Peçeneqlər və tarixləri
IX əsrin sonu- X əsrin əvvəllərində Şərqi və Orta Avropa ilə Balkan yarımadasında çox əhəmiyyətli hadisələr cərəyan etmişdir. Bir tərəfdən böyük bir Türk dövləti olan Xəzər xanlığı dağılarkən, digər tərəfdən onun təbəələri olan Şərq Slavyanları bir Rus dövləti qurmaqla məşğul idilər. Daha sonradan isə tarix səhnəsində adları çox az keçən Macarlar Panonyaya gedərək orada bir dövlət qurmağa başladılar və Qərbi Avropada mühüm rol oynamağa başladılar. Həmin dövrlərdə Qara dənizin şimalı yenidən türk zümrələrinə yurd olmuşdur. Bu ərazilər 860-ci ildə Peçeneq adı daşıyan bir Türk qolu tərindən işğal edilmişdi. Tam 200 il, yeni türk tayfalarının gəlməsinə qədər Peçeneqlər Qara dənizin şimalındakı ərazilərin yeganə hakimi olmuşlar. Onlar sonraki illərdə Şərqi Avropa tarixində mühüm hadisələrdə iştirakları ilə yadda qalmışdılar, məhz bu səbəbdən onların keçmiş tarix səhnələrinə nəzər salmaq maraqlı olar.
Peçeneqlərin Dəşti-Qıpçaqda yaşadıqları dövrlərinə dair ən mühüm qaynaq Bizans imperatoru Konstantinin (913-959) 950-ci illərdə yazılan “De administrando imperio” adı verilən əsəridir. Həmin kitabın 37-ci babında Peçeneqlər haqqında məlumatın olduğunu görə bilərik. Burdan belə aydın olur ki, Bizans dövlət adamları peçeneqlərə mühüm əhəmiyyət verirdilər. Peçeneqlər əsl türk xalqı olmuşlar. Buna birinci dəlil olaraq onların məskunlaşdıqları ərazi və istifadə etdikləri adları misal göstərə bilərik. Korhut, Qarabay, Çoban və s. kimi adlara rast gəlinmişdir. Bu adlar digər türk zümrələri tərəfindən də istifadə olunurdu. Peçeneqlər Oğuz zümrəsinin XIX boyunu təşkil edirdilər. Rəşidəddinin “Cami-ut təsvir” əsərində peçeneqlərin Gökxanın nəslindən gəldiyi göstərilmişdir. “Divani-lüğəti-türk”də peçeneqlərin Oğuz boyuna aid olduqları bir daha təsdiq edilmişdir. “Peçeneq” adına isə ilk dəfə Regionun əsərində rast gəlinir. Rus tarixçiləri 915-ci ilə aid qaynaqlara əsaslanaraq peçeneqləri “peçenegi”(peçenezi) şəklində qeyd etmişdilər.
Göytürklərin qərb qanadını formalaşdıran On oxlardan meydana gələn peçeneqlər VI əsrdə İssık və Balxaş gölləri çevrəsində yaşamışlar. Daha sonralar isə hərkətlərinə davam edərək Aral gölü və Xəzər dənizinin şimal bölgəsindəki torpaqlara yayılmışdılar. Peçeneqlər IX əsrin ikinci yarısında Don və Kuban çayları arasındaki ərazilərə gəldilər. Həmin ərazidə yaşayan Macarları Orta Avropaya sıxışdıran peçeneqlər Qara dənizin şimalında ağalıq etmişdilər. 915-ci ildə peçeneqlər ilk dəfə Rusiya ərazilərinə gəlmişdilər. Hətta çar İqor ilə sülh bağladıqları da tarixə məlumdur. Müəyyən müddət sonra Ruslar və peçeneqlər arasında ərazilər üstündə mübarizə başlamışdır. Bu mübarizə 1036-cı ildə İ.Yaroslav tərəfindən yatırılmışdır.
