Neolit dövrü

Neolit dövrü Azərbaycanda e.ə.VII minilliyin əvvəllərindən başlamış və VI minilliyə qədər davam etmişdir. Neoliti başqa dövrlərdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik və maldarlığın əsaslı sürətdə təşəkkülü və inkişafı ilə bağlıdır. Bu dövrdə insanlar istehsalı mənimsəyir,təbiətdə hazır şəkildə mövcud olmayan yeni materialların istehsalına başlayır. Toxuculuğun kəşfi və gil qabların hazırlanması istehsalda mühüm yer tutur.

Neolit dövründə əhali oturaq həyat sürmüş, ovçuluq, balıqçılıqla da məşğul olmuşdur. Əmək alətləri əsasən çaxmaqdaşından hazırlanır, bıçaqlar, iskənə və deşici alətlər və s. üstün yer tuturdu. Gillidağ (Gəncə yaxınlığında) adlı yerdə qədim çaxmaqdaşı istehsalı ilə bağlı izlər, istehsal tullantıları və çoxlu hazır məhsullar tapılmışdır. 133N°=li düşərgədə çaxmaqdaşından bıçaqvari lövhələr, qaşovlar, daş toxa, dəvəgözündən əmək alətləri aşkar edilmişdir. Toxuculuq və saxsı qablar istehsalı ilə bağlı sahələrin meydana gəlməsi qədim insanların həyatında mühüm rol oynamışdır. Saxsı qablar istehsalı ərzaq ehtiyatlarının saxlanılmasını asanlaşdırmış, məişətin bütün sahələrində əsaslı dəyişikliyə şərait yaratmışdır. Saxsı qablar 133 N°=li Gəncəçay düşərgəsində, Təbriz yaxınlığınındakı Yanıqtəpə və Urmiya yaxınlığındaki Firuztəpə abidələrinin müvafiq təbəqlərində daha çox məlumdur.

Qobustanın müvafiq dövr qayaüstü təsvirləri Azərbaycanda Neolit dövrü insanlarının dünyagörüşü, ətraf aləmə münasibəti və onu dərketmə qabiliyyəti, habelə ilkin incəsənət vərdişləri haqqında müəyyən təsəvvür yaradır. Qobustan Şərqi Azərbaycanda, Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında 100 km-ə qədər diametri olan, çoxlu qobularla kəsilən, yarımsəhra dağətəyi böyük coğrafi rayondur. Qobustanı dünyaya tanıdan onun qədim sakinlərinin yaratdıqları, 15-20 minillik tarixi dövrü əhatə edən qədim qayaüstü təsvirlər və müxtəlif tarixi-arxeoloji abidələrdir. Qobustanda qayaüstü təsvirlər 1939-cu ildən məlum olsa da, Böyük Vətən müharibəsi onların qeydə alınması və öyrənilməsi işini 1945-ci ilə qədər ləngitmişdir. 1947-ci ildən 1965-ci ilə qədər İ.M.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda Böyükdaş, Kiçikdaş dağları və Cingirdaş Yazılıtəpə sahəsində 750-yə qədər daş və qaya üzərində 3500-dən çox döymə və qazma üsulu ilə çəkilmiş insan və heyvan rəsmləri, müxtəlif mövzulu həyat səhnələri,qayıq təsvirləri, işarə, damğa, yazı, dəlmə və s. kimi insan əlinin izi olan abidə qeydə alınmışdır.

YAZAR: Nərmin Hüseynova
HƏMÇİNİN BAX: Biologiya elmi- inkişaf edən nəzəriyyələr
HƏMÇİNİN BAX: Tehsilim.org/prezident-ilham-eliyev-turkiyenin-milli-tehsil-nazirini-qebul-edib/