Moratorium nədir, borc moratoriumu nəyə əsaslanır və nə üçün lazımdır?

Son zamanlar tez-tez istər kütləvi informasiya vasitələrində (KİV), istərsə də gündəlik həyatımızda “moratorium” kəliməsini eşidirik. Latın əsaslı olması və deyilişi baxımından daha çox tibbi termin təsiri bağışlasa da, əslində moratorium tam olaraq hüquqi qüvvəyə malik bir anlayışdır.

Moratorium latın sözü olan “moratorius” sözündən götürülmüşdür, hərfi mənası “ləngitmə, gecikdirmə” deməkdir. Tarix boyunca dövlətlər bu anlayışdan müxtəlif adlar altında istifadə etmişdir. İlk moratoriumlardan biri, Londonda yerləşən Barings Bankının fəaliyyətinin dayandırılmasına səbəb olan maliyyə böhranı dövründə 1890-cı ildə Argentina tərəfindən tətbiq olunan moratorium olmuşdur. Hal-hazırda, işlənən kəlimə isə 1914-cü ilə kimi italyan hüquq ədəbiyyatına daxil edilməmişdir. Ümumi olaraq “müvəqqəti olaraq təxirə salma” anlayışı 1932-ci ildə “moratorial” formasında qeydə alınmışdır.

Hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fors-major halın bitəcəyi vaxta qədər yerinə yetirilməsinin təxirə salınması moratorium adlanır. Dövlətin daxilində olan istənilən vəziyyətə moratorium tətbiq oluna bilər. Bu baxımdan moratoriumun müxtəlif növləri fərqləndirilir. Son 5 ildə banklarda olan məsələlərə tətbiq olunan borc moratoriumu daha çox aktuallığını qoruyur. Borc (eləcə də, kredit) moratoriumu zamanı bank borc götürənə borcunu ödəmək üçün müəyyən qədər “möhlət” verir. Sadə dildə desək, bank ümumi hesabdan fiziki və ya hüquqi şəxsə pul borc verir, borc verəndən xeyli müddət sonra isə geri almağa başlayır. Daha çox azad və hansısa quruma tabe olmadan işləyən şəxslərin borc ödənişi zamanı   Bu, yaranan mövcud vəziyyətdən irəli gəlir, əgər yaranmış vəziyyət şəxsə borc və ya kreditini ödəməyə imkan vermirsə, həmçinin, onun yaşayış şəraitini çətinləşdirirsə, bu zaman bank avtomatik şəkildə moratorium tətbiq edir. Məsələn, hazırda COVID-19 pandemiyasına görə bir çox dövlətlərdə moratoriumun fərqli nümunələrinə rast gəlmək olur. O cümlədən, beynəlxalq sferada bu anlayış dövlətin öz öhdəliklərini yerinə yetirmə vaxtını geri çəkməsi, yaxud hər hansı bir hərəkətdən imtina etməsini özündə ehtiva edir.

Moratorium daşınar və daşınmaz əmlak üzərinə də qoyula bilər. Ən düşündürücü suallardan biri budur ki, girov və ya ipotekalı əmlak üzərinə moratorium qoyula bilərmi? Əgər əmlak artıq başqa formalı pul borcuna əsaslanan münasibətdə iştirak edirsə, bu zaman onun üzərinə moratoriumun qoyulması halına təcrübədə rast gəlinməmişdir. Əgər daşınmaz əmlak üzərinə qoyulacaqsa, əmlak azad və üzərində heç bir öhdəlik olmayan bir əmlak olmalıdır.

Moratorium onun tətbiq edilməsini tələb edən şərait bitənə qədər davam edə bilər, o halda ki, onu tətbiq edən tərəfi iflasa uğradacaq səviyyəyə gətirib çıxarmasın. Müddət kimi ən az 1 ay, ən çox isə həmin kredit və ya öhdəliyin həcmindən asılı olmaqla bir neçə il tətbiq oluna bilər. Moratoriumla bağlı həm bank özü, həm də şəxs qarşı tərəfə müraciət etmə hüququna malikdir. Moratorium zamanı gecikdirilən məbləğ onun müddəti bitdikdən sonra yavaş-yavaş əlavələrlə ödənilir. Bu ödəmə zamanı bir sıra amillər nəzərə alınır:

  • Kredit/borc məbləği;
  • Moratorium dövründən sonrakı mövcud balans;
  • Moratorium dövründən daha az gəlir əldə olunan dövr kəsiyində mövcud olan balans;
  • Aylıq ödəniş;
  • Ümumi faiz;
  • Ümumi ödəniş.

Moratorium tətbiq olunduqdan sonra yalnız 1 ay sonra onu ləğv etmək mümkündür. Bütün müştərilər, o cümlədən, şəxsi kreditlərdən istifadə edən, ödəniş üçün 2-dən çox borcu olmayan və ardıcıl geri ödəmə qabiliyyətinə sahib olan bütün şəxslər moratorium qəbul edə bilərlər. Bankların tətbiq etdiyi moratorium, adətən, 3 ay müddətini əhatə edir.

Sual oluna bilər ki, moratoriumdan istifadə etmək həmişə əlverişlidirmi? Moratoriuma müraciət etmək forması fors-major halla qarşılaşan, fövqəladə vəziyyətlə üzləşən, həmçinin, öz şirkətini və ya biznesini yenicə yaratmış şəxslər üçün çox yaxşı bir üsuldur. Digər hallarda isə, əgər həmin müddət bitdiyi halda belə maddi cəhətdən özünü təmin edə bilməyəcək, yaxud bu müddətin onun mənfi vəziyyətinə təsiri olmayacaqsa, moratorium şəxsin şəraitini daha da gərginləşdirəcək və borc payını artıracaqdır. Müasir dövrdə nəinki, bu hüquqdan istifadə etmək, həmçinin, hər bir şəxsin rahat formada öz moratorium ödənişini, vaxtını, imkanını müəyyən etmək üçün online kalkulyatorlardan istifadəsi də mümkündür.

Müəllif: Aydan Ələskərova

Həmçinin bax: https://tehsilim.org/Daosizm fəlsəfəsi