Mirzə Kazım bəy. Həyatı və yaradıcılığı. Azərbaycançılıq
Mirzə Kazım bəy. Həyatı və yaradıcılığı. Azərbaycançılıq.
XIX əsrin məşhur filosofları olan Karl Marks və F.Engels “müəyyən sinif və sosial konsepsiyaları” ideologiya adlandırır. Bizim fikrimizcə isə “ideologiya” insanların ümumilikdə gerçəkliyə olan münasibətlərinin bütövləşmiş, ümumiləşmiş fikri dəyərlər sistemidir. “Azərbaycançılıq” ideologiyası da belə ideologiyalardandır. Bu ideologiya
özünə vətəndaşlıq hüququ qazanmaq yolunda çox böyük çətinliklərlə üzləşmiş, uzun bir tarixi inkişaf yolu keçmişdir. Nəzərə çatdıraq ki, bu cür milli ideyalar öz-özünə yaranmır, lazımdır ki, bu işdə az və ya çox əməyi
keçmiş, bu ideologiyanı fəaliyyətinin əsas hissəsinə çevirmiş şəxlərdən yan keçməyək. XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, Ə. Topçubaşov, Ə.Hüseynzadə, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli
klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynamışlar.Bu baxımdan görkəmli Azərbaycan maarifçisi Mirzə Kazım bəyin də özünəməxsus və dünya miqyasında
tanınan xidmətləri vardır. Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Gilan vilayətinin Rəşt şəhərində
dünyaya gəlmişdir. Atası Hacı Qasım qardaşlarından fərqli olaraq, mükəmməl dini təhsil almış, təhsilə qarşı müsbət yanaşması ilə diqqəti cəlb etmişdir. Sonralar (1807- M.G) Hacı Qasım Dərbənd şeyxülsislamı
rütbəsinə qədər yüksəlmişdir. O, oğlunun təhsili ilə şəxsən özü məşğul olmuş, onu gələcəkdə öz yerində görmək istəmişdir. Bundan sonra Kazımbəy təhsilini o dövrün görkəmli ruhanilərinin yanında davam
etdirmişdir. Erkən yaşda anasını itirən Kazım bəy atasının himayəsində böyümüşdür. Artıq 11-12 yaşlarında ərəb, fars, türk dillərində sərbəst danışmağı və yazmağı öyrənmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi atası onun
ilahiyyatçı sənətinə yiyələnməsini arzu etmiş, Kazım bəy isə daha böyük hədəflərin arzusunda olmuşdur.
Mirzə Kazım bəy 1819-cu ildə (hələ 17 yaşı olarkən) “Ərəb dili qrammatikası təcrübəsi” adlı ilk elmi işini yazmış, bir il sonra isə ərəb-fars dillərində lüğət tərtib etmişdir. İkinci əsəri “Müəmma və Lügaz” isə həm
ərəb, həm fars dillərində yazılmışdır. Bundan sonra, ərəbcə “İslam haqqında gerçəklər, xristian və iudaizmin yanlışlıqları” əsərini yazmışdır. (Dini görüşlərində olan dəyişikliklərlə bağlı bax: (1.SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Asiya muzeyinin Leninqrad şöbəsi, Moskva, 1972. 2.O.A.Baratinskaya, “Aleksandr Qasım oğlu Kazım Bəyin bioqrafiyası”) Mirzə Kazım bəy həm tarix, həm də filologiya sahəsində bir çox elmi
əsərlərin müəllifidir. O dilçiliyə xristian dininə dair əsərlərin tərcüməsi ilə başlamış, 1839-cu ildə Demidov mükafatına layiq görüləcək “Türk-tatar dillərinin ümumi qrammatikası” adlı elmi monoqrafiyasını yazır. Bu əsərdə
o, əksər türk dillərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisələrini aparmışdır. Görkəmli Azərbaycan dilçi alimlərindən Ağamusa Axundov, “Ümumi dilçilik” əsərində yazır ki, XIX-XX əsrlər Azərbaycan dilçiliyinin
inkişafının ikinci dövrüdür və bu, M.Kazım bəydən başlayır. Onun fikrincə, 1839-cu ildə M.Kazımbəyin Kazanda nəşr edilmiş “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri “yalnız” Azərbaycan dilçiliyində deyil, bütün türkologiyada böyük və yeni bir hadisə idi. Həmin əsərdə Azərbaycan dili ilk dəfə Avropa qrammatikaları dəbində
təqdim edilmişdi.” “Dərbəndnamə” adlı digər əsərini isə 1850-ci ildə tamamlayan, bu əsər üzərində 12 il çalışan Kazım bəy Peterburqda yaşadığı vaxtlarda “Müridizm və Şamil” (1859), “Müsəlman qanunları”(1862), “Bab və
Babilər”(1865) əsərlərini nəşr etdirmişdir. Kazımbəyin elmi işləri göz önündə tutularaq 1869-cu ildə Peterburq Universitetinin qurulmasının 50 illiyində ona bütün Şərq Dillərinin Fəxri Doktoru ünvanı verilmişdir.
