Multikulturalizm sosial hadisə kimi

Multikulturalizm sosial hadisə kimi qəbul edilir. Multikulturalizm məfhumu iki mənada işlədilir: geniş və dar mənalarda. Geniş mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını əks etdirir. Məlum olduğu kimi, bu məfhum iki sözün birləşməsindən əmələ gəlmişdir: “multi” və “kultura” (latın dilindən tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna görə də sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından irəli gələrək çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur. Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklərin ən azı birinə, bir neçəsinə və ya hətta hamısına rast gəlinir. Sözün geniş mənasında işlədilən multikulturalizm məhfumunun əsasında müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyət multikultural cəmiyyət adlanır. Deməli, bütün dovlətlər multikultural dövlət sayıla bilər.

Multikulturalizmin formalaşmasının əsasını sosial təfəkkür və sosial davranış təşkil edir. Multikulturalizmin sosial hadisə kimi təqdim olunması onun cəmiyyətin məhsulu olaraq ictimai inkişafının müəyyən mərhələsində, eləcə də cəmiyyətdə cərəyan edən bu və ya digər hadisələrin təsiri altında meydana gəlməsini göstərir.

Sözün dar mənasında multikulturalizm termini cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə munasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Beləliklə, multikulturalizm siyasət modeli kimi də qəbul olunur. Bu modellə bağlı Kanadalı tədqiqatçı Pol Dyumocel yanaşması maraq doğurur (“Müqayisəli multikulturalizm” məqaləsi). Onun yanaşmasına görə multikulturalizm termini ən azı 3 müxtəlif mənada işlədilir:

1) deskriptiv (təsviredici) məna – yəni, bir neçə müxtəlif etnik-mədəni qrupun nümayəndələrinin birgə yaşadıqlarını bildirən sosial-tarixi situasiya;

2) multikulturalizm siyasəti mənası – dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə munasibətdə konkret siyasəti;

3) normativ məna, yəni cəmiyyətdəki müxtəlifliyin qorunması və inkişaf etdirilməsi multikultural ədalətin normativ tələbidir.

3-cü məna 2-ci mənanın konkret forması kimi də qəbul edilir. Multikulturalizmin predmetini və mahiyyətini açıqlayan aspektlərdən biri də onun həyat tərzi kimi qəbul edilməsidir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu prosesdə əsas rol dövlətə məxsusdur. Azərbaycan xalqı tarixinin bütün mərhələlərində onun ərazisində yaşayan bütün xalqların nümayəndələrinə xoş münasibət bəsləmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki dözümlülük nümayiş etdirmiş, həmçinin hörmətlə yanaşmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri açıqlayaraq demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir”.

 Multikulturalizm fənninin obyekti, predmeti, məqsədi və əhəmiyyəti. Elmin obyekti və predmeti bir-birilə sıx bağlıdır. Ümumiyyətlə, hər hansı elmin obyektini insanın idraki fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir. Obyektin bilavasitə tədqiq olunan xüsusiyyətləri, əlamətləri, tərəfləri isə elmin predmeti kimi çıxış edir.Multikulturalizm fənninin obyektini çoxmədəniyyətlilik təşkil edir. Predmetini isə cəmiyyətdəki çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunması yollarının öyrənilməsi təşkil edir. Multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin, həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunması yollarının müəyyən edilməsi Multikulturalizm fənninin əsas məqsədidir.

YAZAR: İsmayılova Səbinə 

Həmçinin bax: Multikulturalizm. Kukatas modeli

Həmçinin bax: turaz.org/neqliyyat-rabite-ve-yuksek-texnologiyalar-nazirliyinin-aparatina-yeni-rehber-teyin-edilib/

Həmçinin bax: tehsilim.org/yuxari-sinifler-ve-universitetlerde-enenevi-tedris-qismen-berpa-olunur/