Parnik effekti
Parnik (istilik) effekti – atmosferin Günəş radiasiyasını buraxıb, yer şüalanmasını saxlayaraq, bununla da Yerin istilik toplamasına kömək etmək xassəsidir.Hazırda yer səthinin orta temperaturu +15 dərəcə selsi təşkil edir.Əgər yerin parnik effekti olmasa idi , bu göstərici -18 dərəcə selsi olardı.Deyilənləri ümumiləşdirsək, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əhəmiyyətli mexanizmlərdən biri sayılır.Lakin atmosferdə istilik effekti yaradan qazların miqdarı artmağa başladıqda bu yer səthində həyatın mövcudluğu üçün olduqca böyük təhlükə yaradır.
Parnik effekt yaratmaqda su buxarı böyük rol oynayır.Bu baxımdan atmosferdəki yüksək konsentrasiyalı qazların da rolu böyükdür.Əsas istilik effekti yaradan qazlar aşağıdakılardır; Karbon 2-oksid, metan, azot oksidləri, freonlar və troposfer ozonu və s. Son yüz illərdə bu qazların miqdarı kəskin artmışdır ki, bu da planetimizdə son yüz ildə illik temperaturun 1 dərəcə selsi artmasına səbəb olmuşdur.Nəzərinizə çatdıraq ki, temperatur artımındaki 0,75 dərəcə selsi son 10 illiyə təsadüf edir.
İqlimin qlobal istiləşməsi müxtəlif nəticələrə gətirib çıxara bilər: Bəzi regionlarda yağıntının çoxalması və ya quraqlıq; buzlaqların əriməsi; subasmalar və dəniz səviyyəsinin artması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması; təbii kataklizmlərin və infeksion xəstəliklərinin sayının artması və s. Mütəxəssislərin fikrincə, temperaturun 10-15 dərəcə selsi artması həyatın məhvi ilə nəticələnə bilər.Əgər temperaturun bu şəkildə artması davam edərsə 130-200 il sonra yerdə həyat mövcud olmayacaq. Qlobal kataklizmlərin artması isə artıq müşahidə olunmaqdadır.İqlim dəyişməsi həm təbii, həm də sosial-iqtisadi proseslərə böyük təsir göstərir.İqlimin dəyişməsi üzrə dövlətlərarası komitə XXI əsrdə temperaturun qlobal yüksəlməsi nəticəsində əhalinin həyat tərzinin, iqtisadiyyatın və energetikanın dəyişdirilməsi üzrə altı alternativ ssenari təhlil etmişdir.
Bu tədqiqatlar zamanı təbii və sosial-iqtisadi sistemin həssaslığı, uyğunlaşması və zəifləməsi (dağılması), əlaqələndirilmə məsələlərinə diqqət ayırmışdır. Həssaslıq-sistemin iqlim şəraitinin dəyişməsinə reaksiya (cavab) vermək qabiliyyətidir. Uyğunlaşma – başlanacaq iqlim dəyişməsinə iş rejimini dəyişməkdə sistemə verilmiş imkanlardan, sistemdə gedən proseslərin sürəti, istiqaməti və bu zaman baş verəcək strukturlaşma imkanlarından asılıdır.Zəifləmə, dağılma sistemə dəyən ziyanın dərəcəsini müəyyənləşdirir.
İqlimin istiləşməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər işlənib hazırlanmışdır. Fəqət unutmayaq ki, bu tədbirlərin effektiv nəticə verməsi üçün yerli tədbirləri beynəlxalq tədbirlərlə birlikdə həyata keçirmək lazımdır.Hər iki səviyyədə keçirilən tədbirlər sistemində aşağıdakılar nəzərə alınmalıdır.
- Mütərəqqi, qabaqcıl texnologiyalardan istifadə
- Enerjyə qənaət olunması
- Kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi.
Bundan əlavə, parnik effektinin və atmosferin çirklənməsinin pik həddə çatmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir;
- Sənaye müəssisələrində təmizləyici quröuların qoyulması ilə atmosferə atılan parnik qazlarının miqdarının azaldılması
- Qeyri-ənənəvi enerji mənbəələrindən istifadə edilməsi. Bura külək enerjisi, günəş enerjisi və s. daxldir
- Meşələrin qırılmasının qarşısının alınması və yeni meşə sahələrinin salınması
- Tullantıların çeşidlənərək xüsusi zavodlarda utilizə edilməsi və bu yolla atmosferə tullanan zəhərli qazların miqdarının minimuma endirilməsi
- İri şəhərlərdən atmosfer çirklənməsinin qarşısını almaq məqsədilə tıxacların sayını azaltmaq üçün müəyyən tədbirlərin görülməsi.
Bu cür tədbirlər ayrı-ayrı ölkələrin siyasətinin başlıca istiqamətlərindən olmalıdır. Çünki qlobal problemlər dövlət sərhədləri tanımır və atmosferin çirklənməsi məhz belə qlobal problemlərdəndir.
Mənbə:
1.Ümumi Ekologiya (R.R. Əhmədova, A.E. Hüseynova)
2.Ekologiya, Ətraf Mühit və İnsan (Q.Məmmədov, M.Xəlilov)
YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Atillanın sonuncu Roma səfəri və ölümü
HƏMÇİNİN BAX: Tehsilim.org/x-sinfe-qebul-prosesinin-son-gunu/