Mikrotəkamül
Növ daxilində baş verən təkamül prosesləri mikrotəkamül adlanır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir.
Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəlməsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.
Növəmələgəlmə (yeni növün əmələ gəlməsi) mürəkkəb təkamül prosesidir. Yeni əmələ gələn növ valideyn növ ilə əlaqəni kəsir, ayrıca (müstəqil) orqanizmlərin cəminə çevrilir. Yeni əmələ gələn növün fərdləri ilə köhnə növün fərdlərinin çarpazlaşması mümkün olmur.
Növəmələgəlmə prosesində ən aktual məsələ- həmin prosesin mexanizmidir. Növəmələgəlmə mexanizmi haqqında ilk əsas fikir söyləyən alim Ç.Darvin olmuşdur. O bu məsələni belə izah etmişdir. Yaşamaq uğrunda növdaxili mübarizə və buradan irəli gələn təbii seçmə populyasiyaların ayrılmasında başlıca səbəb rolunu oynayır. Bu isə, öz növbəsində, növlərin təbii mühitdən maksimum geniş və müxtəlif şəkildə istifadə etməsi üçün şərait yaradır.
Ç.Darvin müəyyən etmişdir ki, təbiətdə daha çox fərqlənən kənar formalar əksər hallarda məhv olmuşdur. Bir sıra hallarda orta formalar da nəsil törətmədən kənar edilmişdir. Bəzən kənar formaların salamat qalma ehtimalı artır. Mühit şəraiti dəyişmirsə və ya uzun müddət ərzində az dəyişirsə, onda növ heç bir dəyişikliyə uğramır.
Həyat şəraitinin dəyişməsi nəticəsində bunlarda divergensiya, yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin əmələ gəlməsi prosesinə şərait yaranır.
Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını – coğrafi və ekoloji növəmələgəlməni ayırırlar.
- Coğrafi növəmələgəlmə də yeni bir populyasiyadan, yaxud növ arealının periferik hissəsində yerləşən qarışıq populyasiyalar qrupundan əmələ gələ bilər. Məkan tərcidi ilə əlaqədar olan növəmələgəlmə coğrafi növəmələgəlmə adlanır.
Coğrafi növəmələgəlmə iki yolla baş verir: arealın genişlənməsi və arealın hissələrə parçalanması ilə.
Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir.
Coğrafi növəmələgəlmə həmişə nisbətən uzun sürür- yüz min nəsillər boyu davam edir. Coğrafi növəmələgəlmə həmişə növ arealının tarixən farmalaşması ilə əlaqədardır.
- Ekoloji növəmələgəlmə zamanı növün populyasiyaları öz arealında qalır.Bu proses areal daxilində həyat şəraitinin dəyişməsi yolu ilə bioloji təcrid nəticəsində baş verir və populyasiyaların gen tərkibi dəyişir. Çox sürətli baş verən ekoloji növ əmələgəlmə bəzi bitkilərdə poliplodiya(xromosom sayının artması)(tütün,kartof,payızgülü xrizentema) ilə müşahidə olunur.
Ekoloji növəmələgəlmənin əsas yolu ondan ibarətdir ki, əmələ gələn növlər ilkin başlanğıc növə morfoloji cəhətdən yaxın olur.
Ekoloji növ əmələgəlmədə coğrafi növəmələgəlməyə nisbətən yeni növ forması daha tez yaranır. Yalnız hibridləşmə üsulu ilə alınan növlərdə yeni növ forması yaranır və valideyndən fərqlənir.
Mikrotəkamül müxtəlif mərhələlərində növəmələgəlmənin bir yolu digərini əvəz edir və ya onlar birgə fəaliyyət göstərir.
Beləliliklə, yeni növəmələ gəlməsi ilə mikrotəkamül sona çatmış olur.
YAZAR: Gülaf Məhərrəmova
Həmçinin bax: https://kafkazh.com/makrotekamul/
Həmçinin bax: https://tehsilim.org/azerbaycanda-yasayan-azsayli-xalqlarin-tehsili/