Onlar cəzasız qala bilməz – Millət vəkili
Milli Məclisin sessiyalarında sosial şəbəkələrin tənzimlənməsi məsələsi bir neçə dəfə qaldırılıb. Hesab edirəm ki, payız sessiyasında bu məsələ ətrafında çox ciddi müzakirə aparılmalıdır.
Bunu Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov sosial şəbəkələrin tənzimlənməsi yönündə müvafiq qanun layihəsinin hazırlanması haqda danışarkən deyib.
E.Nəsirov vurğulayıb ki, sosial şəbəkələrdə insanları təhqir edənlərin cəzasız qalması onları bu işə daha da şirnikləndirir:
“Mən sosial şəbəkələrin əleyhinə deyiləm. Təklifimin mahiyyəti hansısa sosial şəbəkənin bağlanması yönündə deyil, ola da bilməz. Sosial şəbəkələr bu gün həyatımızın ayrılmaz bir hissəsidir. Lakin bununla belə etiraf etmək lazımdır ki, sosial şəbəkələrin işinin tənzimlənməsinə ehtiyac var. Bu, artıq günümüzün ən aktual məsələsinə çevrilib, çünki həqiqətən də qlobal problemdir. Sosial şəbəkələr vasitəsilə istənilən adamın şərəf və ləyaqətini alçatmaq və ictimai nüfuzuna xələl gətirmək mümkündür. Bunu edirsən və cəzasız qalırsan. Cəzasızlıq da insanları və dövlətləri yeni-yeni cinayətlər törətməyə şirnikləndirir. Buna görə də Azərbaycan parlamentində sosial şəbəkələr haqqında qanun layihəsinin qəbuluna ehtiyac var”.
Elman Nəsirov bildirib ki, sosial şəbəkələrdən, xüsusilə, xaricdə yaşayan, özünü siyasi mühacir adlandıran şəxslər sui-istifadə edir:
“Bu şəxslər təhqir və söyüşü özləri üçün mübarizə yolu seçiblər. İstənilən adamın şərəf və ləyaqətini alçaltmaq və ictimai nüfuzuna xələl gətirmək üçün əllərindən gələni edirlər. Ən acınacaqlısı isə bu şəxslər sosial şəbəkələr vasitəsilə dezinformasiyalar yayaraq, ölkə nüfuzuna da xələl gətirməyə çalışırlar. İstənilən halda bu və bu kimi əməllər qəbul edilməlidir və ilk növbədə bu şəxslərlə mübarizə üçün sosial şəbəkələrin tənzimlənməsi yönündə qanuna ehtiyac var”.
Müxbir : kafkazh.com
Xüsusi müxbir : Ələkbərova Nuray
Mənbə : Axar.az