Neft və Qaz İnstitutunun fəaliyyət planı müzakirə edilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.İ

nstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə danışıb.

Elmi şurada institutun fəaliyyət planı müzakirə edilib. Pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işləri haqqında məlumat verilib, tapşırıq və tövsiyələr dinlənilib. İnstitutun yerli və xarici elmi müəssisələrlə əməkdaşlığından bəhs olunub, müştərək aparılan işlərin vəziyyəti haqqında hesabatlar dinlənilib. Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik olunması, Elmi şuranın tərkibi müzakirə edilib.

Sonra elmi-tədqiqat işləri proqramlarının qəbul edilməsi məsələsinə baxılıb. “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi texniki və iqtisadi əsaslandırılması” və “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin və ehtiyatların idarə edilməsinin yeni proqnoz üsullarının yaradılması” mövzularında təqdimatlar keçirilib və ətraflı müzakirələrdən sonra elmi tədqiqat işləri qəbul olunub.

Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov müəssisənin doktorantura və dissertanturasına qəbulun və magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında məlumat verib.

 

Mənbə: azertag.az

Xəbərçi: Aytən Abbasova