Monqolların Azərbaycana birinci yürüşü
Xarəzmşah Əlaəddinin Məhəmmədin hakimiyyətinə və onun dövlətinə son qoyan monqollar 1221-ci ilin
yanvarında Cəbə noyanın və Sabutay bahadırın başçılığı ilə Xorasan və İraq-Əcəmdən keçərək, Azərbaycan
ərazisinə soxulurlar. Yol boyu qarşılarına çıxan şəhər və kəndləri viran və talan edən monqol qoşunları Azərbaycan atabəyi Özbəyin iqamətgahı yerləşən Təbriz şəhərinə yetişirlər. Vəziyyətin ağırlığını dərk edən atabəy, monqollarla sazişə girmək qərarına gəlir. Monqolların tələbi ilə Özbək xarəzmşah Məhəmmədin Təbrizdə saxladığı
xarəzmlilərdən ibarət qarnizonun döyüşçüləri onlara təslim edir; bununla yanaşı təzminat olaraq pul, paltar və
mal-qara da göndərir.
Təbrizdən əl çəkən monqollar Muğandan keçərək Arrana, oradan isə Gürcüstana doğru hərəkət edirlər. Gürcüləri monqol hücumundan xəbərdar etmək istəyən, lakin onların Azərbaycana və qonşu vilayətlərə bir qədər əvvəlki yürüşlərini hələ də unutmayan atabəy Özbək gürcü hökmdarı IV Georgiyə məktub yollayaraq, onu birlik və dostluğa çağırır: “Bundan sonra biz bir-birimizə kömək edib, əl tutmalıyıq. Yetər bu dağıntılar, ölümlər və fəlakətlər”,
-deyə yazır. Lakin, keçmiş rəqiblər arasında barışıq və monqollara qarşı birgə hərəkət haqqında razılıq yalnız
Tiflis yaxınlığında 10 minlik gürcü qoşunu darmadağın edildikdən, neçə-neçə Arran, Gürcüstan şəhər və kəndləri monqollar tərəfindən viran qoyulduqdan sonra əldə edilir.
Monqollara qarşı ittifaq yaratmaq təklifi Xilat və əl-Cəzirə hakimlərinə də edilir. Bu danışıqlardan xəbər tutan monqollar yenidən Gürcüstan və Arrana hücum edirlər. Atabəy Özbəyin Arrandakı canişini məmlük Nəsir əd-Din
Ağ Quştürklərdən və kürdlərdən ibarət qoşunu ilə monqolların tərəfinə keçir. Düşmən qarşısında tək qalmış
gürcülər darmadağın edilirlər. Bundan sonra yenidən Azərbaycan ərazisinə qayıdan monqollar bir daha Təbrizə hücum edirlər, lakin şəhər əhalisi bu dəfə də təzminat verməklə şəhərin işğalının qarşısını alabilir. 1221-ci ilin martında Özbəyin oğlu Xamuşun arvadı Sülafə xatuna mənsub olan Marağa şəhəri mühasirə edilir.
Ağır mühasirəni saxlaya bilməyən marağalılar göstərdikləri rəşadətə baxmayaraq məğlub edilir, şəhər dağıdılır, müdafiəçilər qılıncdan keçirilirlər. Marağanı ələ keçirdikdən sonra monqollar Suriya hüdudlarına tərəf hərəkət
edir, daha sonra Həmədana doğru çəkilərək, şəhəri dağıdır, əhalisini məhv edirlər. Daha sonra Azərbaycanın Həmədan şəhərini tərk edən monqollar Azərbaycanın içlərinə doğru yürüşlərini davam etdirirlər və yollarının
üstündə yerləşən Ərdəbil şəhərini darmadağın edirlər. Monqol mühasirəsi ərəfəsində Ərdəbildə olan Yaqut
əl-Həməvi bu hadisə haqqında belə yazırdı: “Mən gedəndən sonra tatarlar (monqollar) onlara hücum edib,
camaatı qırmışdılar. Onlarla ərdəbillilər arasında döyüşlər oldu, əhali özünü çox yaxşı müdafiə edirdi və iki
dəfə tatarları özlərindən uzaqlaşdıra bildilər. Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif düşmüş şəhər
əhalisi üzərində qələbə çaldılar və oranı zorla işğal etdilər.
