Nicat Əzimli: “Həkimlərə fəxri ad verilməlidir”
Azərbaycanda bu qorxunc virus aylar keçsədə bitmir. Bir çox insan bu mübarizədən qalib çıxsada təəssüflə qeyd etməliyik ki, həyatını itirənlərdə az olmadı. Hələdə yayılmaqda olan infeksiyanın qarşısını almaq üçün isə ağ xalatlı qəhrəmanlarımız gecə-gündüz mübarizə aparmaqda davam edir. Bu qəhrəmanlardan biri də həkim-infeksionisti Nicat Əzimlidir.
Bir müddət bu virusdan əziyyət çəkən həkim, son vəziyyətdən danışaraq, Turaz.org-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
Müsahibənizdə bu virusun sizdən də yan keçmədiyini oxudum. Özünüzü necə hiss edirsiniz?
– Bəli, iyun ayında mən də işlədiyim xüsusi rejimli xəstəxanada bu xəstəliyə yoluxdum və elə həmin xəstəxanada hospitalizə olunaraq, müalicə aldım. Hazırda yaxşıyam və işimə qayıtmışam.
Virusa yoluxan biri və həm də bir mütəxəssis kimi virusun nə olduğunu qısaca izah edə bilərsiniz?
-Bu xəstəlik əsasən respirator orqanların xəstəliyi olsa da digər orqanların da zədələnməsilə özünü göstərən, hava-damcı və təmas yolu ilə yoluxan infeksion xəstəlikdir. COVID-19 xəstəliyini təhlükəli edən əsas 2 faktordur: 1 – bu xəstəlik qrip və digər bu kimi respirator orqanların xəstəliklərindən fərqli olaraq, əsasən yuxarı tənəffüs yollarının deyil aşağı tənəffüs yollarının (ağciyərlərin) zədələnməsilə özünü göstərir. 2 -bu xəstəliyin yoluxuculuğunun yüksək olması. Belə ki, letallığı (öldürücülüyü) çox yüksək olmasa da insanlar arasında sürətlə yayılması kiçik letallıq faizinin böyük ədədlərə bərabər olmasına səbəb olur.
Daha çox digər xəstəlikləri olan insanlar və 65 yaşdan yuxarı insanları öldürən virus kimi tanınır. Sağlam bir gənci öldürmə faizi nə qədərdir?
– Təəssüf ki, ölkəmizdə yanaşı xəstəlikləri olmadan da COVID-19 xəstəliyinin orqanizmdə yaratdığı fəsadlara görə gənc yaşda həyatını itirən şəxslər olub. Bunlardan bəziləri həkimdir. Ölkəmizdə bu rəqəm çox kiçik olduğundan COVID-19-un yaşlarda özünü necə göstərdiyini daha yaxşı öyrənmək üçün aparılmış böyük statistikalara baxmaq daha səmərəli olardı. Məsələn, Birləşmiş Ştatlarda daha böyük əhali arasında aparılmış tədqiqatla müəyyən edilib ki, 5 avqust 2020-ci il tarixinə qədər baş vermiş 139054 ölüm faktı arasında 0-24 yaşlarda 255; 25–34 yaşlarda 1044; 35-44 yaşlarda 2657; 45-54 yaşlarda 7145; 55-64 yaşlarda 17155; 65-74 yaşlarda 29146; 75-84 yaşlarda 36669; 85 yaşdan yuxarı şəxslərdə isə 44974 ölüm halına rast gəlinmişdir. Bu göstəricilərdən belə görünür ki, ölüm halları gənc yaşlarda da rast gəlinir. Lakin, bu göstərici əhalinin yaşına mütənasib olaraq böyük fərqlə artır.
Koronovirusdan ölənlərin çoxu kişilərdir. Sizcə bu nə ilə əlaqədardır ?
– COVID-19 pandemiyasından öncə də bir çox epidemiyalarda kişi ölüm hallarının sayı qadınlara nisbətdə çox olmuşdur. Burada başlıca səbəb kişi orqanizminin qadına nisbətən infeksion xəstəliklərlə mübarizədə daha zəif olmasıdır. Bu məsələdə yalnız bir səbəb rol oynamır. 1. Cinsiyyət hormonlarının patogenlərə qarşı gedən iltihab prosesinə olan təsiri burada müəyyən rol oynaya bilər. 2. Kişilər arasında siqaret çəkmə vərdişinin daha geniş yayılması təbii olaraq onsuz da daim zədələnən aşağı tənəffüs yollarını SARS-CoV-2 üçün əlverişli mühitə çevirir. 3. Angiotenzin Çevirici Ferment-2 deyilən hüceyrə reseptorunun xəstəliyin patogenezində önəmli rol oynadığı düşünülür. Belə olduğu halda AÇF-2-in fərdin hüceyrələrində çox ifraz olunması xəstəliyin ağırlıq dərəcəsini artırır. Bəzi müəlliflər qeyd edir ki, kişi cinsiyyətinə məxsus fərdlərdə bu ferment daha çox ifraz olunur. Bəziləri isə bunu kişinin tək X xromosomu ilə əlaqələndirir.
Necə düşünürsünüz uzun müddətdir yayılan bu virusun niyə hələdə qarşısını almaq mümkün deyil?
-Xəstəliyin qarşısının tamamilə alınması kifayət qədər effektiv profilaktika və müalicənin təqdim olunacağı günə qədər mümkün deyil. Lakin, pessimist olmaq lazım deyil. Bizlər bu çətin dönəmdə pandemiya ilə yaşamağa alışmalıyıq. Statistikanın artmaması üçün sadə qaydalara riayət etməliyik.
Virusla uzun müddətdir ki həkimlər mübarizə aparır. Hətta aylarla ailəsindən uzaq düşən həkimlərimiz var. Sizcə bu əziyyət layiqincə qiymətləndirilirmi?
– Bir çoxları həkimlərin bu işi görməyə borclu olduğunu deyir. Əlbəttə belə deyil. Hər kəs öz peşəsini icra edib etməməkdə sərbəstdir. Nəzərə alın ki, heç bir məbləğ bir həkimin həyatından qiymətli ola bilməz. İndiyə qədər təxminən 40 nəfər azərbaycanlı həkim və bir çox tibb işçisi bu mübarizədə şəhid olub. Onlar alacaqları məbləğ qarşılığında yox, öz xalqına, vətəninə və dövlətinə olan mənəvi borcunu yerinə yetirmək üçün bizimlə birlikdə çalışdılar və canlarından oldular. Mən düşünürəm ki, bu həkimlərə və tibb işçilərinə fəxri ad verilməsi, ailələrinə isə maddi yardım göstərilməsi gözəl olardı.
Virus testinin qiymətinin çox olduğundan şikayətlənirlər. Qiymətin bu qədər çox olması nə ilə bağlıdır?
Könüllü müayinələr ödənişlidir. Burada qiymət məsələsində marketinqin rol oynadığını düşünürəm. Lakin, əgər bir şəxs özündə xəstəlik əlaməti hiss edirsə, həkimə müraciət etdiyi təqdirdə təbii ki, onun müayinəsi pulsuz aparılır.
Müsahibəni götürdü: Nərmin Məcidli