Paleolit dövrü

Daş dövrü qədim (Paleolit), orta (Mezolit) və yeni (Neolit) dövrlərinə bölünür.
Bəşər tarixinin Paleolit və ya Qədim daş dövrü bir sıra arxeoloji mərhələlərə bölünür:

Alt və ya ilk Paleolit dövrü – təxminən 2-3 mln – 100-80 min il bundan əvvəlki dövrü əhatə edir. Orta Paleolit 100-89 min ildən 35-33 min il bundan əvvəlki, Üst və ya Son Paleolit dövrü 35 min il bundan əvvəl başlayıb, 12 min il bundan əvvəl qurtarmışdır.

Paleolit terminini elmə ilk dəfə olaraq 1865-ci ildə ingilis alimi Lebbok gətirmişdir. Paleolit insanlarının yaşadığı dövr – eopleystosen və pleystosen geoloji dövrlərinə uyğun gəlir. Bu dövrlər nisbətən istiləşmələrlə növbələşərək, həm də soyuqlaşmalarla, yəni buzlaşmalarla xarakterizə olunur. Buzlaşmaların əsas mərkəzləri Skandinaviya, Taymır və Şimali Amerika dağlarında olmuşdur. Böyük buz kütlələri cənuba doğru hərəkət edirdi. Bununla birlikdə Alp, Qafqaz, Altay və Himalay dağlarında dağ buzlaşmaları daha geniş inkişaf edirdi.

İlk paleolit düşərgələri keçmiş SSRİ ərazisində, əsasən Cənubi Qafqaz ərazisində öyrənilmişdir. Azərbaycan ərazisində Daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə 1956-cı ildə Elmlər Akademiyasının Tarix muzeyində M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur. Bu ekspedisiya Damcılı, Daşsalahlı, Azıx, Tağlar və s. mağara düşərgələrində arxeoloji qazıntı işləri aparmışlar. Damcılı mağara düşərgəsində aşkar olunmuş daş məmulatlarının hazırlanma texnikası və tipologiyasına əsasən onların Mustye, Üst Paleolit, Mezolit və Neolit dövrlərində hazırlandıqlarını söyləmək mümkün olmuşdur. 1958-ci ilin yayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Daşsalahlı mağara düşərgəsində 354 ədəd daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Bu daş məmulatlarının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların da Orta Paleolit dövründə hazırlandıqlarını demək olar.
1959-cu ildə M.M.Hüseynovun rəhbərliyi ilə Paleolit arxeoloji ekspedisiyası Qazax rayonunun Qazaxbəyli və Tovuzun Ağbaşlar kəndi ərazisində Mustye mədəniyyətinə aid çaydaşından hazırlanmış itiuclular və qəlpələr toplanmışdır.

