Obrazların funksiyaları

Ssenarilərdə süjet, 3 mərhələli strukturun doğru tərtib olun­ma­ması ilə yanaşı obrazların xarakterlərinin açılmaması ilə bağlı prob­lem­­lərə də rast gəlinir. Bəzən əsas qəhrəmanlar həddən artıq çox olur. Və biz əsas qəhrəmanın kim olduğunu və onu bu qədər çox əhatə edən mü­hit­in niyə yaradıldığını çox vaxt sadəcə anlamırıq. Kimi izləmək la­zım olduğunu anlamadığımız üçün bu bizi qıcıqlandırır.

Adətən filmlərdə 3 və ya 5 [maksimum 7] əsas personaj olur. Təbii ki, müsbət və mənfi qəhrəmanlar da bura aiddir. Bəzən bu siya­hı­ya yalnız müsbət qəhrəmanları aid edirlər, mənfi qəhrəmanlar isə ikin­ci dərəcəli rolu oynayır. Məsələn, yaponların çəkdiyi “Yeddi samu­ray” və onun Amerika versiyası olan “Möhtəşəm yeddilik” və ya “Azər­filimin” istehsalı olan “Yeddi oğul istərəm”  filmlərindəki kimi bü­tün qəhrəmanlar müsbətdirlər.

Əgər əsas qəhrəmanlar həddən artıq çoxdursa o zaman ortaya təbii bir sual çıxır: “Ssenaridə kimi silmək lazımdır?” Yəqin ki, bu obraz­ların içində sizin sevdikləriniz, favoritləriniz var, lakin obrazdan söz gedərkən əsas meyar “sevilən” olmamalıdır. Obrazları birləş­dir­məz­dən əvvəl və ya silməmişdən öncə obrazın əsas funksiyalarını yada sa­lın.

Ssenaridə olan hər obraza müəyyən rol ayrılmışdır. Onları dörd kate­qoriyaya bölmək olar:

    – Baş qəhrəman,

    – Dəstəkləyən obrazlar və əksqüvvə

    – Epizodik  obrazlar,

    – Tematik obrazlar,

 

  1. Baş qəhrəman

Baş qəhrəman hərəkət “edir”. Belə ki, baş qəhrəman – hekayənin irə­li­ləyişi üçün yeganə imkandır. Baş qəhrəman – fokus tuşlanmış bü­tün xətləri yaxınlaşdırır. Baş qəhrəmanın köməyi ilə əsas münaqişə həll olunur.

Adətən baş qəhrəman bütövlüklə – müsbət qəhrəman olur. Bu he­ka­yə onun haqqındadır. Bu bizim maraqla izlədiyimiz, narahat oldu­ğu­muz, üzüldüyümüz personajdır. O bizi bəzən güldürür, bəzən isə biz on­un əvəzinə qorxuruq. Doğrudur baş qəhrəmanın heç bir qüsuru ol­ma­­malıdır deyə bir fikir mövcud deyil.  Onun çatışmayan cəhətləri ola bi­lər, qəzəblənə bilər və ya intiqam almaq istəyər, lakin başlanğıcda müt­ləq o müsbət biri olmağa “məcburdur.”

Bəzən baş qəhrəman – 100 faiz mənfi personaj [“Küləklə sov­ru­lan­lar” “Amadey” “Las-Veqasda qorxu və nifrət”] olur. O zaman biz he­kayəyə onun nəzərləri ilə baxırıq, lakin bu halda ona rəğbət bəs­lə­mə­sək də onu anlayırıq, çünki müəllif onun “pisliyinə” haqq qa­zan­dı­rır. Yəni hər bir müəllif yaratdığı obrazın xarakterini açarkən onun hə­rə­­­kətlərini əsaslandırmağı bacarmalıdır.

Bəzən baş qəhrəman mənfi personaj olsa da onda müsbət keyf­iyyət­lər də olur [“Leon” filmindəki qatil Leonu yadınıza salın]. Bu hal­da biz heç nəyə baxmayaraq, ona rəğbət bəsləyirik. Yeri gəlmişkən, bu, müasir dünya kinosunda özünü qabarıq göstərən tendensiyadır: baş qəh­­rəman – heç də həmişə müsbət deyil.

Mütləq baş qəhrəman kiminsə tərəfindən “mühasirəyə alınmış” olmalı­dır ki, münaqişə yaransın. Bu bir nəfər də ola bilər, insan küt­lə­si də. Əsas odur ki, onlarla baş qəhrəmanın fikirləri bir-birinə əks ol­sun.  Motsart – Salyeri [“Amadey”], Pol Piter – Con Buk [“Şahid”].

