MİKROBİOLOGİYANIN ŞÖBƏLƏRİ.

Mikrobiologiya – ümumi və xüsusi olmaqla 2 yerə ayrılır

Ümumi  və ya təməl mikrobiologiya mikroorqanizmlərin forma və quruluşunu, maddələr mübadiləsini, qidalanma, tənəffüs və çoxalma xüsusiyyətlərini, irsiyyət, dəyişkənlik və ekologiyasını öyrənir.

Xüsusi mikrobiologiya ayrı-ayrı mikroorqanizmlərin xüsusiyyətlərini öyrənir və müxtəlif şöbələrə bölünür:Tibbi mikrobiologiya, Aqromikrobiologiya, Baytarlıq mikrobiologiyası, Sənaye mikrobiologiyası.

 Tibbi mikrobiologiya insanda xəstəliktörədən mikroorqanizmlərin xüsusiyyətlərini və bu xəstəliklər zamanı orqanizmdə baş verən dəyişiklikləri öyrənir. Tibbi mikrobiologiyanın bir qolu olan Sanitar mikrobiologiya vardır. Bu isə yoluxucu xəstəliktörədicilərin aşkar edilməsini və bu xəstəliklərin qarşısının alınmasını öyrənir.

Aqromikrobiologiya torpağın mikroflorasının formalaşmasında, münbitliyində və bitkilərin qidalanmasında mikroorqanizmlərin rolunu öyrənir.

Baytarlıq mikrobiologiyası heyvanlarda xəstəliktörədən mikroorqanizmlər və onların məhvedilmə üsullarını öyrənir.

Sənaye mikrobiologiyası bəzi maddələrin – antibiotik, ferment, vitamin, spirt, qida məhsullarının istehsalında istifadə edilən mikroorqanizmləri öyrənir. Sənaye mikrobiologiyası biotexnologiya ilə sıx əlaqədardır. O, bioloji maddələri yaradan mikroorqanizmləri öyrənir.

Mikrobiologiya elmi ilə birlikdə immunologiya elmi də yaranmışdır.

İmmunologiya orqanizmin daxili mühit sabitliyini qoruyan immun sistemin struktur və funksiyalarını öyrənən elmdir. İmmun sistemi orqanizmə daxil olmuş yad cisimləri, o cümlədən mikroorqanizmləri məhv edir və orqanizmdən kənarlaşdırır.

YAZAR: Aytən Abdullayeva

Həmçinin bax: https://kafkazh.com/memeliler/