Nitqin inkişafı anlayışı

İnsanın mədəni yetkinliyinin meyarlarından biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Bu baxımdan, uşaqların nitqinin inkişaf etdirilməsi uşaq bağçalarının qarşısında qoyulan pedaqoji problemlərdən biridir.

Nitqdə təbilik, düzgünlük, məntiqilik, təmizlik, müyəssərlik, məqsədyönlülük, zənginlik, aydınlıq, sadəlik, səlistlik, yığcamlıq, ifadəlilik, obrazlılıq, emosionallıq, gözəllik, incəlik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənilməlidir.

Son illərdə elm və texnikanın sürətlə inkişaf etdiyi, insanlar arasında dil vasitəsi ilə ünsiyyətin genişləndiyi bir dövrdə nitq inkişafı böyük əhəmiyyətə malikdir. Uşaq bağçalarından başlamış məktəb, ali təhsil müəsisələri, iclaslar və yığıncaqlar, yarışlar, görüşlər, radio və televiziya verlişləri, kino və teatrlar- bir sözlə, həyatımızın hər bir sahəsi mükəmməl nitqə yiyələnməyi tələb edir. Çox kiçik yaşlarından nitq insan həyatında mühüm əhəmiyyətə malikdir. 1 yaş 6 ayından 3 yaşadək olan dövrdə uşaqların nitq mənimsəmələri onların ətraf aləmlə qarşılıqlı əlaqəsində mühüm dəyişikliyə səbəb olur, insanlar arasında onun mövqeyi və özünə münasibətini dəyişir.

Nitqin əhəmiyyəti.

  1. Söz nəyi isə bildirməklə əşyaların üzvlərinə ayrılmasına, əlamətlərinin, hərəkətlərinin ayrılmasına xidmət edir.
  2. Söz ümumiləşdirmə kimi çoxlu əşyaların qruplarda, kateqoriyalarda birləşməsi vasitəsinə xidmət edir.
  3. Yalnız əşyaları deyil, onlar arasında əlaqəni, münasibətləri də bildirməklə söz xarici aləmdəki əşya və hadisələri, onlarin müxtəlif qarşılıqlı asılılıqlarında qavranmasına xidmət edir.
  4. Dilin mənimsənilməsi uşağın fəaliyyətini dəyişir, onun hərəkətinə istiqamət verir, onu sərbəst edir.
  5. Yaşlıların sözləri uşağın davranış qaydalarını formalaşdırır.
  6. İnsan nitqində nəyə isə münasibətini bildirir, onu qiymətləndirir. Belə qiymətlə o, uşağın davranışına təlabatı möhkəmləndirir: “yaxşı”, “afərin” kimi sözlər uşaqda mənəvi təfəkkür və anlayışlar yaradır və bunun əsasında onlarda ətraf aləmə münasibət formalaşır.
  7. Sözlərin köməyi ilə uşaq özünü dərk edir: özü mənini dərk edir. Özünü başqaları ilə müqayisə edir.

Dar mənada nitq inkişafı anlayışı dedikdə, ilk növbədə, uşağın anadan olduğu gündən nitq səslərini tələffüz etməyə, nitqi anlamağa, danışmağa, fikrini başqalarına çatdırmağa, nitqdən bir ünsiyyət vasitəsi kimi istifadə etməyə hazırlanması nəzərdə tutulur. Hər bir uşaq körpəlik dövründən nitqi ətrafdakılardan sərbəst mənimsəyir, lüğət ehtiyyatını genişləndirir. Ali sinir sistemi inkişaf etdikcə onun məntiqi təfəkkür qabiliyyəti təkminləşir, şifahi nitqi daha zəngin, aydın və dəqiq olur. Eyni zamanda onun həyat təəssüratı genişlənir, yaradıcı təxəyyülü artır. Bu isə axtarmağa sərbəst cəhd yaradır.

Biz uşaqları həyatın kortəbii axınına buraxaraq onların fiziki və mənəvi inkişafı ilə birlikdə nitqində də inkişafa ümid bəsləyə bilmərik. Yalnız isedadlıların deyil, hamının nitqinin ədəbi normalara cavab verməsini təmin etmək lazımdır ki, insanlar arasında ünsiyyət anlayışının inkişaf prosesi daha sürətlə getsin. Nitq inkişafı şəxsiyyətin formalaşmasının mühüm bir amilinə çevrilsin, ümumi mədəniyyətimizin fonunda nitq mədəniyyəti də təmin edilsin.