 

  1. Yardımçı obrazlar

Hekayədə irəliyə [inkişafa] doğru hərəkət etmək, münaqişənin öh­də­sindən gəlmək və qarşıya qoyulmuş hədəfə çatmaq üçün baş qəh­rə­man yalnız olmamalıdır. Mütləq onu əhatə edən, ona lazımı info­r­ma­si­­yanı verən və ya onunla münaqişəyə girən, hədəfə çatmaqda ona ma­ne olan digər obrazlara [çevrə] ehtiyac var.

Belə obrazlar köməkçi və ya yardımçı obrazlar adlanır.

Onlardan biri adətən ETİBAR EDİLMİŞ ŞƏXS olur [belə yanaş­ma XVIII əsrdə ingilis komediyalarında daha çox yayılmışdır]. Qəh­rə­man məhz bu adama özünün ən gizli sirlərini açır. Onlar birlikdə qəh­rə­manın gələcək hərəkətlərini müəyyənləşdirirlər.

Bəzi filmlərdə bu adam qəhrəmanla bərabər bir səviyyədə ola bilir. Məsələn, “Ölümcül silah”  filmində olduğu kimi. Bu filmdə baş qəh­rəman və yardımçı obraz bir-birinə etibar edən dostlardır.

Yardımçı obrazlar  həmçinin baş qəhrəman üçün katalizator funk­si­yasını yerinə yetirə bilər.  O sonuncu əsas informasiyanı verir və qəh­­rəmanı hərəkətə vadar edir. [“Gələcəyə dönüş-1” də dəli ixtiraçı Dok Marti üçün katalizatordur].

Çox vaxt katalizator baş qəhrəmanın trans­formasiyasını güclən­di­rir və onu daha sürətli dəyişməyə məcbur edir.

Demək olar ki, bütün hekayələrdə katalizator funksiyalarını yeri­nə yetirən belə personaja rast gəlmək olur. Qəhrəman tək başına hərə­kət edə bilmir. Yaxşı yazılmış köməkçi obraz qəhrəmanı sadəcə dialoq vasi­təsilə deyil, həm də hərəkət vasitəsilə hekayənin sonrakı inki­şa­fı­na təhrik edir.

Bu obrazların yuxarıda saydıqlarımızdan başqa funksiyaları da var. Belə ki, onlar baş qəhrəmanın müxtəlif keyfiyyətlərini nümayiş etdir­mək, onun hərəkətlərinə diqqət çəkmək üçün də lazımdırlar.

 

 

  1. Əks qüvvə

Əks qəhrəman və ya qüvvə baş qəhrəmanın münaqişədə olduğu tərəf­dir. Obraz, təbii şəraitlə, başqa bir insan, mücərrəd bir güc və ya öz-özü ilə münaqişəyə girə bilər. Əks qüvvənin mütləq bir insan ol­ma­sı vacib deyil. Uşaq  quldurla, polis cinayətkarla, şəhər əhli terrorçu ilə, qəsəbə sakinləri köpəkbalığı və ya gözəgörünməz qüvvələrlə qarşı-qar­şıya gələ bilər. “Qladiator” filmində Maksimus Kommodusla, “Erin Bu­koviç” filmində Erin suya xərçəng xəstəliyinə səbəb olan maddə qarış­dıran şirkətlə qarşı-qarşıya gəlir. Əks qüvvələrin bir-birinə zidd məq­sədləri var. Birinin məqsədə çatması digərinin məğlubiyyətidir və de­məli,  bu güclər qarşı-qarşıyadırlar.

 

  1. Epizodik obrazlar

Əgər ssenaridə yalnız baş qəhrəman və onu dəstəkləyən bir neçə ob­raz mövcuddursa biz, bir qayda olaraq filmə marağımızı tez itiririk. De­məli, ssenaridə başqa obrazların da olması vacibdir. Belə per­so­naj­lar EPİZODİK OBRAZLAR adlanır. Onlar filmdə önəmli rol oyna­ma­sa­lar da filmin həcmini artırmaqla hadisələri  daha da maraqlı edirlər.

Bəzi ssenarilərdə baş qəhrəmana qarşı çıxan personajlara rast gəli­rik. Adətən belə obrazlar xarakter etibarı ilə qəhrəmandan zəif olur və bu da qəhrəmanın müsbət keyfiyyətlərinin daha da qabarıq görün­mə­sini təmin edir.

 

  1. Tematik obrazlar

Filmin mövzusunu vurğulayan başqa surətlər də mövcuddur. Belə surət­lər TEMATİK OBRAZLAR adlanır. Bəzən ssenarist əsəri işlə­yər­kən daha çox baş qəhrəmanın obrazına və bir az da ideyaya valeh olur, nəin­ki hadisəyə. Çünki bu əsəri yazmaq fikrini onda məhz ideya oya­dır.

