Napoleon Bonapartın islahatları və xarici siyasəti

İnzibati islahatlar: Birinci Konsul və daha sonra İmperator olduqdan sonra Napoleon Fransada bir sıra inzibati islahatlar həyata keçirməyə başladı. Napoleon Fransada bütün yerli idarəetmə sistemini mərkəzləşdirdi. Onun rəhbərliyi altında seçici orqanlar birbaşa mərkəzi hökümətə tabe edildi. Onların səlahiyyətləri Napoleon tərəfindən təyin edilmiş və yalnız onun qarşısında cavabdeh olan prefektlər və alt prefektlər tərəfindən idarə olunurdu. Bələdiyyə başçıları hökümət tərəfindən təyin edildi, şöbələrdə cinayət məhkəmələri yaradıldı. Üstəlik, ümumi hüquq pozuntularını mühakimə etmək üçün hakimlər Birinci Konsul tərəfindən təyin edildi.

Maliyyə islahatları: Hakimiyyəti ələ aldıqdan sonra Napoleon ölkənin maddi vəziyyətini inkişaf etdirməyə çalışdı. İnqilabın xaosu və sonrakı müharibələr, inqilabdan əvvəlki Fransanın maliyyə problemlərinə ciddi yanaşmağa imkan vermirdi. Napoleon xalq üzərində mövqeyini möhkəmləndirmək üçün maliyyə rəhbərliyini mərkəzləşdirdi. 1800-cü ildə Fransa bankı yenidən quruldu. Bank vasitəsilə hökumət, milli agentlər vasitəsi ilə tənzimlənən hesablarla özəl mənbələrdən kapital əldə etdi və bu korrupsiyanın əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Üstəlik, Napoleon vergi toplama sistemini də mərkəzləşdirdi. 1801-1802-ci illərdə Napoleon büdcəni tarazlaşdırmağı bacardı. Biznes və ticarət əlaqələrində inkişaf Napoleonun populyarlığına səbəb oldu.

1801-ci il Konkordatı: Katoliklərin dəstəyini qazanmaq üçün Napoleon Papa VII Piy ilə Konkordat imzaladı. 1801-ci il Konkordatı sayəsində kilsə milli hökumətə bağlı oldu və dövlət ruhanilərin maaşlarını ödəməyi öz üzərinə götürdü. Üstəlik, yepiskoplar kahinləri təyin edərkən, Birinci Konsul yepiskoplardan namizəd göstərirdi. Kalvinistlər və Lüteranlar kimi dini azlıqlara Fransada öz inanclarını tətbiq etmək imkanı verildi. Yəhudilərə xüsusi imtiyazlar və milli əsasda təşkilatlanmalarına icazə verilsə də, hələ də məhdudiyyətlərə məruz qalırdılar.

Napoleon Məcəlləsi: Napoleon islahatlarının bəlkə də ən davamlı hissəsi Napoleon qanun məcəllələrinin formalaşması idi. Napoleon bir dəfə demişdi ki: ‘Mənim əsl şöhrətim 40 döyüşdə qalib gəlmək deyil … Vaterloo bu qədər qələbənin xatirəsini siləcək. Ancaq əbədi yaşayacaq, Mülki Qanun Məcəlləmdir.”NapoleonMəcəlləsi bu gün də dünya məhkəmələrinin dörddə birində əhəmiyyət kəsbedir və Avropa, Amerika və Afrikadakı millətlərin hüquqi məcəllələrinə təsir edir. Napoleon, Fransız İnqilabının ideasına uyğun olaraq Fransa qanunlarını yenidən formalaşdırmaq istəyirdi. O hiss edirdi ki, köhnə qanunlar inqilabdan əvvəlki dövrün qalıqlarıdır. 1804-cü ildə Napoleon Mülki Məcəlləni hazırladı, bunun ardınca Cinayət Prosessual Cəza Məcəlləsi və Ticarət Məcəlləsi tətbiq olundu. Qanuni məcəllələrin bəzi vacib fərmanları, doğuşa əsaslanan imtiyazları qadağan etmək, inanc azadlığına icazə vermək və dövlət işlərinin ən yüksək səviyyəli şəxslərə vermək kimi məsələləri əhatə edirdi.

İctimai işlər: Napoleonun dövründə, 1802-ci ildə Paris şəhəri yenidən quruldu. Bülvar kimi tanınan geniş yollar daha da inkişaf etdirildi. Napoleonun İtaliyadan gətirdiyi sənət xəzinələri Luvrda kataloqlaşdırıldı və bir araya gətirildi. Napoleon həmçinin körpülərin, kanallar şəbəkəsinin, su yollarının tikintisinə nəzarət etdi. Onun hakimiyyəti dövründə əsas dəniz limanları genişləndirildi və istehkamlar inşa edildi, xüsusilədə Çerburq və Tulonda.

