Musiqi sənəti

Plan:

  1. Musiqinin məzmunu və ifadə vasitələri
  2. Musiqinin forması. Klassik musiqinin əsas formaları
  3. Haqqında. Əsas musiqi janrları

Musiqinin məzmunu və ifadə vasitələri

Musiqi  ictimai şüur forması kimi çoxsahəlidir: yaradıcı, ifaçı, təşkilatçı, eləcə də əyləncə zamanı, qavrama, tələbat, təminedici, estetik tərbiyə vasitəsi kimi böyük təsir qüvvəsinə malikdir. Hər bir incəsənət növü kimi musiqi gerçəkliyi əks etdirir. Hər bir musiqinin  müəyyən məzmunu və ideyası olur. O, insana xas bütün hisləri ifadə etmək qabiliyyətinə malikdir. Musiqinin məzmunu müxtəlif olur. Bəzən insanın daxili aləmini, əhval-ruhiyyəsini, bəzən inilabi, qəhrəmani mübarizəni, bəzən fəlsəfi düşüncəni, bəzən də təbiət mənzərələrini təsvir edə bilir. Musiqinin məzmunu rəqs ritmləri ilə də verilə bilər. Məzmun melodiya vasitəsilə təsvir edilir. Musiqinin ifadə vasitələri müxtəlif olur: melodiya, polifoniya, harmoniya, faktura, temp, registr, tebr və s.

Musiqi əsərinin əsası melodiyadır. Melodiya isə bədii varlığın əsasıdır. Melodik xəttin əsasını lad təşkil edir ki, burada  ifadəli və milli xüsusiyyət öz əksini tapır. Melodik xətt vasitəsilə melodiyanın xarakteri  təyin olunur. Hər bir musiqi əsərinin mütləq bir ölçüsü olur.Mövzunun ifadə olunmasında ölçü, metr, xanələrin rolu böyükdür. Beləliklə, melodiyanın tərkibini təşkil edən ritm, temp, dinamika, lad və s. musiqi ifadə vasitələridir. Bu musiqi ifadə vasitələrindən istifadə etməklə bəstəkarlar çoxlu miqdarda və müxtəlif məzmunlu musiqi əsərləri yaradırlar.

Musiqi forması. Klassik musiqinin əsas formaları

Forma latın sözü olub, “zahiri görünüş” deməkdir. Bütün incəsət əsərləri müəyyən formaya məxsusdur. Lakin onların qanunları müxtəlifdir. Elə əsərlər var ki, məsələn, heykəltəraşlıq, rəssamlıq, memarlıq və s. onlar gözlə oxunur, müşahidə edilir. Onların forması daima tam şəkildə və yaxud da hissələrlə aydınlaşdırılır, dərk edilir. Bu zaman əsərin ümumi şəkli detallardan əvvəl nəzərə çarpır. Musiqidə isə ədəbiyyatda, şeirdə olduğu kimi müəyyən vaxt ərzində, hər bir xırdalıqlarla, detallarla dərk edilir. Ona görə də tam musiqi əsəri yaddaşımıza tədricən dərk olunur. Musiqini dərk etmək və qavramaq üsusiyyəti musiqi formasının mahiyyətini təyin etməyə imkan yaradır. Musiqi formaları müxtəlifdir.

Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir  əsərin məzmununa müvafiq  onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birnə münasibətilə xarakterizə edilir. Hər bir musiqi əsərinin forması məhz ona aid, fərdi və təkrarolunmazdır. Buna baxmayaraq formanı yaradan qayda və qanunların miqdarı məhduddur. Buna görə də bir çox əsərlərin quruluşunda ümumilik vardır ki, bu da forma növlərini aşkar etməyə imkan verir.

