Nizami Gəncəvi yaradıcılığında oğlu Məhəmmədə nəsihətlər
Tək Azərbaycan ədəbiyyatında deyil, Şərq ədəbiyyatında məxsusi yerə malik olan Nizami Gəncəvi məsnəviləri daxilində oğlu Məhəmmədə üç nəsihət pay qoymuşdur. “Xosrov və Şirin” poemasını yazarkən oğlunun yeddi yaşı olduğu məlumdur. Şair yeddi yaşlı uşaqları hilala bənzədir- hələ tamamlamamış, təzə yarım aya. Bu dövrdə övladına gülüb əylənməyi, bu bir neçə günü qəmdən uzaq olmağı, uşaqlığının qiymətini bilməyi məsləhət görür.
Bu hilal dövründə gül, eyləmə qəm,
Bir neçə gün elə mən də gülmüşəm.
Gəncəvi elmə vaqif bir insan olaraq, bütün məsnəvilərində elmin, biliyin dəyərindən, insanın həyatındakı rolundan dönə-dönə söz açmışdır. yeddi yaşlı oğluna müraciət edərək deyirdi ki:
Bilik kəsb etməklə dünyanı qazan,
Əsmanı oxu ki, məna alasan.
Burdan görürük ki, şair biliyi dünya ilə bərabərləşdirir. Xüsusilə ilahi elmlərə üstünlük verir. Mənasız və boş sözlərdən qaçmağa səsləyir. Əsma- yəni Allahın 99 adı. Yaradılış Tanrının 99 gözəl adının solğun inikasıdır. İnsan Allahın adlarını bilmədən mərifətə yetə bilməz. Fikir verdikdə görərik ki, həmin adlar Allaha tanımağımız və dərk etməyimizdə bizə kömək edir. Həmçinin digər bir məqam da bu ola bilər ki, Tanrı insana bilgi verdi, ilk insan- Adəmi yaradanda hər şeyin adını, əsmasını ona öyrətdi.
Onun oğluna növbəti müraciəti isə “Leyli və Məcnun” poemasındadır. Artıq övladı 14 yaşına çatıb. Bu yaşdakı insanı sərvə bənzədir. Onu qəflətdən, cahillikdən oyanmağa, öyrənməyə çağırır. İnsanı dərin təfəkkür, bilik qazanmaqla hünər göstərməyə, şöhrət qazanmağa səsləyir. Və insan necə ucala bilər?- sualına belə cavab verir.
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
13-14 yaşda insan gələcəyi haqqında düşünməlidir, necə hörmətli, sayıla bilən şəxs ola bilər? Hansı xidməti göstərə bilərsən? Yeniyetmə yaşında qərar verilməlidir: “Məndən yaxşı nə olar?” Həmin o sahəni də mükəmməl bilməlisən ki, gələcəyin uğurlu alınsın. Özünə uyğun bir sahə seçməlisən. Bu dövrdə artıq atanın himayəsindən yavaş-yavaş ayrılmağın vaxtı çatır. Belə ki, əvvəllər övladını atasına görə tanıyırdılarsa, indi 14 yaşlı oğluna öz hesabına ad-san qazanmağı məsləhət bilir.
Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?
Hər kəsə qarşı ədəbli və hörmətli olmağı söyləyir. Hər pis işdən qorunmaq istəyirsənsə, Allahın qorxusuna unutma. Oğlunun şairlikdən uzaq olmasını istəyirdi. Çünki o dövrdə şeir tərif edilmək əvəzinə, pislənirdi. Və digər bir amil isə, Nizaminin özündən qaynaqlanırdı. Nizami özünün fərqində olan bir şair idi. Şeir sənətində hansı zirvədə olduğunu bilirdi və bu misrada da dilə gətirir:
Şeirdə ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.
Lakin onu deyə bilərik ki, Nizami oğluna şair olmağı məsləhət bilməsə də, Məhəmmədin şeirdə, sənətdə məharətinin, qabiliyyətinin olduğunu etiraf edir.
Çox vacib bir məqama daha toxunur. İnsanın özünü öyrənməsi. Biz öyrəndiyimizi tanıyarıq. Tanıdığımızı da bilərik. Şair bilavasitə insanın özünü tanıması, bilməsinə toxunur. Qurani- Kərimdə də deyildiyi kimi, “Biz insanı ən gözəl biçimdə yaratdıq”.(Tin surəsi, 4-cü ayə) İnsan yaradılmışların ən üstünü, əşrəfidir.
