Oğuz Yabğu dövləti və oğuzlar
Oğuzlar türk ellərinin ən mühümlərindəndir. Bugünkü türklərin əksəriyyəti, yəni qərb türkləri (İran, Türkiyə, Azərbaycan, Türkmənistan , İraq və Balkan türkləri) oğuzların övladlarıdır. Oğuzlar müsəlman olandan sonra İran və Anadoluya mühacirət edib, səlcuqlar və osmanlılar kimi böyük islam dövlətləri qurmuşlar və islamın qorunub yayılmasına və maarif islamının təşkil və təkmilində kömək və iştirak etmişlər.
“Oğuz” sözü oklar (ok-uz) mənasındadır, əski türkcədə (z) və (uz) cəm əlaməti idi. Ok da el deməkdir. Oğuzlar VI əsrdə Göktürklərin bir qismini təşkil edərək, Selenqa və Tula çayları bölgəsində yaşayırdılar və fitrət dövründə, yəni 630-cu ildən sonra müstəqil olub doqquz oğuz xanlığını təşkil etmişlər və başbuğlarına yabğu deyirmişlər. İkinci Göktürk xaqanlığı qurulduğu zaman İltərişə məğlub olub yenə Göktürk dövlətinin əsas qismini təşkil edərək, onlarla bir eldən hesab edilirdilər. Bu məsələ Orxon yazılı daşlarında yazılmışdır.
İslam mənbələrində uyğurlardan doqquz oğuz adı ilə bəhs edilmişdir. Çünki Uyğur dövləti doqquz oğuz (ğuz) boyu və doqquz uyğur uruğundan (tayfasından) təşkil tapmışdır.
Doqquz oğuzlar — uyğurlar və üç oğuzlar — qarluqlar etnonimləri də buradan yaranmışdır. Dulu və nuşibilərin oxşar tipli ittifaqları oğuz adlanmırdı. Səbəb onların fərqli şəraitdə meydana çıxması, başqa sözlə desək, təbii şəkildə deyil, Göytürk xanının fərmanı ilə formalaşması idi. Buna görə də dulu və nuşibilər əvvəlki kimi «budun» olaraq qalırdılar və «On ok budun» — «on ox xalqı» adlanırdılar. «Budun» və «oğuz» terminləri arasındakı nisbət aşağıdakı şəkildə müəyyənləşir: Göytürklərin tabeliyindəki uyğurlar onlara münasibətdə «budun» sayılırdılar, lakin öz daxili quruluşlarını saxladıqlarından həm də oğuz olaraq qalırdılar.
Ona görə də Bilgə xanın bu sözləri deməyə əsası vardı: «Doqquz — oğuz xalqı mənim öz xalqım idi». Başqa sözlə desək, doqquz oğuzlar onatarduşların şadına münasibətdə budun idilər, yəni bilavasitə tabe vəziyyətdəydilər. Bu məsələyə dair mövcud ədəbiyyatı tənqidi öyrənən A. N. Kononov da «oğuz» termininin şərhində analoji nəticəyə gəlmişdir. O, yazır: «Oğuz məcmu etnik adının əsasını «qəbilə», «tayfa» mənasında işlənən «ok» təşkil edir, bu anlayış isə öz növbəsində qədim türk sözü olan «oğ» — «ana» ilə birbaşa bağlıdır. «Oğul», «nəsil» mənasında işlənən «oğul» və «qohum» mənası verən «oğuş» sözləri də həmin kökdən yaranmışlar». Beləliklə, «oğuz» sözü ilk vaxtlar sadəcə «tayfa», yaxud «tayfa ittifaqı» anlamında işlənə bilərdi. Sonralar isə bu söz məcmu mənalı etnik ada çevrildi. Məlum təsadüflərdə isə həmin etnonim artıq zəruri determinativ kimi müəyyənləşirdi. Məsələn, «doqquz oğuz» — yəni doqquz (müxtəlif) tayfa, üç oğuz» — yəni üç (müxtəlif) tayfa. Sonralar «oğuz» (eləcə də budun») termini özünün ilkin mənasını itirdi və müsəlman peyğəmbərləri sırasına daxil edilən türkmənlərin əfsanəvi əcdadı Oğuzun adına çevrildi.
İbn əl-Əsirin yazdığına görə oğuzlar VIII əsrdə (775-785) Mavərənnəhrə gəlmişlər. Daha əvvəl Talas ətrafına gəlmişlər və əsrin ikinci rübündən bəri Seyhun çayının məcrasında yerləşmişlər.
İslam müəllifləri Qaraçuq (Fərab) dağları ilə Xəzər dənizi arasındakı bozqıra Dəşti Oğuz demişlər. X əsrin birinci yarısında oğuzlar bir dövlət qurdular. Bu dövlətin qışlaq mərkəzi Yenikənd olub, başlarında yabğu var idi. Yabğunun canişininə gülarkin və ordu komandanına da subaşı deyirdilər.
Oğuzların qərbdəki qonşuları olan peçeneq və xəzərlərlə araları yaxşı deyildi. Şərqdəki qonşuları qarluqlarla da savaş halında idilər. Xarəzmin yerli xalqı da oğuzların basqısı altında idi. Quzeydə qıpçaqlarla, bəzən savaşıb bəzən də barışardılar. Bu oğuzlara türkmən də deyilirdi. İslam ölkələrinə mühacirət etdiklən sonra türkmən adı ilə məşhur oldular..
Yabğu zamanında oğuzlar üç ok və boz oklar adı ilə dəstə və təşkilat halında yaşayırdılar. Oğuzlar 24 boydan (qəbilə) ibarət olub , hər qəbilənin özünəməxsus möhrü (tamğası) var idi. Onların adları Mahmud Kaşğarinin “Divani-lüğa-tit-türk”də və Rəşid əd-Dinin “Came ət-təvarix” ində verilmişdir.
Boz ok boyları əksəriyyət təşkil edərək bunlardan ibarət idi: Qayı , Bayat, Alka evli, Kara evli, Yaxır, Dögər, Dodurqa, Əfşar, Kızık, Bigdeli, Karkın ya Çaruklı.
Üç oklar isə : Bayandır ya Bayəndur, Beçene, Çavuldur, Çipni, Salur , Eymur, Alayuntlu, Yürəgir, İğdır, Büğdüz, Yıva, ya İva və Kınıkdan ibarət idi.
X əsrdə qıpçaqların basqısı ilə yabğu dövləti süqut etdi. Bu hadisədə oğuzların mühüm bir qismini təşkil edən səlcuqların yabğudan ayrılıb cənuba köç etmələri mühüm rol oynamışdır. Yabğu dövlətinin süqutundan sonra oğuzların bir qismi Xəzərin şimalından keçərək, Qara dənizin şimalından Avropaya getdilər . Bir qismi də Hind yolu ilə Xorasana, İrana və Anadoluya gəldilər. Kiçik bir qismi də öz yerlərində qaldı. Bugünkü Orta Asiya türkmənləri onların övladlarıdır.
Ədəbiyyat:
1.Lev Qumilyov-Qədim Türklər Elm 1967
2.Cavad Heyət- Türklərin Tarix və Mədəniyyətinə Bir Baxiş. Baki 2009
YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Qəznəvilər dövləti
HƏMÇİNİN BAX: Tehsilim.org/ildirim-ebdulmehemmed-oglu-almaszade/