Alimin digər bir tarixi, elmi əsəri Krım xanlığı tarixini özündə cəmləşdirən “As-Sab us-Sayyar” (“Yeddi planet”) əsəridir ki, bu əsər üzərində uzun müddət araşdırmalar etdiyi bilinməkdədir. Hətta M.Kazımbəy əldə etdiyi
qaynaqlarla yetinməmiş, həmin bölgədən olan Seyid Məhəmməd Rza, Kazan və Astraxan axundları ilə məktublaşaraq məlumat əldə etməyə çalışmışdır. 1841-ci ildə “Uyğurlar haqqında tədqiqatlar” adlı tarixi əsərini
də yazdığı məlumdur. M Kazım bəyin düşüncələrinə alman fəlsəfəsinin də mühüm təsiri olmuşdur.
Kazımbəyin Azərbaycanda ilk tədqiqatçısı Ağababa Rzayev “Dərbənddən başlanan əzablı yol” romanını M.Kazımbəyin həyat və yaradıcılığına həsr etmişdir. Bəzi mütəfəkkirlər var ki, onlar özlərindən sonra da elmə olan töhfələri ilə iz qoymuşlar. Kazım bəyin demək olar ki, elmdə toxunmadığı bir mövzu qalmamışdı. Bunun nəticəsidir ki, 2003-cü ildə Mirzə Kazımbəyin doğum günlərinin yüksək səviyyədə qeyd edilməsi barədə Yunesko qərar
imzalamışdır. 1869-cu il noyabrın 27-də dünyasını dəyişən unudulmaz tədqiqatçı SanktPeterburqun Pavlovsk məzarlığında torpağa tapşırılmışdır. Sonda bu yazını da elə məhz Kazımbəyin fikirləri ilə sonlandırmaq istərdik:
“Fikir elmin atasıdır, söz anası, yazı isə onun həyatıdır… Söz var bütöv, söz var yarımçıq, söz var ürək bulandırar, söz var taqətsizi ayağa qaldırar, söz var ölümə gətirib çıxarar, söz var insana elə güc, elə qüvvət verər ki, o, ölümlə üz-üzə gələr və qorxmaz.”
Ədəbiyyat Siyahısı
Abdullayev E. “Mirzə Kazımbəyin tarixi-siyasi görüşləri”, İstanbul, 2008
Əhmədli R. “M.Kazımbəyin ictimai fikirləri”
Qasımova S. “Mirzə Kazımbəy”, “Maarif” yayınları, Bakı, 1994
Rzayev A. “M.Kazımbəy və Şərq ədəbiyyatı”, Bakı, 1974
YAZAR: Gülsarə Mirzəyeva
Həmiçinin bax: C. Məmmədquluzadə – Azərbaycançılıq ideyası
Həmiçinin bax: https://tehsilim.org/tetil-dovrunde-sagirdler-ucun-mektebdenkenar-fealiyyet-basa-catib/
Həmiçinin bax: https://turaz.org/qarabagin-sesi-layihesi-teqdim-edilib/