Bu əyri çizgilər cədvəlində sən,
Özünü şərh edib, özünü öyrən.
Biz insanlar makroaləm daxilində mikroaləmik. Makroaləm, qısa bir izah versəm, kainat, dünya- insanı əhatə edən bütün ətraf aləmdir. Mikroaləm isə insanın daxilindəki dünyadır. Hansı ki o dünya onu əhatə edən aləmdən də gözəldir. İki sufi çəmənlikdə əyləşib ətrafı seyr edirdilər. Sufinin biri başı özünə istiqamətlənmiş şəkildə daxili aləminin seyrində idi. Digər sufi isə təbiəti, çəmənliyi izləyirdi. Çəmənliyə baxan sufi digər sufidən soruşur ki: “ Bu gözəl təbiəti, çəmənliyi niyə seyr etmirsən?” Digər sufi də cavabında: “Əgər sən özünün daxilində necə gözəl bir aləmin olduğunu görsəydin, bu çəmənlik sənə solğun gələrdi”- deyir. Sual yarana bilər, bəs niyə biz o aləmi bizim özümüzdə olmasına baxmayaraq, görmürük, fərqində deyilik? Çünki daxili aləmimizi görməyə, özümüzü dərk etməyə mane olan nəfsimiz var. Nəfsin yox olması mümkün deyil, lakin tərbiyə edilməsi mümkündür. Yaradan hər kəsə bu tərbiyə etmə iradəsini verib. Nəsimiyə görə, nəfsini bilən özünü bilər. Nizami isə deyir ki:
Tanı Xızır kimi özünü gəl sən,
Dirilik suyundan bəlkə içəsən.
Düşünmə ki, bu su abi-heyvandır,
Can ilə ağıldır, ağılla candır.
BDU- nun professoru Mətanət Abdullayeva “Klassik poeziya: Ezoterik xəzinə” adlı kitabında qeyd edir ki, N. Gəncəvi can ilə ağılın vəhdəti deyərkən, sağlam nəfslə ağılın vəhdətini nəzərdə tutur. Sağlam ağıl sağlam nəfsə söykənəndə sağlam düşüncə meydana çıxır. Dünyanın müvəqqəti zövqləri insanların gözündən sanki pərdə asır və insan pərdəni vaxtında çəkə bilməsə, qəlb gözü kor olur. Yaşadığımız bəzi hadisələr, həyat təcrübəmiz zaman-zaman özümüzü görməyə şərait yaradır. Xüsusilə, insanların ölüm anında peşmanlıq hissi keçirməsi buna nümunədir. Qəlb gözü, həqiqət gözüdür. Və Nizami deyir ki:
Ol öz vicdanının sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar.
Vicdan insanın özünü tanıması üçün ən əlverişli yoldur. Onu hər pislikdən, insanlara, yaradılmışlara ədalətsiz olmaqdan qoruyan duyğudur. Bəxtiyar Vahabzadə “İknci səs” pyesində vicdan haqqında belə deyir:
Təməli vicdandır hər ülviyyətin,
Ürəyi eşitmək çətindir, çətin.
Yüksəlir, böyüyür- öz ürəyinin,
İkinci səsini eşidən insan.
Yəni ikinci səs deyərək vicdanı nəzərdə tutur. M. Abdullayeva qeyd edir ki: “Vicdan elə bir universal fenomendir ki, o haraya işığını salarsa, orada ədalət bərqərar olar”. Yenə eyni müəllif yazır: “Həyatda bir möcüzə var- “Öz”ünü tanıma!”
Şair Məhəmməd peyğəmbərdən (s.a.s) sitat gətirərək din və təbabəti “elmlər elmi” adlandırır. Əgər fəqih olsa, yəni fiqh alimi, islam hüququyla məşğul olan insan olsa, dinin qayda-qanununa itaət etməyə, riyakarlıqdan uzaq olmağa çağırır. Həm də din elmini öyrənməsi ona görə vacib idi ki, yaradılanların bir çox sirri Qurani-Kərimdə var. Neçə əsr sonrakı kəşflərdən Qurani-Kərimdə 7-ci əsrdə artıq bəhs olunmuşdu. Din insana düzgün, sağlam yaşayış tərzini öyrədir. Həkim olmaq istəsə, onu işinin peşəkarı olmağa çağırır.
