Orqanogenez

Qastrulyasiya nəticəsində rüşeymin hər üç vərəqlərindən – ektoderma, endoderma və mezoderma formalaşır. Sonra isə mezenxim toxuması əmələ gəlir. Rüşeym vərəqlərindən və mezenximdən müxtəlif orqanlar inkişaf edir. Bu proses orqanogenez adlanır (yunanca genesis – yaratmaq, inkişaf).

Morula. Çoxalmış blastomerlər toplusu olub, kürəşəkillidir. Onda olan bütün hüceyrələrin kütləsi ziqotun kütləsindən az olur. Çünki bölünmələrə sərf olunan enerji oradakı maddələr hesabına ödənilir.

Blastula. Bu mərhələdə moruladakı hüceyrələr kənara çəkilir. İçəridə bir boşluq əmələ gəlir. Boşluqda maye toplanır. Bu, blastula boşluğu adlanır. İnkişaf zamanı bu boşluq yox olur.

Qastrula. O, blastula hüceyrələrinin içəri çəkilməsi yolu ilə yaranır. Rüşeym ikiqatlı olur. Qastrula zamanı yaranan boşluq qastrula boşluğu adlanır. Bu boşluq inkişaf zamanı həzm kanalına çevrilir. Qastrulanın xarici qatı ektoderma, daxili qatı isə endoderma adlanır. Sonrakı inkişaf mərhələsində ektoderma və endoderma arasında mezoderma qatı da yaranır. Bunların hər üçü rüşeym təbəqələridir. Rüşeym təbəqələri müxtəlif orqanlara və orqanlar sisteminə başlanğıc verir.

Neyrula (orqanogenez). Bu mərhələdə toxumalar və orqanlar formalaşmağa başlayır. İlk bağırsaqboşluqlarının bel tərəfindən xorda inkişaf edir. Ekdodermanın bəzi hüceyrələri lövhə şəklində düzülür, sonar daxilə çökərək sinir borusunu əmələ gətiri. Onurqalı heyvanlarda sinir borusu onurğa beynini əmələ gətirir. Onurğa beyni genişlənərək başbeyinə başlanğıc verir. Hamiləliyin üç ayı ərzində bütün orqanlar tamamilə formalaşmış olur.

Ektoderma mənşəli orqanların inkişafı.
  1. Dərinin epidermis qatı, epidermisin törəmələri (tük,lələk, pulcuq, caynaq,

dırnaq, buynuz), tər vəziləri, piy vəziləri, o cümlədən məməlilərdə olan süd vəziləri.

  1. Sinir sistemi orqanları.
  2. Görmə orqanları.
  3. Eşitmə orqanları.
  4. Həzm kanalının başlanğıc və son hissəsi, o cümlədən ağız suyu vəziləri.
Dərinin inkişafı.

Rüşeymin inkişafının lap ilk mərhələlərində ektoderma 2 hissəyə diferensiasiya edir: dəri ektoderması və sinir ektoderması. Dəri ektodermasından dərinin epitel qatı – epidermis və digər sturukturlar inkişaf edir.. Lakin dərinin formalaşmasında mezoderma da iştirak edir. Bir qatdan ibarət olan rüşeymi ektoderma əvvəlcə ikiqatlı, sonra isə çoxqatlı dəri epidermisinə çevrilir.

Sinir sisteminin inkişafı.

Heyvanlar aləmində sinir sistemi ilk dəfə bağırsaqboşluqlularda meydana çıxmışdır. Sinir sisteminin təkamülündə dörd quruluş forması müşahidə olunur: səpkili yaxud diffuz, sapabənzər, düyünlü və borulu sinir sistemi.

Səpkili sinir sistemi hidropolipdə təsadüf edilir.

Bunların sinir sistemi ektodermada səpilmiş halda yerləşən sinir hüceyrələrindən təşkil olunmuşdur. Süinir hüceyrələri bir-biri ilə çıxıntıları vasitəsilə rabitədə olaraq tor əmələ gətirir. Ona görə diffuz və ya torvari sinir sistemidə adlanır. Əgər qıcıq sinir hüceyrəsinin bir tərəfindən qəbul edilərsə, dərhal oyanma bütün sinir sistemi boyu yayılır və nəticədə dəri-əzələ hüceyrələrinin hamısı yığılır, heyvan yumağa bənzər forma alır.

Sapabənzər sinir sistemi meduzalarda müşahidə edilir. Onlar bir-biri ilə sinir lifləri ilə birləşir, onlarla birlikdə sapabənzər kəmər əmələ gətirirlər.

Düyünlü sinir sistemi qurdlarda, molyusqalarda və buğumayaqlılarda təsadüf edilir. İlk dəfə yastı qurdlarda əmələ gəlmişdir. Sinir düyünləri bir cüt olub başda yerləşir. Hər birindən bir ədəd sinir sütunu çıxaraq yan tərəflə arxaya doğru gedir və çoxlu periferik şaxələr verir.

Borulu sinir sistemi onurğalı heyvanlarda müşahidə olunur. Sinir sisteminin mayası boru formasında olur və beyin borusu adlanır. Bu borunun baş (kranial) hissəsi kəllədə yerləşərək genişlənir baş beyni əmələ gətirir. Beyin borusunun quyruq (kaudal) hissəsi onurğa kanalında yerləşir. Bu hissədən onurğa beyni inkişaf edir.

Görmə orqanları

Görmə orqanının filogenezinə nəzər salsaq görərik ki, o hələ sadə quruluşa malik olan çoxhüceyrəli onurğasız heyvanlarda meydana çıxmışdır. Lakin heyvanlar aləmi inkişaf etdikcə görmə orqanı da inkişaf etmiş və quruluşca mürəkkəbləşmişdir.

