“Milli Məclis Sədrinin müavini Adil Əliyevin yazdığı məqalə Misir qəzetlərində yeraldı”

Misirin “Asyaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Əlvəsiqə”, “Şəbalnil” internet qəzetləri Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın təcavüzkar siyasətini ifşa edən məqaləsini yayıb.

Ordu.az xəbər verir ki, məqalədə bütün dünyada, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizənin davam etdiyi mürəkkəb bir şəraitdə – iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atdığı qeyd edilir. Erməni tərəfinin yenə də yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutduğu bildirilir.

A.Əliyevin məqaləsində diqqətə çatdırılıb ki, Ermənistan ordusu təkcə azərbaycanlı hərbçiləri və hərbi obyektləri deyil, həm də dinc əhalini hədəf alıb. Belə ki, son hərbi təxribat zamanı Tovuz rayonun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub. O əlavə edib ki, 2017-ci ildə Ermənistanın yaşayış məntəqələrinə hücumu zamanı ikiyaşlı körpə Zəhra Quliyeva və onun yaşlı nənəsi də qətlə yetirilib. Ermənistan bu əməlləri ilə insan hüquqları və əsas azadlıqlar Konvensiyasının 2-ci maddəsində təsbit olunmuş insanların yaşamaq hüququnu kobud şəkildə pozub.

Məqalədə vurğulanıb ki, Ermənistan bu hücumları ilə Azərbaycanın sərhədyanı kəndlərində əhali arasında qorxu yaratmaq və onları köçə məcbur etmək istəyir. Artıq Azərbaycanın işğal edilmiş rayonlarında bir milyondan artıq dinc sakin öz doğma yurdlarından didərgin salınıb. Ermənistanın dinc əhaliyə qarşı hücumları beynəlxalq hüquq normalarına, xüsusən 1949-cu il Cenevrə Konvensiyasına və ona əlavə edilmiş birinci protokola ziddir.

Müəllif qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqları aparılır, lakin Ermənistan BMT TŞ-nin işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasına dair dörd qətnaməsinə, digər beynəlxalq təşkilatların bu barədə qəbul etdikləri sənədlərə məhəl qoymur.

Məqalənin sonunda bildirilir ki, bütün bunlara baxmayaraq, qüdrətli orduya malik olan Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Lakin Ermənistan rəhbərliyi Azərbaycanın sülhsevər mövqeyinə təcavüzkar siyasət və təxribatlarla cavab verir. “Nəhayət, biz beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı əməllərinə obyektiv qiymət verməyə, münaqişənin BMT TŞ-nin qətnamələrinə, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə çağırırıq”, – deyə məqalədə vurğulanır.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Aytac Cəfərova

Mənbə:Ordu.az