İsa mərifətli həkim ol, amma,
İnsanı öldürən bir həkim olma.
İsa peyğəmbər, Allahın izni ilə, ölüləri dirildə bilirdi. Yəni, şair demək istəyir ki, həkimsənsə, İsa peyğəmbər kimi xəstələrin şəfa tapmasına vasitə ol, onları öldürməyə yox. İşində kamillik Nizami Gəncəvi üçün əsas meyar idi.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
İnsanın heç zaman əliboş gəzməməsini təkid edirdi.
Son olaraq, “Yeddi gözəl” poemasında oğluna müraciət edir. Bu zaman oğlu artıq 21 yaşında gənc idi. Bu dövrdə xüsusilə dostları düzgün seçməyin vacibliyindən söz açır. Pis insanla olan dostluğu quşların tora düşməsiylə müqayisə edir.
Bir dostun da olsa eyibli əgər,
Yüzünün adına ləkə yetirər.
Ehtiyatsız bir quş düşərsə tora,
Başqa yüz quşu da sürüklər oda.
Zalımdan qorunmağı təkid edir. Həyat yolunun çətinliyindən söz açaraq, ehtiyatlı olmağa səsləyir. Lakin qəmin toruna düşməyi düzgün hesab etmir.
Bir çox düyün var ki, açardır, açar,
Bir çox çətinlik var, asanlıq saçar.
Daim səbr etməlidir insan. Bəzi çətinliklərin işıqlı yollara qapı olduğunu bilərək, hər şərdə bir xeyirin olduğunu bilərək səbr etməli!
Bağla öz əhdini pərvərdigara,
Başqa duyğulardan çəkil kənara.
Allahın əmrinə əməl edərək müşkül, çətin vəziyyətlərdən çıxmağı məsləhət görür. Zatında, əslində pislik olan insanlardan uzaq olmağa çağırır.
Zatı pis uzatsa yaxşılıq əli,
“İtirməz əslini kimsə” məsəli.
Öyrənmək, elm, özünü tanıma barədə fikirlərini burda da geniş şəkildə digər məsnəvilərindəki düşüncələrinin davamı olaraq görürük.
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Dürr qiymətli daşdır, su kimi parlaqlığı ilə seçilir. Gövhər də həmçinin dəyərli daşdır.
Son olaraq, deyə bilərəm ki, hər birimiz tək ömrümüzün bir dövründə yox, Nizami Gəncəvinin oğluna nəsihət etdiyi kimi hər zaman oxuyub, bilik qazanaq. Ona görə yox ki, oxuyub alim olaq, ona görə oxuyub birinci insan, adam ola bilək. Elm bir ümmandır, biz yeni nəsə öyrəndikdə ondan sadəcə bir damla götürə bilirik. Damlaların sayını çoxaltsaq, göl olar. N.Gəncəvi “Oğluma nəsihət” adı altında əslində bütün insanlara, yeniyetmələrə, gənclərə müraciət edir. Onun da dediyi kimi, özümüzü tanıyaq, biz insanlar hər birimiz təkcə yaradılışımızla da möcüzəyik. Özünü tanımaq istəyən, özünü tanıyan insan sevər. Sevgini hər zaman məcrasını daraltmadan düşünün. Sevgi geniş anlayışdır. Allahı, özünüzü, insanları, həmçinin yaradılan hər şeyi sevməyiniz diləyi ilə!
Ədəbiyyat:
1. Qurani-Kərim (V.Məmmədəliyev, Z.Bünyadov tərcüməsi)
2. Abdullayeva M. “Klassik poeziya:Ezoterik xəzinə”
3. Abdullayeva M. “Öz”ünə qayıdışın fəlsəfəsi”
4. Gəncəvi “Xosrov və Şirin”
5. Gəncəvi “Yeddi gözəl”
6. Gəncəvi “Leyli və Məcnun”
Yazar: İlknur Pənahlı
Həmçinin bax: Nizami Gəncəvi yaradıcılığında İskəndərzülqərneyn obrazı
Həmçinin bax: tehsilim.org/eli-bey-huseynzade/