Peçeneqlərin İdil çayı sahillərinə gəlmədən əvvəlki tarixləri çox qaranlıq olmuşdur. Alman şərqşünası Marquartın fikrinə görə, peçeneqlər (o zaman üçün adlarının nə olduğunu Marquart söyləməmişdir) VIII əsrin əvvəllərində Sırdıryanın məcrasında yaşayırdılar. Daha əvvəlki dövrlərdə peçeneqlərin Hun dövlətinin tərkibində yaşadıqları güman olunur. Hətta peçeneqlərin qədim dövrdəki massagetlərin davamçıları olduğunu söyləyənlərdə vardır. Fəqət, bütün bunları sübut edəcək heç bir əsaslı dəlil yoxdur. Ümumiyyətlə, bu millətin tarixini yalnız müsbət bir şəkildə ancaq IX əsrin sonlarından başlayaraq öyrənə bilərik. Hun dövləti dağıldıqdan sonra Çu və Talas çayları boyundakı ərazilər Karluqlar tərəfindən işğal olunmuşdur. Karluqların təzyiqi altında Qərbi Türk dövləti şimala doğru yürüş etmiş və digər türk zümrələrini öz əraziləridən sıxşdırıb çıxarmışdılar. Bu zümrələrdən birinin də peçeneqlər olduğu ehtimal olunur. Morquartın fikrinə görə, peçeneqlər həmin dövrdə erməni coğrafiyaçısı Anania Şirakaçinin qeyd etdiyi kimi İdil çayından Soqdianaya qədər uzanan sahəni işğal edən Buşchk və yaxud Bukuklarla bir ittifaqda birləşmişlər. Morquartın fikrinə görə, bu ittifaqın başında peçeneqlər dururdular. Bu ittifaqın nə qədər yaşadığı və kimlər tərəfindən süquta uğradıldıqları tarixə məlum deyildir. Bütün bunlara baxmayaraq, digər türk zümrələri kimi peçeneqlər dövlətlərinin olmamasına rəğmən öz varlıqlarını qoruyub saxlaya bilirdilər. Məsudi peçeneqlərin düşmanları arasında Qarluqlar və Kımıkların olduğunu söyləmişdir. Bu dövlətlərlə peçeneqlər arasında hərbi əməliyyatlar da baş vermişdir. Bu müharibələrin nəticəsində peçeneqlərə məxsus olan torpaqlar Qarluqlar tərəfindən işğal olunmuşdu. Peçeneqlər İdilə doğru çəkilməyə başlamışdılar. Məhz bu hadisələrdən sonra peçeneqlər haqqında müəyyən qədər dəqiq məlumat vermək mümkündür. İngilis alimi J.Burv X əsrə əsaslanaraq yazılan bir əsərdə peçeneqlər haqqında olan məlumatın məhz peçeneq mənbəsində götürüldüyünü araşdırmışdır.
Peçeneqlərin ən yaxın qonşuları Uz və Mazar adı daşıyan xalqlar olmuşdur. Uzlar Xəzərlərlə ittifaqa girərək peçeneqlərə qarşı müharibəyə başlamışdılar. Bu mübarizədə peçeneqlər məğlub olmuş və əraziləri uzlar tərəfindən işğal olunmuşdur. Digər ərazilərə köç edən peçeneqlər türk xalqlarının bəziləri ilə müharibə də aparmışdılar. Peçeneqlərin İdil boyundakı ərazilərdə məskunlaşması haqqında ilk məlumatı İbn Xordadbeh vermişdir. Peçeneqlərin ən yaxın qonşularından biri də Xəzərlər olmuşdur. Peçeneqlər İdil boyuna gəldikləri zaman Xəzərlərin güclü dövrləri artıq keçmişdi. IX əsrin ortalarına qədər Xəzərlər Şərqi Avropanın ən qüvvətli dövləti olub, yuxarı Dnepr və Oka məcralarından başlayaraq orta Dnepr və Dona qədər uzanan boyük ərzidə yaşayırdılar. X əsrdə Xəzərlərin zəifləməsində peçeneqlərin müəyyən qədər rolları olmuşdur. Bizə məlumdur ki, Xəzər dövləti Bizans ilə düşmən münasibətdə idi. Digər tərəfdən Xəzər xanlığı Normanlar tərəfindən də sıxışdırılırdı. Bundan istifadə edən peçeneqlər Xəzərlərlə mübarizəyə başladıar. Bunu görən xəzərlər oğuzlarla ittifaqa girdi.
Konstantinin peçeneqlər haqqında olan məlumatları ərəb qaynaqları tərəfindən də təsdiqlənir. Amma bu mənbələrdə peçeneqlərin yaşadıqları ərazilər bir qədər qarışıq göstərilmişdir. Həmin mənbələrin birində yazılır ki, “peçeneqlərlə xəzərlərin məmləkəti arasında 10 günlük yol vardır”. Bizans mənbələrində peçeneqlərin İdil boyunda yaşadıqları zaman Şimali-Şərqi və Şimal hüdudları göstərilmir. Halbuki, ərəb və fars yazılı qaynaqlarında bu məlumat öz əksini tapmışdır.