Tatarlar müsəlmanların üstünə düşüb, onları öldürdülər. Əhalidən tatarların gözünə dəyən heç kəs şəhəri
tərk edə bilmədi. Yalnız gizlənənlər canlarını qurtara bildilər. Tatarlar şəhəri tamam dağıdıb, sonra çəkilib
getdilər. Şəhər bir müddət belə dəhşətlixaraba vəziyyətdə, adamsız qaldı…”.
Ərdəbili dağıdan monqollar, yenidən Təbrizə yaxınlaşdılar. Bu zaman atabəy Özbək artıq şəhəri tərk etmiş,
oğlu Xamuşun sahiblik etdiyi Naxçıvana çəkilmişdi. Təbriz şəhəri rəisi Şəmsəddin ət-Tuğraidən haqq alan
monqollar, bu dəfə də şəhərə toxunmadan oradan Səraba yollanır, buranı dağıdıb qarət edir, sonra isə
Naxçıvana doğru hərəkət edirlər. Rəşidəddinin verdiyi məlumata görə, monqollar Naxçıvanı da viran və talan
etməyə, əhalisini qırmağa başlayırlar, yalnız Naxçıvan hakimi Xamuşun monqollara boyun əyməsi qırğının dayandırılmasına səbəb olur. Bundan sonra monqol dəstələri yenidən Arran şəhərlərinə hücum edərək, qısa,
lakin ağır mühasirədən sonra Beyləqanı işğal edib, əhalisinin çoxunu qılıncdan keçirirlər.
Buradan monqollar Gəncəyə doğru hərəkət edirlər. Dövrün tarixçiləri monqolların bu hücumu barədə ziddiyyətli məlumat versələr də, görünür, İbn əl-Əsirin gəncəlilərin təzminatla canlarını qurtarmaları barədəki məlumatı həqiqətə daha uyğundur. Tarixçinin yazdığına görə “şəhər müdafiəçilərinin çoxluğundan, onların gürcülərlə
daimi mübarizədə əldə etdikləri dəyanətdən, qala divarlarının keçilməzliyindən xəbər tutan” monqollar Gəncəni tutmaq fikrindən daşınırlar.
Buradan onlar, bütün 1221-ci il ərzində üçüncü dəfə Gürcüstana hücum edirlər; gürcü əsgərlərinin göstərdikləri hünərə baxmayaraq, bu dəfə də onlar monqollar tərəfindən basılırlar. Dərbənd keçidi vasitəsilə şimali Qafqaza
doğru hərəkət etmək istəyən monqollar Gürcüstan hüdudlarını arxada qoyub, Şirvan ərazisinə daxil olur və
Şamaxı şəhərini mühasirəyə alırlar. Salnaməçinin yazdığına görə, şəhərin qalın divarlarını dəf edə bilməyən monqollar, çoxlu mal-qara öldürərək, onların leşlərindən qalaq düzəltdilər və bu yolla şəhərə daxil olmağa cəhd göstərdilər. şamaxılılar üç gecə-gündüz düşmənə müqavimət göstərirlər. Üç gündən sonra çürüməyə başlayan
leşlər çökməyə başladıqları üçün monqolların hücumları da zəifləyir.
Lakin şəhər əhalisinin də artıq müqavimətə halı qalmamışdı. Beləliklə, göstərilən rəşadətə baxmayaraq, Şamaxı
işğal olunub dağıdılır, şəhər müdafiəçilərinin və əhalisinin çoxu məhv edilir. Buradan Dərbəndə doğru hərəkət
edən monqol qoşunları, ilk uğursuzluğa baxmayaraq, nəhayət ikinci dəfədə hiylə ilə keçidi aşa bilirlər. Bununla monqolların kəşfiyyat xarakterli birinci yürüşü başa çatır. Azərbaycan əhalisinə olmazın fəlakət, şəhər və kəndlərinə böyük dağıntılar gətirsə də, bu yürüş nə Atabəylərin, nə Şirvanşahların, nə də Azərbaycan ərazisində mövcud olan başqa qurumların hakimiyyətlərini sarsıda bilir.
YAZAR: Zeynəb Hüseynzadə
Həmiçinin bax: Böyüklərin Vəziyyətinə dair Üç Müzakirə-3
Həmiçinin bax: tehsilim.org/meiset-zorakiligi-ve-usaq-huquqlari-movzusunda-videokonfrans/