Millət- II hissə
Serblər əhalinin 36 faizini, xorvatlar isə 20 faizini təşkil edirdi. Daha kiçik qruplara müsəlmanlar, slovenlər, makedonlar, albanlar və monteneqrolular daxil idi. Lider Josef Broz (Tito) dövründə Yuqoslaviya federasiya kimi təşkil edilmiş və millətçi gərginlik idarə oluna bilən səviyyədə saxlanılmışdır. 1980-ci ildə Titonun ölümündən sonra millətçi təzyiqlər nəticədə dövlətin öz ərazisindəki bölgələrdə dağılmasına gətirib çıxardı. Konkret olaraq, 1990-cı ildə Serbiya əyalətində serb millətçisi Slobodan Miloşeviç, Xorvatiyada isə xorvat millətçisi Franjo Tudjman hakimiyyətə gəldi, bu arada alban millətçiləri Kosovo əyalətində nəzarətin gücləndirilməsini tələb edirdilər. Serb millətçiləri 1991-ci ilə qədər “Böyük Serbiyanın” yaradılmasını tələb edirdilər. Xorvatiya və Sloveniya 1991-ci ildə Yuqoslaviyadan ayrılaraq özlərini öz suveren dövlətlərinə sahib olan millətlər elan etdilər, Bosniya müsəlmanları 1992-ci ildə özlərini müstəqil elan etdilər. Öz növbəsində Xorvatiya və Bosniyadakı serblər özlərini serblərin dominantlığı altında olmayan yeni müstəqil dövlətlərdən müstəqil elan etdilər. Bu millətçi manevrlərin alovlandırdığı ”etnik təmizləmə” və vətəndaş müharibəsi bəlkə də 200.000 insanın ölümü və 1 milyondan çox qaçqın əhalisinin yaranması ilə nəticələndi. Yuqoslaviya nümunəsi millətçi hərəkatların dövlət sərhədlərinin yenidən çəkilməsinə məcbur etmək potensialını göstərir.
Ancaq bəzi xalqlar heç vaxt öz dövlətlərinin yaradılmasını tələb etmədən mövcuddurlar. Belə millətlər üçün millətçilik bir qrupun şəxsiyyətini təsdiq etmək vasitəsi və qrupun maraqlarına hörmət tələb etmək üçün əsas olur. Kar millət bu tip millətçiliyin nümunəsidir. Karlar necə millət ola bilər? Kar millətçiliyi və kar mədəniyyətinin tərəfdarları bunun açıq olduğunu deyirlər: Qrupu ümumi adətlərin və ortaq mədəniyyətin ötürüldüyü ümumi dil (işarə dili) birləşdirir. Belə adətlərin mövcudluğunu göstərən davranış göstəriciləri çoxdur. Birincisi, bu millətin nümayəndələri karlığa əlillik deyil, bir xüsusiyyət kimi baxırlar. Bu xüsusiyyət millətin üzvləri arasında paylaşılır (etnik olaraq irland olmaq İrlandiya milləti tərəfindən paylaşıldığı kimi). İkincisi, kar millətin üzvləri öz karlıqlarına qarşı “müalicələrə” müqavimət göstərməyə meyllidirlər, həqiqətən də, karlıq üçün potensial müalicələrə (məsələn, eşitmə implantları) adətən soyqırım silahları kimi baxılır. Onlar soruşurlar ki, Yuqoslaviyada Bosniyalı müsəlmanların bütün izlərini silmək məqsədi daşıyan etnik təmizləmə ilə dünyadakı bütün karlıq izlərini aradan qaldıracaq implantlarla təmsil olunan etnik təmizləmə arasında nə fərq var? Üçüncüsü, karların öz mədəniyyətinə malik olması onların öz qrupları daxilində evlənməyə meylli olması ilə sübut olunur (eynilə üzvlərində güclü millətçilik hissləri nümayiş etdirən digər xalqlar qrupdaxili nikahlara üstünlük verirlər). Özlərini bir millətin üzvləri kimi görən karlar üçün millətçilik qrup qürurunu ifadə etmək və qrup qəbulunu təşviq etmək vasitəsinə çevrilib, liderlər izah edirlər, baxmayaraq ki, ayrı bir suveren dövlətin yaradılması üçün hər hansı bir hərəkət yoxdur.
Dövlət-millət münasibətlərinin digər hallarında dövlətin olması millətçi hisslərin inkişafına və ya millətlərin zəifləməsinə kömək edə bilər. Birincisi baxımından, 1962-ci ildə Belçikadan müstəqillik qazanmış Afrikanın Burundi dövlətinin nümunəsinə baxa bilərsiniz. Belçikalılar Burundidə yerli hutulara nisbətən yerli tutsilərə üstünlük verərək “parçala və idarə et” siyasətini həyata keçirdilər. . Belçikalılar Tutsi üstünlüyü və Hutu aşağılığı haqqında irqi mifləri təbliğ edirdilər. Tarixən tutsilər və hutular ayrı millətlər kimi mövcud olmamışdılar; əslində, onlar bir-biri ilə evləndilər və ortaq dinləri, dilləri və adət-ənənələri paylaşdılar. Belçikanın iki qrup arasında parçalanma yaratmaq müstəmləkə siyasəti (hər ikisi üzərində müstəmləkə üstünlüyünü saxlamaqda öz maraqlarına xidmət etmək vasitəsi kimi) çox böyük təsir göstərdi. Tutsi və hutular düşmən oldular və özlərini iki ayrı xalq kimi düşünməyə başladılar. Müstəqillik əldə etdikdən sonra sui-qəsdlər, çevrilişlər və mülki insanlara qarşı zorakılıqlar Burundini alt-üst etmək təhlükəsi ilə üzləşib.
QAYNAQ: Ellen Grisgby- Analyzing Politics
TƏRCÜMƏÇİ: Gülarə Həsənova
HƏMÇİNİN BAX: Millət- I hissə
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi Satıb?