Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının Humanitar elmlər seriyasının növbəti nömrəsi işıq üzü görüb
Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının Humanitar elmlər seriyasının növbəti nömrəsi işıq üzü görüb
Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının Humanitar elmlər seriyasının 2020-ci il üzrə ilk nömrəsi çapdan çıxıb.
Jurnalın yeni nömrəsində “Ədəbiyyatşünaslıq” bölməsi üzrə “Hüseyn Cavid və “Məktəb” jurnalı”, “Molla Nəsrəddin” jurnalı və İ.A.Krılov yaradıcılığı”, “İmadəddin Nəsimi lirikasında mənzum dram janrının elementləri”, “Muxtariyyət illərində Naxçıvanda folklorşünaslığın inkişaf istiqamətləri”, “Çingiz Abdullayevin sənətkar mövqeyi”, “Qabilin “Nəsimi” poemasında filosof-şairin bədii obrazı”, “Məmməd Səid Ordubadinin yaradıcılığında Cənub mövzusu”, “Rəşid Bəy Əfəndiyev yaradıcılığında uşaq ədəbiyyatının təşəkkülü və inkişafı məsələləri” və digər mövzularda məqalələr əksini tapıb.
Jurnalın “Dilçilik” bölməsində bəzi etnotoponimlər qədim türk qaynaqlarında, Fransa-Azərbaycan dil əlaqələri, Qütbün “Xosrov və Şirin” əsərinin mənşə etibarilə lüğət tərkibi, təsirli və təsirsiz feillərin tədqiqi tarixinin araşdırılması, müasir rus dilçiliyində frazeologiyanın tədqiqi, şifahi xalq ədəbiyyatı nümunələrində arxaizmlərin leksik anlamı ilə bağlı məqalələr oxuculara təqdim olunub.
Fotojurnalistika, fotoqrafiyanın tarixi, yapon yazıçısı Kenzaburo O., Nəsimi poetikasının rus dilinə tərcüməsi tarixi haqqında materiallarla jurnalın Humanitar elmlər seriyasının “Mətbuat tarixi və ədəbi əlaqələr” bölməsində tanış olmaq mümkündür.
202 səhifədən ibarət jurnalda, həmçinin rus və ingilis dilində maraqlı məqalələr yer alıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalı 1997-ci ildən nəşr olunur. Jurnalın “Humanitar elmlər”, “İctimai elmlər”, “Təbiət və tibb elmləri”, “Fizika-riyaziyyat və texnika elmləri” seriyaları var.
“Elmi əsərlər”in baş redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir.
Mənbə: www.science.gov.az
Xəbərçi: Aytən Abbasova