Bayaq dediyimiz kimi, peçeneqlərin şərq qonşuları uzlar olmuşdur. Bu tayfalar Oğuzlardan olmuşdur. Digər türk zümrələri kimi öz başlarına idarə olunan və VIII -IX əsrlərdə Türküstanda cərəyan edən mübarizələrdə iştirak etmişdilər. Bu xalqlarda digər türk köçmələri kimi yabancı xalqların hizmətinə girərək mübarizə aparmışdılar. Uzların rus knyazı Vladimirin ordusunda muzdlu əsgər olaraq Kama bulqarlarına qarşı qurulan hərbi əməliyyatlarda iştirak etdikləri bizə məlumdur. Uzların peçeneqləri İdil boyundan təzyiqlə Dnepr sahillərinə doğru sıxışdırmaqlarının nə surətlə cərəyan etdiyi məlum deyildir. Hətta uzların İdildən nə zaman köçdükləri də bəlli deyildir. Marquartın fikrinə görə, Məsudinin zamanında uzlar İdilin şərqində yaşayırdılar. Halbuki, Vestberq həmin dövrdə uzların Don çayının şimalında olduqlaı fikrini irəli sürmüşdür. Peçeneqlər təzyiq nəticəsində İdildən çıxaraq Qara dənizin şimalındakı geniş torpaqlarda məskunlaşmağa başladılar. Həmin ərazilərə qonşu olan Macarlarla peçeneqlər arasında müəyyən problemlər olmuşdur. Bizans imperatoru bu məsələ barəsində məlumat verirdi: Bu sırada türklərlə (Macarlarla) o zaman Peçeneqlər arasında bir hərbi mübarizə olmuş və Macarların Ordusu məğlub olaraq,ayrılmışdı. Bunlardan biri, yəni Macarlar şərqə-perslərə yaxın yerdə yaşamış və türklərin qədim adlar ilə təmsil edilmişdir. Digər qisim isə voyevodaları olan əraziyə keçdilər. Bunlar isə peçeneqlər idi. Belə olan halda peçeneqlər macarları “Atelkuzu,Etelkuzu” adlanan yerlərə sıxışdırdılar. Peçeneqlərin məmləkətləri 8 hissəyə ayrılmışdır: Ertim; Çur; Sula; Kulpey; Xarabay; Talmat; Hopon; Çopon. Hər bir hissənin başında duranlar var idi.
Ertim-Mayçan
Çur-Kuel
Sula-Kurkut
Kulbey-İpaon
Xarabay-Kaydu
Talmat-Kostan
Hopon-Siadzı
Çopon-Batan
Peçeneqlər Cənubi Rusiya torpaqlarında məşkunlaşdıqları dövrdən sonra şərq Slavyanları ilə münasibətlər olmuşdur. 950-ci ilə aid olan sənəddə yazılır: “Ruslar peçeneqlərlə qonşudurlar, əgər 2 xalq arasında sülh bərqərar deyilsə, peçeneqlər rus yurduna axın edərək, ruslara böyük ziyanlar vururdular. Ona görə də ,Ruslar peçeneqlərlə sülhü qoruyub saxlamağa can atırlar”.
Svyatoslavın ölümündən sonra taxt üstündə gedən savaşlarda peçeneqlər iştirak etmişdilər. Buna səbəb isə, rusların peçeneqlərə aid olan torpaqlarda yaşayış yerləri salmaları olmuşdur. 988-ci ildə baş verən döyüşdə Vladimir peçeneqləri məğlub etdi. Məğlubiyyətdən sonra peçeneqlər digər tayfalarla birləşərək mübarizəni davam etdirsələrdə, əhalinin çox hissəsi ruslar tərəfindən qılıncdan keçirilmişdi. 1048-ci ildə peçeneqlər Bizans ərazilərinə gələrək orduda xidmət etmişlər. Bir qrup peçeneqlər isə, Anadolu torpaqlarına yerləşdirilmiş və 1071-ci ildə Alp Arslanın tərəfində savaşlarda iştirak etmişlər.
Bütün baş verənlərə baxmayaraq, peçeneqlər bir dövlət halında birləşə bilmədilər. Müxtəlif boyların və ya güclü dövlətlərin tabeliklərində yaşadılar .Sonda isə Avropa ərazisində yaşayan peçeneqlər yerli əhali ilə qaynayıb-qarışdılar. Oğuz birliyinə daxil olanlar isə Anadolu ərazisində adlarını bir müddət qoruyub saxlaya bildilər.
Yazar: Aişə Vahidova
həmçinin bax: Bir millət iki dövlətin zəfər bayramı
həmçinin bax: https://tehsilim.org/musahibe-merhelesi-uzre-apellyasiya-muracietlerinin-qebulu/