivin fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etmədə, mülayimlik və ciddiliyi uzlaşdırmada, səbirli olmada ifadə olunur.
                                                                                                                                                                                                           YAZAR: Püstə Qarayeva                                                                                                                                                                                                                                                                                                                                                                      Həmçinin bax: Darvinizmin yaranması

Həmçinin bax: https://turaz.org/azerbaycanda-jurnalistler-vaksinasiyadan-kececekler/

Həmçinin bax: https://tehsilim.org/derslik-layihelerine-dair-ictimai-reyin-oyrenilmesine-baslanilib/