Növbəti “Made in Uzbekistan” biznes forumu keçiriləcək

Növbəti “Made in Uzbekistan” biznes forumu keçiriləcək

Avqustun 25-27-də II “Made in Uzbekistan” biznes forumu keçiriləcək.
“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək. Hazırda Özbəkistan ixrac üçün iri həcmdə pambıq lifi, iplik və hazır məhsullar təklif edir. Bu səbəbdən Azərbaycan alıcıları və tekstil məhsulları istehlakçıları üçün “Made in Uzbekistan” onlayn biznes forumu qısa müddət ərzində tərəfdaş tapmaq, Özbəkistanda parça istehsalçıları ilə işgüzar əlaqə yaratmaq üçün əla fürsət olacaq. İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, maskalar, aksessuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə, növdə parça boyama, eyni zamanda, digər məhsul və xidmətlərlə məşğul olan 27 şirkət iştirak edəcək.
Qeydiyyatdan keçmiş Özbəkistan şirkətləri arasında “Urganch Baxmal” MMC, “Allıance Textıle”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textıle Fashıon” MMC, “Imron Textıle Group” və sair kimi şirkətlərin adlarını qeyd etmək olar. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə https://b2b-uz-textile.ceo.az/welcome-az linki vasitəsilə tanış olmaq mümkündür.
Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribüterləri, geyim müəssisələrinin mütəxəssisləri, atelyelər, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunur.
Biznes forumun proqramına daxildir:
-Avqustun 25-də Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərinin müzakirə ediləcəyi plenar iclas
-Avqustun 25-26-da ikigünlük intensiv B2B görüşlər.
İkitərəfli görüşlər “Caspian Event Organisers” şirkəti tərəfindən xüsusi hazırlanmış tam avtomatlaşdırılmış platformada keçiriləcək. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır. Forumda iştirak etmək istəyənlər https://b2b-uz-textile.ceo.az/register-as-importer-az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Made in Uzbekistan Textile” Online B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, “Uztekstilprom” tekstil və Tikiş-Trikotaj Sənayesi Assosiasiyası, Özbəkistanın Azərbaycandakı səfirliyi çıxış edir. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.

Mənbə: Azərtac
Müxbir:Jalə Hüseynova