Nitq və uşaqlarda nitq inkişafı

Nitq insanların həyatında, bəşər tarixində ən mühüm hadisədir. İnsanlar nitqin köməyi ilə bir-birini başa düşür, öz arzu və istəklərini bildirirlər. Nitq insanların bir-birinə qarşılıqlı təsir göstərməsində vasitə rolunu oynayır. Söz insanları əməyə, qəhrəmanlığa, sülhə çağırır, pis əməllərdən çəkindirir, sevindirir, ağladır, güldürür, onlarda inam yaradır.

İlk səsli nitqin yaranma tarixi Azərbaycanda Üst Paleolit dövrünə təsadüf edir. Bu dövrdə ilk ağıllı insanın yaranması, fiziki və əqli inkişafın yüksək mərhələsinə çatması təfəkkür və nitq inkişafına səbəb olmuşdur. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə-əl, dodaq hərəkətləri ilə və s.) başa salırlar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdur. Tədricən belə ifadələrin birləşməsindən nisbətən mürəkkəb fikri ifadə edən danışıq ünsiyyət vasitəsi yaranmışdır.

Nitq mədəniyyəti haqqında təlim uzun tarixə malikdir. Qədim dövrdən Misirdə, Assuriyada, Babilistanda, Hindistanda, Çində başlanmış natiqlik sənəti sonralar, Yunanıstanda məskunlaşmışdır. Qədim Yunanıstanda insanların hissinə, qəlbinə güclü təsir göstərən ritorika elmi yüksək qiymətləndirilirdi. Ritorika gözəl, aydın danışmaq, fikri incə, dəqiq ifadələrlə anlatmaq, natiqlik məharəti deməkdir.

Natiqlik sənəti Azərbaycanda da qədimdən yaranmışdır. Şifahi xalq ədəbiyyatında, xüsusilə, atalar sözləri və zərb-məsəllərdə natiqlik sənəti, söz və onun məna dəyəri yüksək qiymətləndirilmişdir. Məsələn, “ Söz odur ki, haqqa vara ”, “ Söz qılıncdan kəsərlidir ”, “ Sözü ağzında bişirib çıxar ”, “ Sözünlə işin bir olsun ”, “ Sözün yerini bil ”, “ Danışmaq gümüşdürsə, susmaq qızıldır ”, “ Sözün doğrusu dəmiri dələr ” və s. Gözəl, aydın, obrazlı, dəqiq nitqə hamı malik olmalıdır. Lakin müəllim, tərbiyəçi natiqlik sənətinə yiyələnməyə daha böyük əhəmiyyət verməlidir.

Azərbaycan dilinin zənginliyinə, canlı dilin, natiqlik sənətinin sirlərinə yiyələnməyən tərbiyəçi uşaqların qəlbinə, hissinə təsir göstərə bilməz. Məktəbəqədər tərbiyə müəssələrində uşaqların normal inkişafında nitq inkişafı böyük rol oynayır. Nitqin inkişaf etdirilməsi təfəkkürün inkişafına da səbəb olur ki, bu da uşağın fəaliyyətinin digər səbəblərinin qaydaya salınmasına imkan yaradır. Kiçik yaşlı uşaqların nitqinin inkişafı, nitq səslərinin tələffüzü və ətraf aləmdə gördükləri əşya və hadisələri sözlərlə adlandırmalarında özünü göstərir. Bildiyimiz kimi, söz nitq vahidi olduğundan uşağın rabitəli nitqinin inkişafı, fikrini başqalarına çatdırmaq bacarığı onun lüğət ehtiyatına necə yiyələnməsindən asılıdır.

Uşaqların lüğət ehtiyatının zənginləşməsinə təsir göstərən amillərdən biri də oyundur. Əbəs yerə uşaqlıq illərinin qızıl dövrünün oyun olduğunu adlandırmamışlar. Oyun uşaqların həyatında əsas fəaliyyət növüdür. Uşaqlar 6-7 yaşlarından oyuna meyl edirlər. Oyuna uşaqların həyat və fəaliyyətinin forması kimi baxmaq olar. Oyun hər şeydən əvvəl, uşaqların fəaliyyətini, müstəqilliyini təmin etməyə imkan yaradır. Məktəbəqədər yaşlı uşaqlar çox müxtəlif oyunlar oynayırlar. Bu oyunlardan didaktik, hərəkətli yaradıcı, sujetli-rollu musiqili, tikinti, oyun səhnələşdirmə kimi oyunları misal göstərmək olar. Oyun və əyləncələr uşağın arzu və istəkləri ilə üst-üstə düşdüyündən onun dil açması, nəyin isə adını yaşlılardan xəbər alması, nəyi isə öyrənməsi, fikrini başqalarına çatdırmaq məqsədi ilə müvafiq söz tapması üçün əlverişli şərait yaradır.  Oyun uşaqların həyatında sadəcə əyləncə deyil, həm də məzmunlu bir prosesdir. Oyunda uşaq həyatı dərk edir, rəngi, formanı, əşyanın xassəsini, fəza münasibətlərini öyrənir, bitkilər, heyvanlar, adamların həyatı, əməyi ilə tanış olur, onlara öz münasibətini bildirir. Böyüklər üçün iş və digər ictimai davranış nədirsə, uşaqlar üçün də oyun odur. Oyun uşaqların lüğət ehtiyatının zənginləşməsində mənbə rolu oynayır.