1-ci sinfə daxil olan uşaqların fəaliyyəti üzərində müşahidə prosesində nitq inkişafı baxımından ailədə başlı-başına buraxılmış uşaqlarla uşaq bağçasından gələn uşaqlar arasında fərq özünü aydın gəstərir. Uşaq bağçalarında, hətta sonrakı pillələrdə biz insanın nitqə yiyələnməsindən, onun  nitqinin inkişafından söz aça bilərik, lakin kifayət qədər nitq mədəniyyətinə yiyələndiyini söyləyə bilmərik. Nitq mədəniyyəti tələffüz normalarını, sözlərin dəqiq mənada işlədilməsini, cümlələrin düzgün qurulmasını tələb edir. Normativlik anlayışına həmçinin məntiqlilik, dəqiqlik, aydınlıq, təmizlik, ifadəlilik kimi keyfiyyətlər daxildir.

Nitq inkişafı üzrə işlər, xüsusi nitq inkişafı məşğələləri nitq mədəniyyətinin təmin olunmasına xidmət edir. Nitq inkişafı prosesində uşağa öyrədilməlidir:

  1. Söz və cümlələri başa düşmək qabliyyəti
  2. Sözlərin formalarını, söz birləşmələrini və cümlələri nitqdə işlətmək qabiliyyəti. Bunlara uyğun olaraq qeyri-fəal və fəal nitqin inkişafı metodikası qurulmalıdır.

 Şifahi nitqə aşağıdakı tələblər verilir:

Zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlilik, təmizlik.

  Zənginlik – fəal lüğətdə çox sözün olmasını tələb edir. Bu olmadan eyni fikri müxtəlif formada, təkrarsız ifadə etmək olmaz. Nitq yeknəsək, kasıb və sönük olar.

Məzmunluluq – haqqında söhbət gedən əşya, hadisə obyekti yaxşı tanımağı tələb edir.

 Məntiqi ardıcıllıq – Məlumat vermə, nağıletmə, təsəvvüretmə prosesində mahiyyət etibarı ilə mühüm epizodu buraxmaq, hadisənin inkişaf dinamikasını nəzərə almamaq, səbəb-nəticə əlaqəsini gözləyə bilməmək, ağıllı mühakimə yürütməyi, düzgün nəticəyə gəlməyi bacarmamaq, məntiqi ardıcıllığı pozmaq deməkdir.

Düzgünlük – şifahi nitq qrammatik cəhətdən düzgün olmalı, xüsusi ilə cümlənin konstuksiyasına üstünlük verilməlidir.

  Aydınlıq – şifahi nitq onu dinləyənlərin səviyyəsinə uyğun olmalıdır.

 Dəqiqlik əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun və dəqiq olmalıdır.

  İfadəlilik – fikrin parlaq, obrazlı, ifadəli olmasını tələb edir. Elə sözlər, ifadələr işlənməlidir ki, yığcam, lakonik nitqlə dinləyiciyə təsir göstərmək mümkün olsun. İfadəlilik həm də nitqin gözəl, canlı, estetik təsir qüvvəsinə malik olmasını tələb edir.

 Təmizlik – Nitqin təmizliyini, başqa dillərdən götürülmüş yersiz sözlər işlətməməyi tələb edir.

Hər bir kəs gözəl nitq mədəniyyətinə sahib olmaq üçün öz üzərində çalışmalıdır. Bu baxımdan, kiçik yaşlarda olan uşaqların və məktəblilərin nitqinin inkişafında valideynlərin və müəllim-pedaqoqların rolu vacib əhəmiyyət kəsb edir.

YAZAR: Gülnar Nəzirli

Həmçinin bax: Nitq və uşaqlarda nitq inkişafı

Həmçinin bax: https://turaz.org/teleblerin-nezerine/

Həmçinin bax: https://tehsilim.org/ixtisas-fenleri-layihesi-yeni-qebul-elan-edib/