“Müasir teleskoplar və astronomik müşahidələrin perspektivləri” mövzusunda onlayn seminar keçirilib

 

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Müasir teleskoplar və astronomik müşahidələrin perspektivləri” mövzusunda onlayn seminar keçirilib.

 

Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev astronomik müşahidələrin elmdə və cəmiyyətdə əhəmiyyətindən danışıb. O, qeyd edib ki, qədim zamanlardan başlayaraq vaxtın və istiqamətin müəyyən edilməsində səma cisimlərinin müşahidəsi həlledici rola malik olub.

 

Qulu Həziyev bildirib ki, bu gün həm vaxtın təyin edilərək qeyd olunmasında, həm istiqamətin müəyyənləşdirilməsində istifadə olunan metod və vasitələrin hazırlanmasının əsasında səma cisimlərinin fəzadakı vəziyyətləri və hərəkəti durur.

 

Onlayn seminarda rəsədxananın kiçik elmi işçisi Türkan Məmmədovanın “Müasir yerüstsü teleskoplar” və elmi işçi Ülvi Vəliyevin “Kosmik müşahidə vasitələri” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda müasir yerüstü teleskopların quruluşu və iş prinsipi, astronomik müşahidələrin aparılması üçün mövcud kosmik vasitələr və onların gələcək inkişafı barədə məlumat verilib.

 

Mənbə: www.science.gov.az

Xəbərçi: Aytən Abbasova