Uşaq hər bir sözü eşidərkən onun nəyə aid olduğunu müəyyənləşdirməyə çalışır, həmin sözün arxasında hansı əşya və hadisənin olduğunu bilmək istəyir. Əgər uşaqlarda buna meyil olmazsa, tərbiyəçinin özü maraqlanmalı, uşaqlara belə bir vərdişi aşılamalıdır. Əks halda uşaqlar sözləri yerli-yersiz, mexaniki şəkildə işlətməyə adət edər, mənalarını isə başa düşməzlər. Məktəbəqədər müəssisənin kiçik qrupundan başlayaraq nitqin inkişafı, oyun prosesində lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işin düzgün təşkili bağça yaşlı uşaqların təfəkkürünün inkişafında əvəzsiz rol oynayır. Nitq və təfəkkürün normal inkişafı vəhdət təşkil etməzsə, onları məktəbə hazırlamaq mümkün olmaz.

Lüğət ehtiyatının zənginləşməsi dedikdə kiçik yaşlı uşaqların nitqinə yeni sözlərin daxil olması üzrə yönəldiləcək, sözlərin mənalarının genişləndirilməsi, praktik şəkildə sinonimlər cərgəsindən istifadə, sözlərin konteksdə işlədilməsi, fikrin vasitəli ifadə olunmasında sözdən düzgün istifadə edilməsi böyük rol oynayır.

Təbiidir ki, nitq inkişafının müxtəlif elmlərlə əlaqəsi vardır. Nitq inkişafı  metodikasının psixilogiya ilə  əlaqəsindən biraz bəhs edək. Şifahi işarələr  sistemindən  ibarət olan dil  ünsiyyət  vasitəsidirsə, nitq  fəaliyyət  prosesinin özüdür. Psixologiya  isə nitqi öyrənməklə  nitq  fəaliyyətinin növlərini  müəyyən  edir, uşaqlarda  nitq  ünsiyyətinin  yaranma  yollarını aydınlaşdırır, insanın  müxtəlif şəraitdə  dildən  istifadə etmə xüsusiyyətlərini müəyyənləşdirir. Nitq  inkişafı  metodikasının  ədəbiyyatşünaslıqla  əlaqəsi şifahi  xalq ədəbiyyatını,  klasik və  müasir  yazıçıların  uşaqlar  üçün  yazdıqları əsərlərə  bələd olmadan  uşaqların  nitqinin  inkişafını  sürətləndirmək  olmaz. Bu  baxımdan  tərbiyəçi  uşaq  ədəbiyyatının  sirlərinə  bələd  oimalıdır. Hər  bir yaş dövrü  üçün müvafiq ədəbi əsərlərin  seçilməsi, onların  oxunması, əsərin  personajları, əsərin  qəhrəmanlarının xarakterinin  təsiri, onların  hərəkətlərinə  münasibətin  bildirilməsi, əsərin oxunması, intonasiya,vurğu, diksiya, ritm,  temp,ədəbi  tələffüz  qaydalarının üzrə iş  aparmağa imkan verir. Nitq inkişafı  metodikası  fiziologiya  elmi ilə  də əlaqədardır. Nitq  fəaliyyəti müxtəlif nitq hadisələrinin  məzmunundan  asılı olaraq  çox mürəkkəb   fizioloji  mexanizmdir. Fiziologiyada sözə  bilavasitə  siqlalları-hissetmə, qavrama və təsviri  əvəz edən  xüsusi siqnal  kimi, dilə  isə  ikinci  siqnal  kimi  baxılır. Fizioloji  məlumatlar nitqin  formalaşmasında  nitq orqanlarından  gələn  eşitmə  və kinestetik (hərəki) inpulsların  böyük  rolunu  təsdiq edir. Fizioloji  biliklər uşağın  nitqiniin  formalaşması prosesini daha  dərindən  başa  düşməyə  kömək   göstərir. Nitq inkişafının  metodikası  sahəsində  iş apararkən uşaqların nitq  orqanlarının  quruluşu  haqqında anatomiyanın  məlumatlarından da  istifadə olunur. Nitq inkişafı metodikasının   psixologiya elmi  ilə, xüsusi ilə uşaq psixologiyası və pedaqoji  psixologiya ilə sıx əlaqədardır. Metodika  psixologiyanın uşağın inkişafının sosial hadisəsi  olması, uşağın  təlim və tərbiyəsinin onun əqli  inkişafında  aparıcı  rol oynamasına əsaslanır.

