Midiya dövləti

E.ə. I minilliyin əvvəllərində tarix səhnəsində görünən madalıların (midiyalıların) vətəni Mannadan cənub-şərqdə, İranın mərkəzində yerləşirdi. Mannanın Qızılbunda vilayəti ilə həmsərhəd olan, sonralar paytaxtı Ekbatana (indiki Həmədan) olan dövlət yaratmış madalıların vətəninin adma ilk dəfə e.ə. IX əsrin 30-cu illərinə aid assur şahı III Salmanasarın (e.ə. 860­ 825) kitabəsində, özü də Amaday (Maday, Matay) formasında rast gəlinir. Qaynaqlarda 6 əsas Midiya tayfasının adları (maqlar, buslar, budilər, paretakenlər, arizantlar və struxartlar) çəkilir. Midiya dövləti Assuriyaya qarşı mübarizədə meydana çıxmışdır. E.ə. IX-VIII əsrlərdə Midiya torpaqları dəfələrlə Assuriya şahlarının (V Şamşiadad, III Adadnirari, III Tiqlatpalasar, II Sarqon və b.) viranedici yürüşlərinə məruz qalmışdır. Assur işğalçıları külli miqdarda yaşayış məskənləri olan Midiyanı xarabalıqlara çevirir, əhalini qarət edirdilər. Assur qaynaqlarına görə, II Sarqonun yürüşü zamanı Midiya vilayətində hakimlik edən Manna canişini Dayaukku Urartuya uyaraq mərkəzi Manna hakimiyyətinə qarşı qiyam qaldırdığı üçün assurlar tərəfindən cəzalandırılaraq ailəsi ilə birlikdə Hamat şəhərinə köçürüldü. Herodot tərəfindən toplanılmış rəvayətlərə görə Midiyada ilk mərkəzləşdirilmiş dövlət yaratmaq təşəbbüsü əfsanəvi Deyoka məxsus olmuşdur. Bəzi müəlliflərin Dayaukku ilə eyinləşdirdikləri (bəziləri tərəfindən isə onların eyniadlı iki müxtəlif şəxs olduqları, hətta “Dayaukku”nun şəxs adı yox, rütbə-vilayət ağası – olduğu güman edilir) Deyok (e.ə. 712-675) 33 e.ə. VIII əsrin sonunda Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratmış, Ekbatana (“yığıncaq yeri” deməkdir) şəhərini saldırmış və onu öz dövlətinin paytaxtı elan etmişdir. Deyokun dövründə Midiyada hələlik mərkəzləşdirilmiş dövlətin mövcudluğundan danışmaq olmaz. Qüdrətli Aşşur şahı Sinnax-xcribin hakimiyyəti illərinə (e.ə. 705-680) müvafiq gələn bu dövrdə Midiya ərazisində ancaq bir neçə ilkin dövlət birləşməsindən danışmaq mümkündür. İskitlərin Ön Asiyaya gəlməsi ilə bölgədə antiassur hərəkatı güclənir. Bu hərəkatın gedişində e.ə. VII əsrin 70-ci illərində mannalılar və iskitlərlə ittifaqda çıxış edən madalıların Assuriyaya qarşı güclü çıxışları başlayır. Bu çıxışlara Madanın BitKari əyalətindəki Kar-Kaşin qalasının başçısı Kaştariti (Fraorta) başçılıq edirdi. Assuriya ilə müttəfiq olan iskitlər sonradan gözlənilmədən midiyalılar üzərinə hücum etdilər. Görünür, Manna-iskit-kimmer ittifaqının köməyi Kaştaritiyə e.ə. 672-ci ildə Assuriyaya qarşı mübarizəni uğurla başa çatdırmaqda az kömək etməmişdir. Midiya Assuriya əsarətindən qurtararaq müstəqil və mərkəzləşdirilmiş dövlətə çevrilmişdir.

