Min bir dərdin dərmanı- Çay

İnsanlar bəzi bitkilərdən yeni birləşmələr əldə edərək ondan istifadə edirlər. Bəzən bu dəyişikliklərdən yaranan yeni birləşmələri (məsələn spirtli içkilər) istifadə etmək insanlara zərər versə də, bu  istedad çox vaxt insanlara müsbət zövqlər üçün yelkən açmağa kömək etmişdir.

Bir çox Şərq ölkələrində, xüsusən də, ölkəmizdə  sudan sonra ən çox istehlak edilən içki çaydır. Çay daha çox təvazökar məkanlarda istiliyi ilə çox ürəyə və söhbətə dərinlik qatar;  “Buyurun, bir stəkan çayımızı için”,— sözləriylə başlayan dostluq qapısının açarıdır. Dost və həqiqət məclislərinin,  elm və hikmət söhbətlərinin içkisidir çay. Söz sultanlarının kəlamları yaddaşlara həkk  olunarkən onun hərarəti qəlbləri isidir. Soyuq qış günlərində bir stəkan isti çayla isinərkən, yayın istisində də hərarətimizi  çayla söndürürük. Bəzən də çay bəhanəsiylə həsrətimizi  söndürürük dost və sirdaşlarımızla.

Çay bitkisi əsasən tropik və rütubətli, çox yağışlı mülayim  bölgələrdə bitir. Əhəngsiz asitlə zəngin torpaqları  sevir. Bu şərtlərə sahib olan və dəniz səviyyəsindən yüksək olan bölgələrdə daha keyfiyyətli məhsul yetişdirmək olur. Çay bitkisinin böyüməsi üçün  xüsusilə inkişaf mərhələlərində müntəzəm və davamlı yağış yağmalıdır. Bu bitkinin orta hesabla boyu 180 sm-dir. Bitki tək göyərdikdə isə 30 metrə qədər böyüyə bilir.

Vətəni Çin olan çay oradan Hindistana və Yaponiyaya,  sonra Avropa və Rusiyaya, XVII əsrin sonlarında isə Yeni Dünyaya yayılıb. Çay bitkisinin ziyanvericisi  olmadığından yetişdirilərkən  heç bir dərmanlama aparılmaz.

Çay b.e.ö. III minillikdən bəri ictimai səbəblər və ya müxtəlif vərdişlər üçün istifadə edilən dərman bitkisidir. Çinlilər çaya olan aludəliklərini, “Üç gün çaysız  qalmaqdansa, üç gün yeməksiz qalmağı seçərəm”,— cümləsi ilə ifadə edirlər.

Çay deyincə bir çoxlarımızın ağlına dərhal qara çay gəlir. Ancaq yaşıl çay yarpaqları da istehsal edilir və son illərdə  evlərimizdə yaşıl çay öz yerini  tutmağa  başlayıb.
Qara və yaşıl çay eyni bitkinin yarpaqlarından əldə edilir. Lakin onların dadı və kimyəvi tərkibi saxlandıqları fermentasiya proseslərindən asılı olaraq çox dəyişir.
Qara çayı yaşıl olaraq kəsilən yarpaqlar qaralana  qədər  rütubətli otaqlarda, soyuqda saxlayaraq  əldə edilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu prosedur  zamanı çayın tərkibində olan  maddələrin çoxu, xüsusilə də  xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alan maddələr güclü  antioksidantlarla birləşərək  bu xüsusiyyətlərini müəyyən dərəcədə itirir. Buna görə də yaşıl çay qara çaydan daha faydalıdır. Çay bitkisinin faydalarından yararlanmaq üçün onu yaşıl çay olaraq istifadə etmək daha çox məqsədə uyğundur.
Tərkibi C və E vitamini ilə zəngin olan çay eyni zamanda damar sərtliyinin meydana gəlməsinə mane olur. Çayın xərçəngə qarşı qoruyucu təsiri antioksidant  xüsusiyyətindən irəli gəlir. Bundan əlavə çayın tərkibində olan xüsusi maddələrin digər faydası isə  qandakı yağların damarlarda və  ürəkdə qalıcı zərərlər yaratmasına mane olmaqdır. Araşdırmalar zamanı sübut edilib ki, lazımı miqdarda çay içildiyində qanda xolesterinin  səviyyəsi aşağı düşür. Çinli alimlərin apardığı tədqiq zamanı çay içənlərin  içməyənlərdən iki qat artıq xolesterinli qidalar yeməsinə  baxmayaraq onlarla eyni  xolesterol səviyyəsinə sahib olduqları məlum olmuşdur.

Çayın digər faydaları sırasında ağız qoxusunu aparması, tərkibindəki C vitamini ilə soyuqdəymə və qripin qarşısının alınması,  “Tip 2” adlandırılan şəkər xəstəliyindən qorumaq, vücudun suya olan tələbatını eyni ölçüdə saxlamaq, stress və yorğunluğu azaltmaq,  qanda laxtalanma riskini azaltmaq, çay yarpaqlarında olan florid sayəsində diş  çürümələrinə qarşı dişləri qorumaq xüsusiyyətlərini  sadalamaq olar.

Amma hər şeydə olduğu kimi  çayın da normadan artıq  istifadəsi faydadan çox zərər verə bilər. Gün ərzində 10 stəkandan artıq çay içildikdə  qəbul etdiyimiz qidalardakı  dəmirin sorulmasını vacib bir  ölçüdə azaldır. Nəticədə dəmir azlığı anemiyası (yəni  qansızlıq) yaranır. Çayı limonla birlikdə içmək isə onun dəmirbağlayıcı təsirini azaldır.
Allah  hər varlığı kainat sistemi daxilində bir vəzifə üçün yaratmışdır. İnsanların bu möcüzəvi sistemdə istifadə etdiyi çay şüurlu şəkildə tükətildikdə bizim üçün faydalı bir bitkidir. Çayın faydalarından yararlanmaq üçün dəmləmə üsullarına da diqqət etmək lazımdır.
Çay xarici qoxulardan  və rütubətdən uzaq, quru və ağzı bağlı qabda saxlanılmalıdır. Çayın tez soyumaması  və daha ətirli olması üçün saxsı çaynikdə dəmləmə lazımdır. Əvvəlcədən qızdırılan çaynikə  hər stəkan su üçün bir çay qaşığı çay tökmək və qaynamış suyu bir az gözlədikdən sonra əlavə etmək məsləhət görülür. Çay bütün ləzzətini ortaya çıxarsın deyə ən azı 5-7 dəqiqə gözləməli və yarım saat içində istifadə edilməlidir.

Bütün deyilənlərə əməl etməklə becərilməsi, yığılması, istehsalı əmək tələb edən lakin bizim istifadə etdiyimiz içkilər arasında ən asan hazırlanan çayın faydalarından yararlanmaq olar.

YAZAR: İlahə Allahverdiyeva
HƏMÇİNİN BAX: Cümlənin təsnifi
HƏMÇİNİN BAX: Tehsilim.org/efiopiya-universiteti-suahili-dilini-tedris-etmeye-baslayir/