 

Nitq inkişafı üzrə işə verilən tələblər:

  1. Nitqin inkişaf etdirilməsi üzrə işə vaxtında başlanılması, iş uşağın dil açdığı dövrə saxlanılmamalıdır. Uşağın nitqinin inkişafına istiqamət verilməli, müəyyən məşğələlərin köməyi ilə idrak fəaliyyəti formalaşdırılmaldır.
  2. Uşaqların nitq inkişafının xüsusiyyətləri diqqətlə öyrənilməli, onların fiziki inkişafı nəzərə alınmalıdır.
  3. Nitq inkişafı üzrə iş uşağın həyat fəaliyyətinin bütün sahələri ilə əlaqələndirilməlidir.
  4. Nitq inkişafı üzrə işi səmərəli təşkil etmək üçün uşaqları dilləndirmək, onları həmin səsləri tələffüz etməyi, sözləri düzəltməyi öyrətmək lazımdır.
  5. Məşğələyə vaxtında hazırlaşmaq məqsədi, məzmunu və metod və priyomları düzgün müəyyənləşdirmək lazımdır. Məşğələ üçün lazım olan didaktik materilı və əyani vəsaiti əvvəlcədən hazırlamaq vacibdir.
  6. Uşaqların əldə edəcəkləri təlim yükünün intensivliyi təmin olunmalıdır. Uşaqlara gücləri şatan yüksək çətinlik səviyyəsində tapşırıqlar verilməlidir ki, fəal fəaliyyət tələb edilsin. Çətinlik olmadıqda isə məşğələ maraqsız görünər. Çalışmalarda tutuşdurma, ümumiləşdirmə, mühakimə yürütmək, əqli nəticəyə gəlmə halları tələb olunmalıdır.
  7. Məşğələ tərbiyələndirici xarakter daşımalı, onlarda doğma dilimizə onun öyrənilməsinə məhəbbət tərbiyə edilməlidir. Uşaqlarda vətənpərvərlik hissi tərbiyə edilməlidir. Nitq inkişafı aparılan işlər uşağın xasiyyətinə, xarakterinə təsir göstərməli, ona fəal, dəqiq, inamlı, iradəli, qətiyyətli, səmimi, nəzakətli, intizamlı olmağı öyrətməlidir.
  8. Məşğələlər emosional təsir bağışlamalıdır. Məşğələ canlı, maraqlı təşkil olunmalıdır ki, uşaqlarda razılıq hissi yaransın. Ona görə də məşğələlərə zarafat, yumor daxil edilməlidir. İşə başlamazdan əvvəl öyrənmək həvəsi yaradılmalıdır. Uşaqlar yavaş-yavaş dilə yiyələndikcə onda məktəbə getmək, oxumaq həvəsi yaranır.
  9. Nitq inkişafı üzrə məşğələlər onun sahələri olan səs mədəniyyəti, lüğət işi və s. ayrı-ayrılıqda təcrid olunmuş halda deyil, kompleks şəkildə aparılmalıdır.
  10.  Nitq inkişafı üzrə iş prosesində məktəbə hazırlıq qrupu ilə sinfə verilən tələblər arasında əlaqə, varislik gözlənilməlidir.
  11.  Məşğələnin bütün mərhələlərində hər bir uşağın nitqinin fəallığı təmin edilməlidir. Nitq fəallığı dedikdə, uşağın, tərbiyəçinin və yoldaşlarınlın nitqinin başa düşülməsi, eşitdiklərinin fəal qavranılması nəzərdə tutulur.
  12.  Kollektiv xarakterli təlim fərdi yanaşma ilə birləşməlidir. Ümumi tapşırıq, xorla cavab və s. kimi frontal iş ayrı-ayrı uşaqlara verilən cavablarla əlaqələndirilməlidir. Nitqi nöqsanlı, qaradinməz, ünsiyyətsiz uşaqlara xüsusi fikir verilməlidir.
  13.  Hər bir məşğələnin məqsədinə uyğun metod və priyomlar seçilməlidir. Məşğələdə yeni məlumatın verilməsinə, öyrənilənlərin möhkəmləndirilməsinə, səs üzərində leksik işə həsr edilməsindən asılı olaraq metod və priyom seçilməlidir.
  14.  Öyrənilmiş material digər məşğələlərlə möhkəmləndirilməlidir. Nitqə yiyələnmə prosesində çox mürəkkəb əqli fəaliyyət tələb olunduğundan, bu fəaliyyət üçün başqa məşğələlərdən də istifadə olunmalıdır.
  15.  Uşaqların səsinin qüvvəsi, nitqinin sürəti, düzgün danışıq qaydalarına yiyələnməsi, dinləmək və danışmaq qabiliyyəti bütün məşğələlərin təsiri ilə qaydaya salınır.

YAZAR: Gülnar Nəzirli

Həmçinin bax: Dilimiz milli sərvətimizdir

Həmçinin bax: https://turaz.org/ceyhun-bayramov-italyali-hemkari-ile-telefonla-danisdi/