“Molla Nəsrəddin” ziyası.
Azərbaycan xalqı öz tarixi keçmişi ilə daima fəxr etmişdir. Niyədə fəxr etməsin? Axı o hər zaman üçün söz sahibi olan, məğrur və qürurlu övladlar yetişdirməyi bacarmışdır. Hətta o övladlar ki, həm dövrü zamanlarında həm də müasir dövrdə dünya mədəniyyətinə töhvə verəcək gücə, dünyagörüşünə sahib şəxslər olmuşlar. Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə və. s.bu kimi şəxsiyyətlər hələ də Azərbaycan üçün, dünya üçün töhvlər verəcək söz, sənət sahibi olmuşdurlar.
Bu qürurlu vətən övladları Azərbaycan salnaməsində bir çox ilklərə imza atmışlar. Bu kimi ilklərdən biridə dahi mütəfəkkir C.Məmmədquluzadəyə aiddir.O, Azərbaycanda ilk satirik-yumoristik jurnal olan “Molla Nəsrəddin”-in müəllifidir.
Jurnal dövrünün adəta maarif işığı olmuş və bu işığa neçə-neçə dahi şəxsləri, söz-sənət sahiblərini toplamağı bacarmışdır. “Molla Nəsrəddin” jurnalının çapı Cəlil Məmmədquluzadə və həmtəsisçisi Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi.Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə işıq üzü görüb.Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc etmişdir. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir. “Molla Nəsrəddin” müxtəlif zamanlarda Tiflisdə,Təbrizdə və Bakıda işıq üzü görmüşdür.
Jurnal müəyyənləşdirilmiş proqramla fəaliyyətə başlamışdır.
Jurnalın Proqramı
Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir: 1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikturalar və illüstrasiyalar.
Jurnalın həftədə bir dəfə olmaqla yayımlanması nəzərdə tutulmuşdur.Proqramın ilk məqaləsi “Sizi dəyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım”.Məqalənin məzmunu bu cürdür: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza”.
Jurnalda məqalələr kimi məzmuna uyğun karikaturalar da öz fərqliliyi ilə seçilirdi.Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır.
“Molla Nəsrəddin”in tənqid hədəfi çox geniş idi.Jurnalda xalqın haqsızlığa məruz qalması, qadın azadlığı, mövhumat əsas yeri tuturdu.”Molla Nəsrəddin” Azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda inadla mübarizə aparmışdır. Jurnal qadınların da kişilərlə bərabər hüquqa malik olmasını tələb edirdi. “Xanımlara”, “Zəncir”, “Erməni və müsəlman övrətləri” felyetonlarında cəhalətpərəstlik şiddətlə tənqid atəşinə tutulurdu. C.Məmmədquluzadə “Köhnə dərdim” adlı məqaləsində yazırdı:
“Şərq qadını məsələsi mənim köhnə dərdimdir… Nədir onların dərdi?.. Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən… “.
Jurnalın ətrafına topladığı ziyalılar öz maarif verici yazıları ilə dövr insanını yuxudan oyatmağa çalışmışdırlar.
Bu yazarlar Azərbaycan mədəniyyətində xüsusi önəm sahibi olmuşdurlar. Gəlin onlardan bir neçəsini tanıyaq.
Cəlil Məmmədquluzadə – Mirzə Cəlil “Molla Nəsrəddin”də əsas sima, məsləhətçi və böyük yoldaş idi.
Ömər Faiq Nemanzadə – “Molla Nəsrəddin”in yaradılması və nəşri sahəsində Mirzə Cəlilin ən yaxın köməkçisi Ömər Faiq Nemanzadə idi. Nemanzadə “Şərqi-rus”un nəşrindən sonra
Tiflisə gəlir və burada qəzetçilik fəaliyyətinə başlayır. “Şərqi-rus” bağlanandan sonra Mirzə Cəlillə bərabər “Qeyrət” mətbəəsini alıb birgə işlədirlər. “Qeyrət”in rəsmi müdiri Ö.F.Nemanzadə idi ki, “Molla Nəsrəddin” də bu mətbəədə işıq üzü görmüşdü.
Əli Nəzmi – Məşədi Sijimqulu imzası ilə yazan Əli Nəzmi “Molla Nəsrəddin” məktəbinin əsas simalarından biri idi.Əli Nəzmi “Molla Nəsrəddin”dən əvvəl “Şərqi-rus” qəzetində iştirak etmiş, “Molla Nəsrəddin”ə nəzm və nəsrlə satirik əsərlər göndərmiş, bir müddət jurnalın redaktoru olmuş, Sovet hakimiyyəti illərində də fəal mollanəsrəddinçi kimi şöhrət qazanmışdır.
Əliqulu Qəmküsar – 1908-ci ildən başlayaraq “Molla Nəsrəddin”də mənzum və mənsur əsərləri ilə çıxış etmişdir.
Əbdürrəhim bəy Haqverdiyev – “Molla Nəsrəddin” görkəmli yazıçı və dramaturq
Ə.Haqverdiyevin də nəzərini cəlb etmişdi. 1907-ci ildə o, “Xortdan” imzası ilə “Cəhənnəm məktubları” başlığı altında məşhur məqalələrini yazmışdır. Sovet hakimiyyəti illərində Ə.Haqverdiyev bu məqalələri bir süjet ətrafında birləşdirmiş, “Odabaşının hekayəsi”ni də əlavə edərək ayrıca kitabça halında buraxdırmışdır.
Mirzə Ələkbər Sabir – satirik şeir cəbhəsinin bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə idi. 1906-1911-ci illərdə onun “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi satirik şeirləri yeni bir ədəbi məktəbin başlanğıcını qoymuşdu. Ən çox işlətdiyi imzalar bunlar id: “Hop – hop”, “Əbunəsr Şeybani”, “Güləyən”, “Cingöz bəy” və s. 1906-cı ildə “Molla Nəsrəddin”də Sabirin dərc olunan 21 satirik şeirinin 14-ü “Hop-hop” imzası ilə getmişdir. Bəllidir ki, şanapipiklər dəstəsinə aid olan hop-hop ağac kollarında yuva qurur, çox vaxt səsi gəlsə də, özü görünmür. İlk vaxtlar Sabirin Şamaxıdan “Molla Nəsrəddin”ə şeirləri gələrdi, özü isə görünmür, kimliyi bilinmirdi.
Jurnalın önəm verdiyi məsələlərdən biri də Ana dili idi.Mirzə Cəlil öz xatirələrində yazır ki, “Molla Nəsrəddin”də açıq ana dili ilə yazdığımız mətləbləri hamı açıq başa düşdü, elə asan başa düşdü ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən, yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində idarəmizə aydın cavablar gəldi.Jurnal həm ərəbçilik, farsçılıq, osmançılıq həm də dili lüzumsuz yerə rus sözləri ilə korlamağın ziddinə idi. Jurnal mövzu əhatəsinə görə hər təbəqədən olan insana siraət edirdi.Bu da öz növbəsində insanların maariflənənməsində xüsusi önəm kəsb edirdi.
Yazar: İsmayıl Camalov
həmçinin bax Şərq Qaranquşu
https://tehsilim.org/telebelerin-kocurulmesine-baslanilib/