Multikulturalizm. Kukatas modeli

Multikulturalizm: 

+ müxtəlif mədəni qrupların birlikdə yaşamasını və

+ muxtəlifliyin qorunmasını,

+ liberalizm isə liberal dəyərləri,

+ fərdlərin hüquq və azadlıqlarının müdafiəsini ön plana çəkir.

 Multikulturalizmə liberalizm yanaşması multikulturalizmi liberal prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, liberalizmdə fərdi seçim azadlığı ilə yanaşı dözümlülük də əsas dəyər kimi qəbul olunur. Bu yanaşma liberalizm nümayəndələri arasında multikulturalizmlə bağlı fikir ayrılıqları və ziddiyyətləri yaradır.

Kukatas modeli. Tanınmış politoloq, London İqtisad Məktəbinin professoru Candran Kukatasın multikulturalizmə yanaşması klassik liberalizmə əsaslanır. Bununla da o, müasir liberalizmə söykənən Kimlikadan fərqlənir. Klassik liberalizm hökumətin rolunu azaldaraq əsas diqqəti fərdin azadlıqları üzərində cəmlədiyi halda, müasir liberalizm ədalət və bərabərliyə nail olmaq istiqamətində tərəqqini sürətləndirmək üçün hökumətdən istifadə olunmasını müdafiə edir.

Klassik liberalizmdən fərqli olaraq, müasir liberalizm dövlətin müdaxiləsini zəruri sayır. Klassik liberalizm fərdi azadlığı dövlət üzərinə qoyulan məhdudiyyətlərin nəticəsi kimi qavradığı halda, müasir liberalizm dövlət tərəfindən yeni hüquqlar yaradılması məqsədini güdür. Klassik liberalizm fərqli mədəni azlıqların mövcudluğuna daha tolerant yanaşır, çünki liberal cəmiyyətdə mədəni azlıqların olması tamamilə məqbuldur. Buna görə də, liberalizmin əsas vəzifəsi muxtəlif dəyərlərin daşıyıcılarının dinc və münaqişəsiz yanaşı yaşamasına imkan verən yol axtarıb tapmaqdır. Belə axtarış zamanı ziddiyyətlər və çətinliklər meydana çıxdıqda dinc yanaşı yaşayışa üstünlük verilir.

 Candran Kukatas multikulturalizmin klassik və müasir liberal yanaşmalara əsaslanan versiyalarını muvafiq olaraq, zəif multikulturalizm və güclü multikulturalizm kimi xarakterizə edir. Kukatasın bu konsepsiyası “Dözülməzə Dözmək” (Tolerating the Intolerable) adlı əsərində ifadə olunmuşdur. Liberalizm cəmiyyətdə fərdin azad seçim hüququna söykənən mədəni muxtəlifliyi qəbul edir. Önəmli şərt odur ki, insanlar həmin azadlığı hər bir fərd üçün tanımalıdırlar. Məhz bu şərt liberal doktrinanı ifadə edir. Candran Kukatas bildirir ki, multikultural cəmiyyətdə bir sıra qeyri-liberal elementlər də mövcud ola bilər. Sadəcə olaraq, onlara tolerant münasibət göstərilməlidir. Məhz bu baxımdan klassik liberal multikultural rejim ən tolerant rejim kimi xarakterizə oluna bilər. Birinin azadlığı digərinin azadlığını məhdudlaşdırmamalıdır. Bu, Con Stuart Millin irəli sürduyu və liberalizmin və multikulturalizmin əsaslarını təşkil edən “Zərər vurma!” prinsipinə əsaslanır.

Multikulturalizmə görə də insan mədəni həyatını seçməkdə azaddır. Bu, klassik multikulturalizmin əsas prinsipidir.

Hər iki yanaşmaya görə bir insanın və ya qrupun digərinin üzərinə öz iradə və ya istəyini məcburi yeritməsi yolverilməzdir. Multikulturalizmə klassik liberal yanaşmanın əsas problemi ondan ibarətdir ki, ona real həyatda praktik olaraq heç bir nümunə yoxdur. Beləliklə, klassik liberal multikuturalizmi  utopik və ya romantik multikulturalizm kimi də xarakterizə etmək olar. Liberal multikulturalizm məfhumu ilə multikulturalizmə liberal yanaşma eyniləşdirilməməlidir.

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: Alkoqolizm və Narkomaniya

Həmçinin bax: turaz.org/qarabag-sehidleri-ve-qarabag-zeferi-adli-onlayn-seir-musabiqesi/

Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-1-ci-nomresini-nesr-edecek/