Period. Hər bir musiqi əsərinin yaranmasında mövzu əsas rol oynayır. İnkişafın əsasını təşkil edən mövzu intanasion cəhətcə yığcam, forma etibarı ilə tam quruluşa malik olmalıdır. Hamafon-harmonik quruluşlu (yəni təksəslivə çoxsəsli)  musiqi əsərində mövzu ifadəsinin səciyyəvi formasını period təşkil edir.  Period tematik cəhətcə bir-birinə oxşar 2 melodik quruluşdan – cümlədən  yaranaraq bitmiş bir fikri ifadə edir. I cümlə -başlanğıc –sual cümləsi, II isə cavab cümləsi adlanır. Period forması kvsdrat olaraq 2, yaxud 4 xanəlik cümlələrdən yaranır. 8 xanə= 4 xanə + 4 xanə ( 16= 8+8)

Sadə 2 hisəli forma. Bu forma 2 perioddan ibarətdir. Periodlar tematik məzmuna görə vahiddir, lakin xarakterinə görə bir-birindən fərqlənir. I period “A” , II period isə “B” hərfi ilə işarə etsək, bu zaman sadə 2 hissəli formanın hərfi sxemi belə olacaqdır: AB

Sadə 3 hissəli forma. Sadə 3 hissəli forma 3 hissədən ibarətdir. Burada I və III hissələr öz məzmunu, musiqisi, xarakteri, həcmi etibarı ilə eyni, II hissə kənar hissədir, onlardan az və çox dərəcədə fərqlənir. Sadə 3 hissəli formada əvvəlki period (birinci period) adlanaraq “A” hərfi ilə, II hissə orta hissə adlanaraq “B” hərfi ilə, III hissə isə I hissəni təkrar etdiyi üçün “repriza” adlanır və “A” hərfi ilə işarələnir. Bu formaın hərfi sxemi  belədir: ABA

Variasiya forması. Musiqinin bu forması eyni mövzunun müxtəlif dəyişikliklərlə dəfələrlə təkrarı nəticəsində yaranır. Hərfi sxemi A,A1,A2,A3, A… .Variasiyalar ciddi sərbəst olur. Ciddi variasiyalarda mövzu müxtəlif dəyişikliklərə (ölçü, ritm, temp, tonallıq,faktura, registr və s.) uğrasa da mövzuya yaxınlıq daima hiss  olunur. Sərbəst variasiyalarda isə dəyişikliklər mövzudan çox uzaqlaşdırılır və mövzunu tanımaq çətinləşir. Belə variasiyalar daha çox süita nömrələrini xatırladır.

Rondo forması. Rondo fomasında eyni mövzu 3 dəfədən az olmayaraq səslənməlidir. Bu təkrar olunan mövzular arasında (“refren”) , yen mövzular (“epizod”)  səslənməlidir. Hər bir mövzu (refren və epizodlar) hər biri ayrı-ayrılıqda period, sadə 2 hissəli və 3 hissəli formalara əsaslana bilər. Variasiya formasının hərfi sxemi belədir: ABACA…n

Sonata-alleqrosu forması. Sonata-alleqrosu forması mürəkkəb klassik musiqi formalarından biridir. Bu formada əsasən instrumental musiqi əsərləri yazılır. Sonata-alleqrosu forması bir-biri ilə ziddiyyət təşkil edən 2 mövzu əsasında (əsas və köməkçi), bu mövzuların bir-birinə qarşı qoyulması və inkişaf etdirilməsi nəticəsində yaranır. Quruluşu 3 şöbədən ibarətdir:

  1. Ekspozisiya (əsas, köməkçi, bağlayıcı və s. mövzularla tanışlıq)
  2. İşlənmə (hər bir mövzu işlənir, xırdalanır)
  3. Repriza ( əsasən, I şöbə təkrarlanır)

Silsilə mahiyyətli formalar. Ümumi məzmuna əsaslanan, bir-neçə müstəqil hissələrin toplumundan yaranır. Bu formada vahid bir fikir və məzmun olur. Silsilə forması müxtəlif olur:

Sonata silsiləsi forması – bu formada əsasən instrumental əsərlər (süita, simfoniya, konsert, trio, kvartet və s.) yazılır.

Süita formasıbu forma müstəqil hissələrin ümumi məzmunla birləşməsi nəticəsində yaranır.

Janr haqqında. Əsas musiqi janrları.