Xarici siyasət:
Napoleon Avropa ölkələrində inzibati islahatlara öz töhfəsini vermişdir. O Fransada idarəçiliyi gücləndirmək üçün geniş-miqyaslı islahatlar apardı. Onun təqdim etdiyi bəzi islahatlara ləyaqət əsasında işə qəbul, bütün Fransız vətəndaşlarının bərabərliyi təmin etmək üçün ortaq bir hüquq sisteminin yaradılması, bütün vətəndaşlara dini azadlıq, məhkəmə idarəçilik sisteminin təkminləşdirilməsi və s. daxil idi.

Bu islahatlar çox məhşur olduğundan Napoleonun varisləri onlardan kənara çıxa bilmədi. Hətta bu islahatlar başqa Avropa  ölkələrinin xalqlarını belə özünə cəlb etdi və onlar öz ölkələrində bu idarəçilik sistemini təkrarlamağa çalışdılar. Bir sıra digər Avropa ölkələridə Napoleonun təsiri altında geniş islahatlar keçirdi. Bu ölkələrin arasında
ən məhşurlar:

  • Niderland
  • Belçika
  • İspaniya
  • Reyn Federativ Dövləti (Alman)
  • Böyük Varşava Knyazlığı
  • İsveçrə
  • İtaliya

Bu ölkələrin çoxunda feodalizm və təhkimçilik tamamilə ləğv edildi və vətəndaşlar din azadlığı ilə təmin olundu. Onlar həmçinin Napoleonun qanun məcəlləsindən əhəmiyyətli dərəcədə öhdəliklər götürdülər. Təəccüblü deyildi ki, Napoleonun  Fransada tətbiq etdiyi islahatlarda məhz buna görə tədricən digər Avropa ölkələrinə də yayıldı.

Napoleonun Avropada millətçiliyin yüksəlişinə əhəmiyyətli dərəcə də töfhələri oldu. Onun Fransanı böyük bir millət halına gətirmək həvəsi ilə İspaniya, Almaniya, Portuqaliya, Prusiyya və s. kimi  bir sıra Avropa ölkəri də onun nəzarəti altına düşdü.

Fransız əsgərləri ölkədə olduğu müddətcə insanlara millətin hər şeydən üstün olduğunu və heç bir fədakarlığın millət üçün yetəri qədər böyük olmadığının  öyrətdilər. Bu müxtəlif Avropa ölkələrinin xalqlarının Napoleona qarşı qalxmağa və müstəqilliklərini təsdiqləməyə imkan verən millətçilik ruhu idi.

Nəhayət, Napoleon Almaniya və İtaliyanın şüursuzcasına birləşməsinə öz töfhəsini verdi. O, bir sıra kiçik Alman dövlətlərini federal bir vahiddə birləşdirərək və onlara mükəmməl bir idarəetmə sistemi təqdim edərək Almaniyanın birləşməsinə imkan yaratdı. Beləliklə,O almanlara ilk birlik-bərabərlik dərsini verdi və bu da 1870-ci ildə Almaniyanın birləşməsi ilə nəticələndi.

Həmçinin o, İtaliyanın müxtəlif krallıqlarını bir araya gətirərək və İtaliya Respublikasını yaradaraq İtaliyanlar arasında millli bərabərlik ruhunu təbliğ etdi. Foskolo, böyük İtaliyan şairi Napoleonu İtaliyanın xilaskarı kimi təsvir edirdi.

Beləliklə, deyə bilərik ki, böyük insan təlafatına səbəb olan Napoleonun hərbi sərgüzəştləri, Fransız İnqilabi prinsiplərini yeritdiyi, demokratiyanın böyütdüyü, islahatlara  təkan verdiyi, millətçiliyi təbliğ etdiyi üçün həmçinin, Almaniya və İtaliyanı birləşməsində rol oynadığı üçün bu hakimiyyətin Avropa ölkələrinə çox böyük töfhəsi oldu.

QAYNAQ: Venkateshwara Open University- History of Europe ( 1453-1815 )
TƏRCÜMƏÇİLƏR: Çimnaz Kazımova və Nilufər Məmmədli

HƏMÇİNİN BAX: Qaraqoyunluların mənşəyi
HƏMÇİNİN BAX: tehsilim.org/magistratura-tehsili/