Qədim Paleolit dövründə insanlar əmək prosesində istifadə etmək üçün daşdan olduqca müxtəlif formalı əmək alətləri hazırlayırdılar. Bunların içərisində əsas yeri çağıl daşı alətləri və əl çapacaqları tuturdu. Arxeologiyada Alt Paleolitdə meydana gəlmiş daşişləmə üsulu çapma texnikası adlanır. Alt paleolit abidələri iki növdən – açıq düşərgələrdənmağaralardan ibarətdir.Bu dövrün yaşayış məskənləri, əsasən, müvəqqəti ovçuluq təsərrüfatı və daş istehsalı mənbələri yeri olmuşdur. İnsan sürüləri açıq düşərgələrdə və ya çox da dərin olmayan kahalarda və qayaaltı meydançalarda yaşayırdılar. Açıq düşərgələrin varlığı arxantropların oturaq həyat keçirmələrini, ibtidai kollektivlərin mövcud olmasını, ov üçün münasib olan yaxın yerləri, bitki ehtiyacı və ət yeməkləri üzərində bir növ kollektiv mülkiyyətçiliyin olmasını sübut edir.
Mustye dövrü, əsasən, neandertalların yaşadığı müddəti əhatə edir. Mustye mədəniyyəti riss-vürm buzlaşmalararası dövrünün sonuna və vürm buzlaşmasının başlanğıcına təsadüf edir. Neandertalların yayıldığı ərazi olduqca geniş və onların təbiətə uyğunlaşması prosesi Alt Paleolit dövrü adamlarına nisbətən daha fəal olmuşlar. Mustye dövrünün ən xarakterik cəhətlərindən biri levallua və Mustye itiuclu əmək alətlərinin meydana çıxıb geniş inkişaf etməsindən ibarətdir. Mustye dövrü alətlərinin bir qrupunu da dişli və ya girintili-çıxıntılı hissəyə malik olanlar təşkil edir.Arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş ən qədim qəbir abidəsi də Mustye dövrünə aiddir. Keçmiş SSRİ ərazisində ən qədim qəbir abidələri Orta Asiyada Teşik-Taşdan və Krımda Staroselyedən məlumdur. Qəbir abidəsinin meydana gəlməsi, şübhəsiz, ölüm və həyat anlayışı haqqında ilk təsəvvürlərin yaranması ilə bağlıdır. Görünür, bu ideya ruhun və axirət dünyasının varlığı haqqında ilk yanlış təsəvvürlərin rüşeym halında meydana gəlməsi ilə əlaqədardır.
E.ə. 35-33 min il əvvəl bəşər tarixində Üst və ya Son Paleolit adlanan yeni bir dövr başlandı. Bu dövr insanın müasir fiziki tipinin təşəkkülü və əmək alətlərinin hazırlanmasına yeni texniki üsulların yarandığı bir dövrdür. Üst paleolitin əmək alətləri hazırlama texnikası özünün yeniliyi və bu məqsədlə daha mükəmməl üsulların tətbiqi ilə fərqlənir. Alətlərin böyük əksəriyyəti düz, uzun, çubuqvarı daş lövhələrdən hazırlanırdı. Üst paleolit dövrünə aid bir neçə arxeoloji mədəniyyət Krımda və Qafqazda öyrənilmişdir. Qafqazda ən geniş yayılmış arxeoloji mədəniyyət kompleksi İmereti adlanır. Bu mədəniyyət çoxtəbəqəli Taro-Kolde, Sakajna və digər mağaraların arxeoloji materialları əsasında tədqiq edilmişdir.


Azərbaycan ərazisində Üst paleolit izlərinə əsasən Qazax rayonu ərazisində Damcılı mağarasında və Yataq yeri, Sarı qaznaq, Qaya yatağı açıq düşərgələrdə təsadüf edilmişdir. Tədqiqatçıların fikrincə, Damcılı düşərgəsindən nəinki yaşayış yeri kimi, həm də alət hazırlamaq üçün bir emalatxana kimi istifadə edilmişdir.

Təbiətlə təmasda olan Üst Paleolit dövrü ovçularında onları əhatə edən mühit haqqında konkret və abstrakt təsəvvürlər yaranmışdır. 1879-cu ildə M.Sautuol tərəfindən İspaniyanın Altamir mağarasında açılmış ibtidai təsvirlər elmdə gözlənilmiş olduğu qədər də son dərəcə mühüm bir kəşf oldu. Bu mağaranın tavanında kərpic rəngli oxra ilə çəkilmiş bizon və at təsvirləri aşkar olunmuşdur.
Hal-hazırda içərisində müxtəlif rəsm təsvirləri olan 40-dan çox mağara abidəsi məlumdur. Bunların içərisində Beloye çayı sahilində Ural dağındaki Kapovaya mağarası daha zəngindir. Bu mağaranın rəsm külliyyatında mamont, kərkədan, at təsvirləri daha geniş yer tutur.

Yazar: Nərmin Hüseynova

Həmçinin bax: Nüvə partlayışı II hissə

Həmçinin bax: turaz.org/cin-ve-hindistan-esgerleri-arasinda-toqqusma-coxlu-sayda-olen-var-video/