Əslində isə ssenarinin ideyası məhz obrazlar vasitəsi ilə açılır. Çox vaxt tematik ssenarilərdə  balans və ya tematik xarakterlər möv­cud olur.

Məsələn, “Hindistana Səfər” [A Passage to İndia, 1984, rej. Devid Lina]  filmi İngiltərənin Hindistanın müstəmləkələşdirməsi ilə bağ­lı bütün problemləri qabardan filmdir. Missis Mur və Riçard Fildinq filmin əsas mövzusunun açılmasına xidmət edirlər. Bu iki ob­raz olmasa müstəmləkələşdirmənin pis və ya yaxşı olduğu qənaətinə var­mırdıq. Çünki məhz bu personajların sayəsində problem bütün çətin­likləri ilə açılır.

Bəzi ssenarilərdə balansı qoruyan belə obrazlar mütləq lazımdır, çün­ki onlarsız film sadəcə mövzusunu itirir. Çox vaxt balans xarak­ter­lər­dən mənfi qəhrəmanları müsbət qəhrəmana və ya əksinə çevirmək üçün də istifadə olunur.

Tematik obrazların bəziləri seçilmiş mövzunun, əsas ideyanın tamam­ilə açılması, müxtəlif nöqteyi-nəzərlərdən işıqlandırılması üçün isti­fadə olunur. Məsələn, “Hindistana Səfər” filmində professor Qod­boy “Hind fəlsəfəsinin səsini”, Fildinq – “inteqrasiyanın lehinə olan səsi”, missis Mur – “sabitləşmənin səsi”ni təmsil edir. Təbii ki, bu obraz­lar başqa funksiyaları da icra edirlər, lakin mövzuda əsas vurğu məhz bu ideyalar üzərindədir.

Belə obrazların yaradılmasında aşırı bədiilikdən və uzun dialoq­lar­dan qaçmaq lazımdır. Məsələn, “Hindistana səfər” filmində biz qəhrəmanların baş verən hadisələrə münasibətini uzun monoloq və dialoq­lardan öyrənə bilərdik, lakin film boyu onların HƏRƏKƏT­LƏR­İNİ izləməklə biz bu münasibəti daha yaxşı anlayırıq.

Tematik xarakterlər həm də müəllif niyyətinin ifadəsi üçün isti­fadə olunur. Məsələn, “Ulduz müharibələrində” belə personaj Obi-Van Kenobidir. Müəllif bu obraz vasitəsilə hər hansı hadisə haqqında fikri­ni tamaşaçıya çatdıra bilir.

Tamaşaçıya müəllif fikrinin hansı personajın dili ilə çat­dır­ıl­ma­sı­nı bilmək o qədər də əhəmiyyətli deyil. Müəllifin həqiqətən ta­ma­şa­çı­ya demək istədiyi bir fikri olanda məhz belə bir personaja ehtiyac du­yur. Məsələn, “Çənələr1” filmində Mitt, “Hindistana Səfər” filmində isə Mur məhz bu funksiyanı icra edirlər.

Əgər tamaşaçının nöqteyi-nəzəri sizə çox vacibdirsə bu obrazları müt­ləq yaradın. Əgər sizin işlədiyiniz materialda “pisin və yaxşının kim­liyi” məlum deyilsə, siz tamaşaçının istəyini nəzərə almalısınız. Bu­na görə də mütləq öz nöqteyi-nəzərinizə işarə etməlisiniz.

“Cəmiyyət öz problemlərini həll edə bilməyəndə onu ayrı – ayrı fərdlər edir. Kimin nə etdiyi o qədər də önəmli deyil, başqa sözlə,  problem sosial səviyyədə həll edilməlidir.” Bunu üçün də ssenaridə belə şərhedici personajlardan istifadə olunmalıdır.

Bəzən ssenaridə tamaşaçı nöqteyi-nəzərini təcəssüm etdirən ob­raz da lazımdır. Burada biz tamaşaçının baş qəhrəmana və ya köməkçi ob­razlara simpatiyasını nəzərdə tutmuruq.  Məsələn, “Tutsi” filmində bu vəzifəni Sandi yerinə yetirir. Biz bilirik ki, Maykl başqalarını al­da­dır, bir növ fırıldaqçılıq edir. Biz Sandinin nöqteyi-nəzərindən Maykla bax­dıqda bunun belə olduğunu rahatlıqla söyləyə bilirik. Daha doğrusu San­di bizə Maykl barəsində fikrimizi formalaşdırmağa kömək edir.

YAZAR: Jasmin Mərdanova
Həmçinin bax: Çoxplanlı obrazların yaradılması
Həmçinin bax: tehsilim.org/yuxari-sinifler-ve-universitetlerde-enenevi-tedris-qismen-berpa-olunur/