Ön cəbhədə ordumuz, arxa cəbhədə isə xalqımız düşmənlə savaşa hazırdır

XX əsrin əvvəllərindən Azərbaycana qarşı ərazi iddiaları sürən və təcavüzkar siyasət yürüdən Ermənistan bu gün də məkrli planlarını davam etdirir. Mənfur düşmən tarixboyu torpaqlarımıza göz dikib, amansız vəhşiliklər törədərək, dövlətimizə zərbə vurmağa çalışıb.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev deyib. O bildirib ki, ermənilərin Azərbaycanın tarixi torpaqlarına növbəti ərazi iddiaları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə etnik zəmində təxribatlarla başlayıb. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Münaqişə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ötən illər ərzində aparılan diplomatik danışıqlar, beynəlxalq səviyyədə təşkil olunan görüşlər münaqişənin həlli istiqamətində müsbət nəticələr verməyib.
İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində təmas xətti boyunca dinc əhalini və hərbi mövqelərimizi ağır silahlardan yenidən atəşə tutub. Bu silahlı təcavüz nəticəsində hərbi və mülki şəxslər ağır yaralanıb, həlak olublar: “Lakin Ermənistanın hərbi təxribatları müvəffəqiyyətlə dəf edilib, düşmənə sarsıdıcı zərbələr vurulub. Artıq düşmən bizim yüksək döyüş hazırlığı ilə seçilən güclü və intizamlı ordumuzun olduğunu çox gözəl bilir. Bizim Vətən yolunda döyüşlərdə iştirak etməyə hər an hazır olan, Ali Baş Komandanın göstərişini gözləyən oğul və qızlarımız var. Xalqımız bir yumruq tək sıx birləşməli, bayrağımızı işğal altında olan tarixi torpaqlarımızda dalğalandırmalıdır”.
Şükür Quliyev vurğulayıb ki, ön cəbhədə ordumuz, arxa cəbhədə isə xalqımız düşmənlə savaşa hazırdır. İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.
“Azərbaycan güclü dövlətdir, əldə olunan təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalıyıq”, – deyə Şükür Quliyev qeyd edib.

Mənbə: Azərtac
Müxbir: kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova