Milli Qəhrəmanlarımızı tanıyaq!
Əlif Hacıyev 24 iyun 1953-cü ildə Xocalıda anadan olub. 1971-1973-cü illərdə Hacıyev Sovet Silahlı Qüvvələrində xidmət göstərmiş və hərbi xidməti Minsk şəhərində keçmişdir. 1974–84-cü illərdə Belorus SSR Daxili İşlər Nazirliyində və Azərbaycan SSR DQMV milisində müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ilin dekabrında Əlif Hacıyev Xocalı hava limanının idarə rəisi və komendantı təyin edilmiş və 1991-ci ilin dekabrında mayor rütbəsi verilmişdir.
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etdirmişdilər. 1987-ci ildə Ə.Hacıyevin işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdı.
100-ə yaxın erməni döyüşçüsü Xocalı hava limanını mühasirəyə alan zaman növbədə cəmi 30 nəfər əməkdaş olmasına baxmayaraq Əlif Hacıyev binadakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.
Əlif Hacıyev tamamilə mühasirəyə alınmış şəhərin bir neçə ay qaz, elektrik, məhdud qida təchizatı olmadan yaşamasına kömək etmişdi. Fevralın 25-də üç tərəfdən erməni hücumu başlayanda Əlif Hacıyev şəhərin boşaldılması barədə əmr verdi. Bir neçə müdafiəçi Hacıyevlə birlikdə Ağdamın Şelli kəndindəki Azərbaycan mövqelərindən cəmi altı mil məsafədə yerləşən Naxçıvanvanlı kəndi yaxınlığındakı açıq düzənliyə gecə Gorgor çayı vadisi boyunca dinc sakinləri müşayiət etdi. Həmin gecə papağını balaca bir oğlan uşağına vermiş və demişdi: “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan”.
Həmin yerdə fevralın 26-da səhər erkən saatlarda Xocalı qətliamı kimi tanınan Azərbaycan vətəndaşları erməni hərbçilər tərəfindən kütləvi şəkildə qətlə yetirildi.
Əlif Hacıyev avtomatın darağını dəyişərkən qəlbindən vurulur və onun Nazim adlı işçisi Hacıyevin cəsədini böyürtkən kolunun altına qoymuş və 5 gün orda qalmışdı. Cəsədi götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.
Bakının Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Zərinə və İradə adlı qızları yadigar qalıb
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hal-hazırda Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.
Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ Rayonun Vəndam Kəndində anadan olub. Orta Təhsilini Sumqayıt şəhərində almışdır. Məktəbdə oxuduğu müddətdə öz biliyi savadı dünyagörüşü ilə həmyaşıdlarından seçilməyi bacarmışdı.
Anası Səmaya Həşimovanın verdiyi bir müsahibədə belə deyir: Bir gün qaça-qaça Polad evə gəldi ki, “Ana, mən hüquqsünas olmaq istəmirəm.Mən hərbiçi olacam.”
Səmayə xanım oğlunu fikrindən döndərə bilmədiyini söyləyir.
Qeyd edim ki, həmin dövrdə Polad Həşimov Hüquqşünas olmaq üçün ali məktəbə hazırlaşırmış lakin tarix dərsində tarix müəlliminin dediyi sözlər qəlbi vətən eşqiylə döyünən, vətəni üçün öz canından belə keçməyə hazır olan Polad Həşimova çox təsir edir.
Yenədə vətənə olan sevgisini hər şeydən üstün tutduğu üçün igid generalımızı öz fikrindən anası belə döndərə bilmir.O bundan sonrakı həyatını peşələrin ali peşəsi ən müqəddəs hərbiçi peşəsinə bağlayır.
Ali hərbi Məktəbi Azərbaycanda,Akademiyani isə Türkiyədə oxuyan Həşimov, elə bir General olub ki, öz əsgərlərini övladlarından seçməmiş onlara daim qayğı göstərmişdi.
Polad Həşimovun mərdliyi, igidliyi, qəhramanlığı, yurd sevgisi haqqında məqalələri oxuduqca, müsahibələrə baxdıqca bir örnək bir əfsanə ilə eyni vətəndən olduğumçün fəxr edirəm.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır. Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 24-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olur. Bununla da, Polad Həşimov 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.
General-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. Vida mərasimində müdafiə naziri Zakir Həsənovda iştarak etmişdir.
Ailəlidi 3 övlad atasıdır. 2 igid daha böyüyür Həşimovlar ailəsində
Torpaq uğrunda ölən varsa vətəndir.
Bir xalq olaraq hər zaman öz igid, mərd, qeyrətli vətən oğullarımızla, şəhidlərimizlə fəxr edirik.
Nə yaxşı ki Poladlar, Mübarizlər yaşayan bir vətənin övladlarıyıq!!❤️
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Atası Ağakərim İbrahimovun dediklərindən:
Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar…
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:
Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.
Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistandan alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləmişdir. Sonra şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. 2010-cu il noyabrın 11-də Təzəpir Məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər İbrahimov və “İgidliyə görə” medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.
Maraqları:
Boksla məşğul olmağı sevirdi. Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.
Təltifləri:
2010 — Azərbaycanın Milli Qəhrəmanı
2010 — “Qızıl Ulduz” medalı
2010 — Azərbaycanda ilin adamı mükafatı
2010 — “Vətən övladı” qızıl ordeni
Filmlər:
2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkilmişdir.
2013-cü ildə Mübariz İbrahimovun qəhrəmanlığı TRT1 kanalında nümayiş olunan “Sakarya Fırat” serialında geniş yer alıb.
2014-cü ildə onun qəhrəmanlığı TRT1 kanalında nümayiş olunan “Qızıl Alma” serialında geniş yer alıb.
Prezidentin bir sərəncamı ilə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
İrsi:
1. Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır.
2. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.
4. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən İbrahimova “İlin adamı” mükafatı təqdim olunmuşdur.
6. 2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir.
7. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırılıb.
8. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.
9. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
10. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılmışdır.
Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində şəhid olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimat mərasimi keçirilib.
Fərid Əhmədov Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzanı atmış oldu.
Anası Nərgiz xanımın Fərid haqqında müsahibəsinə baxanda ağlamamaq mümkün deyil.
Nərgiz xanımın dedikləri:
«Fərid uşaqlıqdan qeyrətli, namuslu idi. Çox istedadlı, qeyri-adi uşaq idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Hələ altıncı sinifdə oxuyanda mərhum prezident Heydər Əliyevin şəklini çəkmişdi. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm. Yas məclisinə gələn kurs yoldaşı mənə danışdı ki, bir dəfə dərsdə müəllim danışdıqca Fərid də şəkil çəkirmiş. Birdən müəllim soruşur ki, sən orda neyləyirsən? Fərid şəkli müəllimə göstərir. Müəllim heyranlığını gizlədə bilməyib deyr: «Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın». Dediyim kimi, Fərid həm də gözəl şeirlər yazardı. Uşaqlıqdan mərd, sözübütöv idi. Məktəb illərində öz yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, narahat olmayım deyə, çox şeyləri mənə deməzdi. Hərbi Akademiyada oxuduğu müddətdə iki dəfə əməliyyat keçirmişdi. Amma mənə 3-4 ay keçəndən sonra bildirməmişdi. Hərbi məktəbdə çavuş idi. İki kursant dalaşanda onları ayıran zaman əlindən zədələnmişdi. Ona görə də əməliyyat etmişdilər. İstəmirdi ki, mən narahat olum.
Yadımdadır, Fəridin 8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qalmışdı. Həmişə zarafatla mənə deyərdi ki, itsəm məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada biz Fəridi əlində və qolundakı həmin çapıqla tanıdıq. Fərid haqqında danışmaq mənə çox ağırdır.
Onu da deyim ki, Fərid Türkiyədən qayıdandan sonra özü ərizə yazıb döyüş bölgəsinə – Tərtər rayonuna xidmətə gedib. İstəmirdi ki, fikir çəkim, ona görə çox şeyi mənə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan bilmişəm ki, Fərid Gəncədə yox, düz bir il iki ay imiş Tərtərdə qulluq edirmiş. Dediyim kimi, könüllü getmişdi ora. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid necə işlər görüb, hərbi hissədə hamının hörmətini qazanıb, bir komandir kimi orda necə nizam-intizam yaradıb. Onun bacarıqlı olduğunu diqqətdən yayınmır. Fəridə leytenant rütbəsi verilir və qərargah rəisi onu rota komandiri təyin edir. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə demişdi ki, sən yeganə zabitsən 23 yaşında bu rütbəni qazanmısan. Mənə deməmişdi, amma sonradan bildim ki, Fərid kəşfiyyat bölməsinin də rəisi olubmuş.
İyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Beləliklə, mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. «Oğul, sənə nə olub axı?» – deyə soruşanda: «Narahat olma, ana, havalar isti keçir, yemək olmur. Ona görə beləyəm».
Hələ də bilmirəm ki, o nə üçgünlük məzuniyyət idi? Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Çox fikirli, qəmli görünürdü. Sanki məndən qaçmağa çalışırdı. Gedəndə də mənimlə pilləkəndə görüşdü, onu darvazaya qədər ötürməyə qoymadı. Mən evdə olmayanda mobil telefonunda Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.
Mübarizin cəsədinin düşmən tərəfdə qalması onu çox üzürdü, buna görə çox narahat idi. Mənə deyilənlərə görə, Fərid Mübarizin meyiti ilə dəyişdirilməsi üçün erməni zabiti ələ keçirmək istəyirmiş. Ona görə də tez-tez kəşfiyyata gedirmiş. Həmişə əsgər və zabitlərə deyirmiş ki, görərsiniz, bu oğul (özünü göstərib) gedib Mübarizi gətirəcək! Mübarizlə fəxr edirdi. Həmişə də deyirmiş ki, biz necə hərbçiyik ki, onun cəsədini qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən yazıbmış ki, biz səninlə fəxr edirik. Bunu yoldaşları da görübmüş.
Birinci kursda oxuyanda Ramil Səfərov Fəridə dərs demişdi. Sonradan Ramil Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi. Fərid mənim ona ehtiyacım olan vaxtda, vətənə lazım olan zamanda getdi. Amma bir şeylə təsəlli tapıram ki, Vətən üçün, torpaq uğrunda canını qurban verdi. Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi və əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, «Sən ailəlisən, balaların var, mən isə subayam, səni qoruyacağam!».
Fəridin kəşfiyyatdan qayıtmadığını eşidəndə yoldaşları da sərhədi keçmək istəyiblər…
İndi də yuxularımda məndən halallıq istəyir… Onun telefonunu özümdə yadigar saxlayıram».😔😔
Varlığımızı şəhidlərimizin yoxluğuna borcluyuq🇦🇿🙏
Bu gün olduğumuz yerdə rahatıqsa nur üzlü şəhidlərimizə,hərbiçilərimizə borcluyuq.Bu borcu heç vaxt ödəyə bilmərik❤️!!
Azərbaycanın Milli Qəhrəmanı Əliyev İlham Müzəffər oğlu 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirib, 1980-ci ildə hərbi xidmətə çağırılır. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrufatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər.
İlham Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb, “Milis əlaçısı” döş nişanına layiq görülür.
1988-90-cı illər erməni quldurları müxtəlif səmtlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı basqınlar edir, dinc əhalini gülləbarana tuturdular. 19 avqust 1990-ci il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi.
Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da artıq gec idi…
Təltifləri:
1. “ Qırmızı Ulduz “ ordeninə layiq görülüb.
2. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
İrsi:
Gədəbəy rayonunda dəfn edilib. Gədəbəy şəhərindəki 1 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulub.
Evlidir. Bir övladı var.
İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. 1980-ci ildə elə həmin şəhərin orta məktəbinə daxil olmuş, 1990-cı ildə bitirmişdir. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. İlqar Mirzəyev ailəli idi; 1 oğlu və 1 qızı yadigar qaldı.
İlqar Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin polkovniki idi. O, 1995-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirmişdir.
Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, “Vətənə Xidmətə görə” II və III dərəcəli medalı ilə təltif olunmuşdur.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuş və Polkovnik-Leytenant rütbəsindən Polkovnik rütbəsinə yüksəlmişdir. 2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci il, Tovuz istiqamətində olan döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. İyulun 15-də İlqar Mirzəyev, Bakı şəhərində, İkinci Fəxri Xiyabanda son mənzilə yola salınmış və uğrunda şəhid olduğu torpağa tapşırılmışdır. Ailə üzvləri və yaxınları ilə yanaşı vida mərasimində müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov da iştirak etmişdir.
Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. MMA və Uşu Sanda idman növü ilə məşğul olub.
Emin Bağırov 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, bu sınaqda qalibiyyət qazana bilmədi. Elə həmin ilin oktyabr ayının 8-də hərbi xidmətə yola düşdü.
2010-cu ildə Türk dünyasında yeni qəhrəmanlıq dastanı yazan Mübariz İbrahimov torpaqlarımızdakı düşməninin bir bölük əsgərini məhv edəndən sonra, Eminin hərbiyə marağı daha da artmışdı. Mübariz İbrahimov uşaqlarımıza danışdığımız nağıl qəhrəmanlarının canlı obrazını yaradaraq, Türk dünyasının əfsanə qəhrəmanı oldu. Adını qəhrəmanlıq səhifəmizə qızıl hərflərlə yazdı. Mübarizin şəhadətindən sonra gənclərimizdə vətənpərvərlik hissləri birə-beş çoxaldı. Və hər ailədə yeni mübarizlərimiz doğuldu, onun qəhrəmanlığının şahidi olan oğlanlarımız isə o ideallarla yaşadı. Hər bir oğul MÜBARİZ olmaq istədi.
Emin gözünü dünyaya açandan evdə babasından, atasından, nənəsindən, əmilərindən vətənpərvərlik dərsləri almışdı. Hər gün böyüklər namaz üstə olanda “Vətənimizin torpaqlarını özümüzə qaytarmaq üçün oğullarımıza güc ver”, “Vətəni sevmək imandandır” sözlərini eşitmişdi. Uşaq vaxtından qardaşlarının da, özünün də ən sevdiyi oyuncaqlar avtomat, tank, pulemyot idi. Üzlərinə Azərbaycan Bayrağının şəklini çəkib döyüşə gedən əsgərlər misalı sıra düzülüşü edər, bir-biri ilə dava-dava oynayardılar. Beləcə Vətəni sevməyi, onun sərhədlərini qorumağı öyrəndilər.
Emin Bağırov 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.
Hərbi xidmətə yola düşən günü 2014-cü il oktyabrın 8-də sevincinin həddi-hüdudu yox idi. Arada onu yola salmağa gələn dostlarına da pıçıldamışdı:
” Mən Vətən yolunda şəhid olmağa, o uca şəhadət zirvəsinə yüksəlməyə gedirəm ”
Onun bu fikirlərini eşidən ata-anası adi bir gəncin, adi bir fikri kimi qəbul etsələr də, Tanrı dərgahında Eminin sidq-ürəkdən dediyi arzusu dərhal eşidilmişdi. Məqamı yetişəndə Allah bəndəsini öz arzusuna çatdıracaqdı.
Emin Bağırov əvvəlcə Beyləqanda hərbi xidmətdə oldu. Atası İmran kişi, əmiləri yanına gedib-gələndə onlara da deyirdi:
” Mən bilmirəm ki, bəzi oğlanlar niyə deyir ki, əsgərlik pisdir, ağırdır. Allaha and olsun ki, əsgərlikdən gözəl xidmət ola bilməz ”
Az keçmədi ki, hər yerdə birinci olmaq istəyən Emin Bağırovun vətənpərvərliyi, cəsarəti, verilən tapşırıqları heç bir çətinlik olmadan yerinə yetirməsi hərbi hissə komandirinin də diqqətindən yayınmadı. Orduda nümunəvi xidmətinə görə iki dəfə məzuniyyətə buraxıldı, evə gəlib əzizləri, doğmaları ilə də görüşdü. Günlərin bir günündə atasına xəbər elədi ki, Xüsusi Təyinatlı Qüvvələr bölüyünə yazılmaq istəyir. Atası da onun bu arzusunu çox sevinclə qarşıladı. İmran kişinin eşitdiyi sözlərdən ürəyi lap dağa döndü. Oğlu yolun ən çətinini, peşənin ən şərəflisini seçmişdi.
Təlimlərdə paraşütdən tullananda suya düşdüyündən, bir az xəstələnmişdi. Hərbi hissədən evə getməyə icazə vermişdilər. Bütün qohum-qonşu, dost-tanış başına yığışmış, bir qəhrəmana, cüssəli bahadıra bənzəyən bu oğlanın maraqlı söhbətlərini dinləməyə gəlmişdilər. Bir-iki gün keçəndən sonra isə təkidlə atasına demişdi:
” Mən artıq evdə qala bilmirəm. Hərbi hissə üçün darıxıram. ”
“Zarafat etdim”,- deyib qardaşını könlünü almış, sonra isə “Hə, Xüsusi Təyinatlılarda xidmətə başlayan kimi evimizi təmir etdirəcəyəm. Onda atamın da, sənin də əziyyətin az olacaq. Onda daha firavan yaşayacağıq” söyləmişdi. Evlərindən son dəfə belə ayrılıb getmişdi.
Aprelin 1-ni Bağırovlar ailəsi səbirsizliklə gözləyirdilər. İmran kişi həyətində bir qurbanlıq qoç saxlamışdı, ikisini də əlavə almışdı ki, oğlunun əsgərlikdən gəldiyi günü bayram etsinlər. Bilirdi ki, Eminin gələcəyini eşidən el-obada qohum-əqraba hər kəs gözaydınlığına gələcək.
Aprelin 1-i isə gündüzdən ermənilərin torpaqlarımızda yenə təxribat törətmələri barədə xəbərlər yayılanda, İmranın kürəyi sancdı. İçində bir təlatüm yarandı. Ayın 2-si oğlu Emin ona zəng vuraraq, gümrah səslə:
” Ata, kef elə, qalibiyyət və nailiyyət bizim tərəfdədir. Düşməni torpaqlarımızdan qovmuşuq. 1-2 günə evə qayıdıram. Narahat olma. Hər şey əladır ”
– demişdi.
Telefonu qapadandan sonra, elə bil ki, qeybdən İmranın qulağına bir səda gəldi: “Oğlun şəhid olacaq..”
Tez ətrafına baxdı. Kimsə yox idi. Hirslə əlində gördüyü işi yarımçıq qoyub, evə çıxdı. Əsəbi, nigaran vaxtlarında Qurani-Kərimi oxuyub rahatlıq tapırdı İmran kişi. Kitabdan bəzi surələri bir az mütaliə edəndən sonra, oğlunun adına səhifə açdı. Səhifədə “Şəhidlərə aid ayə” çıxdı. Düz ayın 5-nə qədər ürəyi köksünə sığmadı.
Aprelin 1-dən sonra Ermənistan qoşunlarının torpaqlarımızda təxribat törətmələri məlum olanda, xüsusi təyinatlıların bölüyündə təlim keçən Emin Bağırov əslində yol çantasını yığıb evə qayıtmalıydı. Hərbi hissə komandiri, əməliyyata gedən dəstəni formalaşdıranda, Emin Bağırovu bölmədən kənarlaşdırmışdı. Lakin Eminin cavabı özünü çox gözlətməmişdi. Emin:
” Öncə vətəndir, ata-ana gözləyər. Mənim evdə iki qardaşım var.. Çox xahiş edirəm, məni də döyüşə yazın. Döyüş qabiliyyətimdən xəbəriniz var.. ”
Çox yalvar-xahişdən sonra, hərbi hissə komandiri ona da XTQ-nin üzvləri arasında döyüş bölgəsinə getməyə icazə vermişdi.
Elə ilk döyüşdən üzüağ çıxmışdılar. Hərbçilər 25 ilə yaxın düşmən nəzarəti altında olan Talış kəndi istiqamətində yüksəkliyi azad etdiklərinə görə, sevinclərindən Vətəni öyən, Ordumuzun gücünü tərif edən mahnılar oxuya-oxuya irəliləyirdilər. Talış yüksəkliyində olan döyüşdə ən yaxın dostları Nicat və Təbriz də onunla idi. Əməliyyat baş tutmuşdu. Onlar burda xeyli ərazi azad etmişdilər. Hətta düşmənin arxa istehkamına keçib, onları məhv etmişdilər. Qarşı tərəfdən atılan top və mərmilər tükənmək bilmirdi.
Qızğın döyüş gedən vaxt ətrafa mayor Ələsgər Eynullayevin ağır yaralanıb yüksəklikdə qaldığı barədə xəbər yayılmışdı. Təcrübəli hərbçilər mayoru güllə və mərmi yağışının altından xilas etmək haqqında fikirləşərkən, Emin hər kəsdən xəbərsiz irəliyə atılıb, yüksəklikdə yaralı halda huşunu itirən mayoru sürüyüb, çıxara bildi. Onun bir göz qırpımında etdiyi bu qəhrəmanlıqdan dostları xüsusi zövq aldılar. Bütün hərbi əməliyyatlarda öndə gedən, 6 ay ərzində özünü ən cəsur döyüşçü kimi göstərən Emin Bağırov qızğın döyüşdə də həmin cəsarətini nümayiş etdirirdi.
Yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atdı. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoydu. Emin həmin an arzuladığı şəhidlik məqamına yetişərək, Tanrısının yanına getdi.
Əsgər Emin Bağırov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur.
Aprelin 6-da isə Emin Bağırov, doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı.
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.
Milli Qəhrəman Mehdi Abbasov
Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistanın) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-cı ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi “SSRİ idman ustası” adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.
Abbasov Mehdi göstərdiyi şücaətə görə 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. Onun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Füzuli rayonunun Daqğlıq Qarabağla sərhədində, strateji əhəmiyyətli yüksəklikdə yerləşən erməni kəndi Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
2018-ci ildə İsmayıllıda Mehdi Abbasovun həyat və döyüş yoluna həsr olunan “Xüsusi təyinat” filminin təqdimatı keçirilib.
Subay idi.
Milli Qəhrəman Çingiz Qurbanov
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verdi.
Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Çingiz Qurbanovun qəhrəmanlığından danışıb.
Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və mənzilin orderini təqdim etdi.