Görmə orqanında 2 cür aparat əmələ gəlmişdir: 1. əsas aparat-göz alması, 2.köməkçi aparat-göz qapaqları, əzələlər, qaşlar, kirpiklər, göz yaşı vəziləri.

Fərdi inkişaf zaqmanı gözün ilk başlanğıcı ara beynin divarında göz qovuğu şəklində meydana çıxır. Rüşeymin inkişafı zamanı göz qovuğu ara beyindən ayrılır və nazik göz saplağı vasitəsilə ara beyinlə birləşir. Göz qovuğu böyüyərək biləvasitə ektoderma ilə təmasda olur və eyni zamanda göz qovuğunda mürəkkəb morfoloji dəyişikliklər baş verir. Mezodermal mənşəli hüceyrəvi materialdan (mezenximdən) damarlı qişanın qan damarları inkişaf edir. Bu damarlar torlu qişanı qidalandırır.Ektodermal epiteldən isə billur inkişaf edir.

Eşitmə orqanının inkişafı

Eşitmə orqanı buğumayaqlılarda müşahidə edilmişdir. Lakin qulaq ilk dəfə onurğalı heyvanlarda meydana çıxmışdır.

Rüşeymin inkişafının ilk mərhələsində (insanda üç həftəliyində) arxa beyin nahiyyəsində ektodermadan qalınlaşma meydana çıxır. Həmin qalınlaşma eşitmə lövhəsinə çevrilir. Sonra lövhənin mərkəzi hissəsi daxilə doğru basılır və eşitmə qovuğunu əmələ gətirir. Eşitmə qovuğu eşitmə və müvazinət orqanlartının mayasını təşkil edir. Eşitmə qovuğu ektodermadan ayrılır və embrional inkişaf zamanı daxili qulağı əmələ gətirir.

ENTODERMAL MƏNŞƏLİ ORQANLARIN İNKİŞAFI

Entodermadan aşağıdakı orqanlar inkişaf esir:

  1. Xorda (ox orqanı)
  2. Həzm orqanları
  3. Qara ciyər, öd kisəsi və mədəaltı vəzi
  4. Tənəffüs orqanları
  5. Həzm orqanlarının inkişafı

Filogenetik baxımdan həzm orqanı – həzm kanalı da qədim orqanlardan biridir.

Fərdi inkişaf zamanı qastrulyasiya nəticəsində entodermadan xorda və mezoderma ayrıldıqdan sonra, entodermanın qalan hissəsindən  həzm kanalı formalaşır-ilk bağırsaq əmələ gəlir.

Meydana çıxan ilk bağırsağın bütün hissələri əvvəlcə eyni olur, sonra müxtəlif şöbəyə-ön və arxa şöbələrə diferensiasiya olunur.

Ağız ektoderma mənşəlidir. O, ön bağırsaqla təmasda olan dəri ektodermasından inkişaf edir. Ağız nisbətən gec meydana çıxır. Əvvəlcə ağız kiçik dəlik şəklində olur və ağız boşluğu bu mərhələdə ilk bağırsaq borusunun kranial ucundan udlaq zarı vasitəsi ilə ayrılır. Sonralar rüşeymin inkişafının müəyyən dövründə udlaq zarının dəlinməsi nəticəsində ağız boşluğu həzm kanalı ilə birləşir.

Tənəffüs orqanlarının inkişafı

Tənəffüs orqanları meydana çıxana qədər heyvanlar bədən səthi ilə tənəffüs etmişlər. Tənəffüs orqanı ilk dəfə həlqəvi qurdlardan olan qum qurdunda meydana çıxmışdır. İlk tənəffüs orqanı qəlsəmə şəklində örtük toxumasının şaxəli çıxıntılarından inkişaf edir.

Ağ ciyər ilk dəfə molyuskalarda əmələ gəlmişdir. Qarınayaqlı ilbizlərdə manti cibciyi formasında ağ ciyər formalaşır. Ağ ciyərin divarında qaz mübadiləsi gedir. Hörümçəkkimilər qarıncıqda yerləşən bir cüt ağ ciyər kisələri və bir cüt traxeyalar vasitəsilə tənəffüs edirlər, yəni iki cür tənəffüs edirlər.

Onurğalıların fərdi inkişafı zamanı ağ ciyərlər ilk bağırsağın ventral hissəsindən əmələ gəlir. Həmin nahiyyədə əvvəlcə kiçik qabarıq meydana çıxır. Onun ön genişlənmiş hissəsi qırtlağa differensiasiya olunur. Orta hissəsindən traxeya inkişaf edir. Digər kor ucu dixotomik şaxələnərək bronxları əmələ gətirir. Bronxların şaxələnməsi ilə əlaqədar olaraq ağ ciyərlərin əmələ gəlməsi başlanır. Bronxlar dəfələrlə şaxələnir və nəticədə çoxlu miqdarda bronxiollar yaxud bronx kapilyarları meydana çıxır. Sonra isə hər bir bronx kapilyarlarının ucunda ağ ciyər qovuqcuqları – alveolları əmələ gəlir. Beləliklə ağ ciyərlər formalaşır.

 

YAZAR: Fidan Əmirəliyeva

 

Həmçinin bax: https://kafkazh.com/menstruasiya-zamani-yaranan-pozgunluqlar/

Həmçinin bax: https://kafkazh.com/katarakta-nedir/

Həmçinin bax: https://tehsilim.org/ali-tehsil-muessiselerine-qebul-olmaq-isteyen-subbakalavrlarin-qeydiyyati-basa-catir/