Muxtar respublikada təhsil sahəsində uğurlu nəticələr əldə olunub
Muxtar respublikada dövlət qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ilin birinci yarısında da davam etdirilib. Ötən müddət ərzində Ordubad rayon Vənənd və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Şərur rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb.
AzEdu.az xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda çıxış edən nazir Rəhman Məmmədov bildirib ki, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması da diqqətdə saxlanılıb, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə 2 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı, nazirliyin bir əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub. Bunlarla yanaşı, təhsil və idman sahəsində xüsusi istedadı ilə fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı Gənc istedadların “Qızıl kitabı”na yazılıb.
Vurğulanıb ki, hesabat dövründə ümumilikdə 14 interaktiv, 370 saat isə nümunəvi dərs tədris olunub, seminarlar, elmi-praktik konfranslar və müşavirələr keçirilib, laborator təlimlər, ixtisasartırma kursları təşkil edilib.
Nazir deyib: Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də şahmatı tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiya imtahanı keçirilib, uğurlu nəticə göstərən 18 müəllim yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində şahmatı tədris etmək hüququ qazanıb.
2020-ci ilin I yarısında müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak edənlərdən 70-i müəllim, 55-i isə vəzifələrə təyin olunub.
Nazir bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində ilk dəfə olaraq muxtar respublikadan 27 layihə təqdim edilib, onlardan fərdi kateqoriya üzrə 3, ümumtəhsil müəssisələri kateqoriyası üzrə isə 2 layihə qalib elan olunub. Respublika fənn olimpiadasında da muxtar respublikanın məktəbliləri uğurlu nəticələr göstərərək 4 qızıl, 7 gümüş, 13 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
2020-ci ildə ən yüksək nəticə göstərən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olub. Hesabat dövründə intellektli, istedadlı şagirdlərin rəsm və dekorativ əl işlərindən nümunələr və həmin şagirdlər barədə fotolar, həmçinin məlumatlar olan “İstedadlı şagirdlər” albom-kataloqu hazırlanıb.
Nazir qeyd edib ki, peşə hazırlığının təşkilinə dair keçirilən seminarlarda 34 qrupdan 849 müdavim məzun olaraq istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlayıb.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam etdirilib.
Mənbə: azedu.az
Xəbərçi: Raisə Savalanzadə