PDH iyerarxiyaya malik çoxkanallı telekommunikasiya sistemləri

1. Plezioxron rəqəm iyerarxiyası

İmpuls-kod modulyasiyalı (İKM) yüksək iyerarxiya səviyyəsinə malik rəqəm telekommunikasiya sistemlərinin qurulmasının əsasını standart rəqəm sellərinin zamana görə birləşdirilməsi təşkil edir. Yüksək iyerarxiya səviyyəsinə malik telekommunikasiya sistemləri bir neçə birləşdirmə pillələrindən istifadə etməklə aşağı iyerarxiya səviyyəsinə malik telekommunikasiya sistemlərinin əsasında təşkil edilir. Bu cür qurulma prinsipi müxtəlif iyerarxiya səviyyəsinə malik telekommunikasiya sistemlərində tipik çevirici avadanlıqlardan istifadə etməyə imkan verir. Aşağı iyerarxiya səviyyəsinə malik telekommunikasiya sistemlərinin rəqəm siqnallarının uyğun birləşdirmə pillələrindən istifadə etməklə birləşdirilməsi nəticəsində əldə edilən sistemlər ailəsi iyerxiya adlanır. Rəqəm telekommunikasiya sistemlərinin iyerarxiya sxemi tərtib edilərkən analoq və diskret siqnallarının birləşdirilməsi, ayrılması və tranzit ötürülüməsinin sadə həyata keçirilməsi, analoq və rəqəm telekommunikasiya sistemlərinin birgə işinin təmin edilməsi zəruriyyəti nəzərə alınmalıdır.

Plezioxron iyerarxiya sxeminin əsasını ilkin rəqəm telekommunikasiya sistemləri təşkil edir. Avropa standartına uyğun olaraq ilkin standart qrup kimi rəqəm selinin veriliş sürəti 2048 Kbit/san olan İKM-30 telekommunikasiya sistemindən istifadə olunur. BTİ-nin rəyinə görə ilkin sistem kimi qrup rəqəm selinin veriliş sürəti 1544 Kbit/san olan İKM-24 sistemində istifadə oluna bilər.

İkinci qrup ÇKTS-lərinin qrup rəqəm sellərinin veriliş sürəti 8448 kbit/san-dir. Bu rəqəm seli 120 ədəd kanal almağa imkan verən 4 ədəd ilkin ÇKTS-lərinin rəqəm sellərinin birləşdirilməsi yolu ilə və ya 90 ədəd kanal almağa imkan verən KTB ikinci standart qrup telekommunikasiya sisteminin 312-522 kHs tezlik spektrinin kodlanması və bir ədəd ilkin RTS-nin rəqəm selinin ötürülüməsi vasitəsilə əldə edilir. Standart ikinci qrup siqnalın çevrilməsi kanalları tezliyə görə bölünən ikinci analoq-rəqəm avadanlığı (ARA KTB-İQ) aparaturasının köməyi ilə həyata keçirilir.

Üçüncü qrup ÇKTS-nin rəqəm selinin sürəti 34368 Kbit/san-dir. Bu rəqəm seli 4 ədəd ikinci qrup rəqəm selinin zamana görə üçüncü qrup əmələgətirmə avadanlığının köməyi ilə birləşdirilməsi nəticəsində və ya üçüncü standart qrupun 812-2044 kHs tezlik spektrinin kodlanması və ikinci qrup ÇKTS-nin rəqəm seli ilə birgə ötürülməsi yolu ilə əldə edilir. Birinci halda 480 ədəd kanal, ikinci halda isə 420 ədəd kanal təşkil edilir. Bu telekommunikasiya sisteminin qrup rəqəm selinin sürəti 4×8448 Kbit/san-dən bir qədər böyük olur.

Dördüncü qrup ÇKTS-nin rəqəm selinin sürəti 139264 Kbit/san-yə bərabərdir. Bu rəqəm seli 4 ədəd üçüncü qrup rəqəm selinin zamana görə dördüncü qrup əmələgətirmə avadanlığı vasitəsi ilə birləşdirilməsi və ya televiziya siqnalının rəqəm siqnalına çevrilməsi və bir ədəd üçüncü qrup RTS-nin rəqəm seli ilə birgə ötürülməsi yolu ilə əldə edilir. Televiziya siqnalının rəqəm siqnalına çevrilməsi televiziya analoq-rəqəm avadanlığının köməyi ilə həyata keçirilir. Birinci halda 1920 ədəd tonal tezlik kanalı, ikinci halda isə bir ədəd televiziya yayım kanalı və 480 ədəd tonal tezlik kanalı təşkil olunur.

Hal-hazırda kənd telefon şəbəkələrində qrup rəqəm selinin veriliş sürəti 1024 kbit/san olan İKM-15 subbirinci qrup RTS və sürəti 704 kbit/san olan İKM-12 telekommunikasiya sistemlərindən istifadə olunur.

İKM-30 telekommunikasiya sistemi, əsasən, yerli rabitə şəbəkələrində, İKM-120 telekommunikasiya sistemi yerli və zonadaxili rabitə şəbəkələrində, İKM-480 zonadaxili və magistral rabitə şəbəkələrində və İKM-1920 telekommunikasiya sistemi isə magistral rabitə şəbəkələrində istifadə olunur.

2. Rəqəm telekommunikasiya sistemlərində istifadə olunan sinxronlaşdırma

İKM-lı telekommunikasiya sisteminin verici və qəbuledici stansiyalarının razılaşdırılmış şəkildə işləməsi üçün həmin stansiyalarda siqnalların işlənilmə sürətlərinin bərabərliyini, AİM siqnallarının razılaşdırılmış paylanmasını, idarəedici və qarşılıqlı əlaqə siqnallarının uyğun kanallar üzrə paylanmasını təmin etmək lazımdır. Bu məqsədlə qəbuledici stansiyanın generator avadanlığı takt tezliyi üzrə, rəqəm selinin dövrü və yüksək dövrü üzrə sinxronlaşdırılmalıdır.

Takt sinxronlaşdırılması son stansiyalarda siqnalların işlənilməsi sürətlərinin bərabərliyini təmin edir. Qəbuledici son stansiyada takt tezlik ayırıcısı ( TTA) vasitəsi ilə xətti rəqəm siqnalının spektrindən takt tezliyi ayrılır, verici və qəbuledici stansiyaların generator avadanlığının takt impulslarının izləmətezliyinin bərabərliyi təmin olunur. İKM-lı telekommiunikasiya sisteminin qrup siqnalının veriliş dövrü kanal intervallarından ibarətdir ki, bunlardan ikisində sinxrosiqnal impulsları, idarəedici və qarşılıqlı əlaqə siqnalları, köməkçi siqnallar və verilənlərin ötürülməsi siqnalları yerləşdirilir.

YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat  Kollecinin Telekommunikasiya fakültəsi, Çoxkanallı Telekommunikasiya Sistemləri ixtisasının son kurs tələbəsi Əhmədli Lamiyə

Həmçinin bax: Telekommunikasiya sistemlərində maneələr

Həmçinin bax: https://turaz.org/din-senbe-ve-bazar-gunleri-onlarla-sexse-cinayet-isi-baslanilib/