Janr fransız sözü olub, “cins”, “növ” deməkdir. Musiqidə çoxlu janr vardır. Musiqini əsas 3 janrı bunlardır: vokal, instrumental, vokal-instrumental (qarışıq). Musiqinin vokal janrları:

Mahnı şeirlə musiqinin vəhdətindən yaranmış vokal əsərdir. Xalq yaradıcılığında, məişət musiqisində peşəkar (bəstəkar) musiqidə geniş yayılmışdı. Musiqini ən qədim növüdür. Məzmuncalirik, qəhrəmanlıq, əmək, vətənpərvərlik, uşaq və s. növlərdə olur.

Romans kamera musiqi janrıdır. (ispan dilində “ispansayağı” deməkdir) Bədii mahnıdır. Adətən, mətni məhəbbət mövzusunda olur, elegiya, ballada onun növləridir.

Ariya  opera, operetta və başqa səhnə əsərlərində orkestrin müşayiəti ilə 1 müğənni tərəfindən ifa olunan bitmiş bir musiqi nömrəsidir. Ariya – dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın (qəhrəmanın) musiqi xarakteristikası verilir. Adətən, 2 hissəli formada yazılır.

Xor yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir. Xor tipinə görə həmcins və qarışıq, növünə görə isə tək səsli (unison) və çox səsli olur. Xorda 4 səs partiyası olur: soprano, alt, tenor, bas. Müstəqil əsər, opera və operettalarda ayrıca musiqi nömrəsi kimi olur.

Musiqinin instrumental janrları:

Sonata 1 və ya 2 musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. (İtalyanca “conare” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır.)

Simfoniya  isə orkestr üçün sonata formasında yazılmış əsərdir. (yunanca “həmahənglik” mənasındadır). Simfoniyalar quruluşuna görə 1 hissəli və genişlənmiş ola bilər.

Musiqinin vokal-instrumental (qarışıq) janrları:

Opera teatr sənətinin bir növüdür. Səhnədə baş verən hadisələr musiqi dili ilə (yəni vokl, ortestr musiqisi, rəqs və s.) açıqlanır. Bir sözlə, opera musiili teatr üçün yazılmış əsərdir. (İtalyanca “əsər” deməkdir). Operanın süjeti olur, səhnədə ifa olunur, ona dekorasiya qurulur, müğənni və orkestr vasitəsilə ifa olunur.

Operetta (Musiqili komediya)  kiçik opera deməkdir. Komik xarakterli musiqili səhnə əsəri vokal və instrumental musiqini rəqs və danışıq dialoqları ilə birləşdirir.

Balet –  musiqi, rəqs, dramatik fəaliyyət və təsviri incəsənət elementlərinin özündə birləşdirən xoreoqrafik tamaşadır. (fransızca “ballet” sözü, italyanca “ballo” – rəqs etmək spzündən əmələ gəlmişdir). Balet səhnə üçün yazılmış əsərdir, onun məzmunu rəqs, ritmika, pantomima vasitəsilə açıqlanır.

Oratoriya isə solist, xor və orkestr üşün yazılmış çoxhissəli vokal-simfonik əsərdir (lat. “oratio” – natiqlik deməkdir).

Kantata – solist, xor və simfonik orkestr üçün yazılmış, müəyyən məzmuna əsaslanan, səhnə hərəkəti olmayan silsilə mahiyyətli əsərdir. (italyanca “cantare”– oxumaq deməkdir). Təntənəli, epik xarakterli olur, çoxhissəli vokal-simfonik əsərdir.

 Ədəbiyyat: 

  1. Ə. Bədəlbəyli.”İzahlı monoqrafik musiqi lüğəti” (Bakı, 1969)
  2. E. Əfəndiyeva, J. Qədimova. “Musiqi” (Bakı, 2007)
  3. E. Əfəndiyeva. “Musiqi əsərlərinin təhlili” (Bakı, 2003)

YAZAR: Gülnar Nəzərli 

Həmçinin bax: ƏDƏBİYYAT VƏ MUSİQİ

Həmçinin bax: https://turaz.org/akelik-group-asc-xalqimizi-hemreylik-gunu-munasibeti-ile-tebrik-edib/