E.ə. VII əsrin ortalarında Fraorta Assuriyaya qarşı böyük yürüş təşkil etdi. Lakin iskitlərlə bu yürüş Midiya üçün fəlakətlə qurtardı. Kaştariti döyüşdə həlak oldu və Midiya 28 il (e.ə. 653- 628) iskitlərin nəzarəti altına keçdi. Madalılar ancaq e.ə. VII əsrin son rübünün başlanğıcında, Kiaksarın (onu bəzi qaynalarda Huvaxıştar, Umakiştar, Uvaxşatra adlandırırlar) dövründə (e.ə. 625-585) iskitlərin ağalığından azad ola bildilər. Xırda vilayət hakimlərini özünə tabe edən və “Şahlar şahı” titulu götürən Kiaksar Midiyanın tarixində ilk nizami ordunu yaratdı, onu silahlara müvafiq olaraq müxtəlif qoşun növlərinə böldü və mükəmməl hazırlıq işlərindən sonra Yeni Bablilstan hökmdarı Nabupalasarla ittifaqa girib e.ə. 616-cı ildə Assuriyaya qarşı müharibəyə başladı. Bu müharibədə Manna Assuriyanın müttəfiqi kimi çıxış edirdi. Kiaksar Arranxa vilayətinə soxuldu, bünövrəsinədək dağıtdığı Aşşur şəhərinin xarabalıqları arasında müttəfiqi Nabupalasarla görüşdü. E.ə. 615-612-ci illərin hərbi əməliyyatları gedişində Midiya və Babilstan qoşunları Arbela, Kalat və b. məntəqələrə yiyələnərək e.ə. 612-ci ildə Assuriyanın paytaxtını – “ulu şəhər”, “üç günlük piyada gedişlə qət olunan şəhər”, “aslanlar yuvası” adlandırılan Nincviyanı (Ninəvanı) tutdular. E.ə. 605-ci ildə xaldey qoşunları Misir-Assur qüvvələrinin son istinadgahı olan Karxemiş qalasını aldılar, e.ə. 604-cü ildə Assuriya imperiyası məhv edildi, torpaqları müttəfiqlər arasında bölüşdürüldü. Ön Asiyanın ən böyük dövlətinə çevrilmiş Midiyanın hökmdrı Kiaksar Egey sahillərinə çıxmaq üçün qərbə doğru irəlilədi, bir-birinin ardınca Urartu, Manna və İskit padşahlıqlarını özünə tabe etdi. Bir müddət bu dövlətlər öz daxili müstəqilliklərini saxlayıb Midiyanın “kiçik müttəfıq”ləri kimi çıxış etsələr də (Manna sonuncu dəfə e.ə. 593-cü ilin hadisələri ilə əlaqədəar olaraq peyğəmbər Yeremiya tərəfindən xatırlanmışdır) Midiyaya qarşı müharibənin başlanması (e.ə. 590-cı il) ərəfəsində onların nisbi müstəqilliyinə son qoyulmuş, bu ölkələr bilavasitə Mada imperiyasının tərkibinə qatılmışlar. Midiyalı işğalçılarının əli ilə Mannada yerli dövlətçiliyə son qoyulmuşdu. Midiya ilə Lidiya arasında olan beşillik müharibəyə (e.ə. 590-585) son qoymuş sülhə görə Kiçik Asiyadakı Qızıl İrmak Halis çayı iki dövlətin sərhəddinə çevrildi. Elə həmin il (e.ə.5 85) “Asiya üzərində hökmdarlığın banisi” Kiaksar vəfat etdi. Onun yaratdığı imperiyanın sərhədləri qərbdə Qızıl İrmaqdan şərqdə Orta Asiyaya, Gilmənd çayınadək, şimalda Qafqazlardan, cənubda Hind okeanınadək uzanırdı. Bu imperiyanın tərkibinə qatılmış Manna tədricən “Kiçik” və ya “Şimali Midiya” adlandırılmağa başladı. E.ə. 585-ci il sülhündən sonra Midiya Ön Asiyanın qüdrətli dövlətinə çevrildi. Midiya hökmdarı Aliattanın qızı ilə evlənmiş Asitaq (e.ə. 585-550) atası Kiaksarın yaratdığı dövlətin qüdrətini uzun müddət qoruyub saxlaya bilmədi. Harran vilayəti ətrafındakı mübahisələr Midiya-Babil münasibətlərini kəskinləşdirdi, Asitaq tərəfindən nəsli zadəganların hüquqlarını məhdudlaşdırmaq cəhdləri ölkədaxili siyasi vəziyyəti gərginləşdirdi. E.ə. VI əsrin ortalarına yaxın daxili və xarici qüvvələrin vahid antiasitaq düşərgəsinin cizgiləri müşahidə olunmaqda idi. E.ə. 553-cü ildə vaxtilə işğal edilib Midiyanın tərkibinə qatılmış Fars vilayətinin Əhəmənilər (Hakamanişlər) nəslindən olan hakimi Kambis oğlu Kuruş (II Kir) Asitaqa qarşı üsyan qaldırdı, onun düşmənləri ilə birləşərək üç illik mübarizədən sonra ona qalib gələrək, Ekbatana yiyələndi. E.ə. 550-ci ildə Midiya imperiyası süquta uğradıldı, Əhəmənilər dövlətinin tərkibinə qatıldı.

 

      İstifadə olunmuş Ədəbiyyat:

  1. Məmmədov İsmayıl. Azərbaycan Tarixi (Ali məktəblər üçün dərslik). Bakı. 2005

2. Nuriyeva İradə. Azərbaycan Tarixi. Bakı. 2019

YAZAR: Zinyət Paşazadə

 

Həmçinin bax: İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı

Həmçinin bax: turaz.org/iki-turk-olkesi-telime-basladi/

Həmçinin bax: tehsilim.org/amerikanin-en-yaxsi-universitetleri/