Mezolit dövrü

Azərbaycan ərazisində 10-12 min il əvvəl Qədim Daş dövrü Orta Daş dövrü, yəni Mezolit dövrü ilə əvəz olunur. Mezolit abidələrində təsadüf olunan çox kiçik ölçülü, mikrolit adlanan daş alətlərin ilkin variantları hələ Paleolitin son inkişaf mərhələsinin axırlarında təşəkkül tapmış, Mezolit dövründə isə mükəmməl formaya salınmışdır.
Mezolit dövrünə aid ilk abidə XIX əsrin sonunda Fransada tapılmışdır. 1887-ci ildə fransız alimi E.Pyet Maz d’Azil mağarasında paleolitdən sonrakı ilk düşərgəni açmışdır. Mezolit dövründə insanların əmək fəaliyyətində, dünyagörüşündə, ətraf aləmə münasibətində mühüm dəyişikliklər baş verir, qədim insanların ən mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir. Şübhəsiz, ox və yayın kəşfi insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində, müxtəlif texniki üsullara bələd olmaları nəticəsində olmuşdur.
Ox və yayın kəşfiylə ovçuluq sahəsində əsaslı dəyişikliklər yarandı və heyvanları uzaq məsafədən ovlamaq mümkünləşdi. Bununla daha çox  ərzaq ehtiyatı əldə etməyə nail olan insanlar eyni zamanda heyvanları əhliləşdirməyə başlayırlar.İ lk vaxtlar heyvanları yem ehtiyatı kimi saxlayırdılar.B eləliklə, ibtidai heyvandarlığın əsası qoyulur. Əlbəttə, bu heyvanları hələ ev heyvanları hesab etmək olmazdı. Vəhşi heyvanların əhliləşdirilməsi, heyvandarlığın təşəkkülü və inkişafı çox uzun və mürəkkəb bir yol keçmişdir. Lakin heyvanların bir qisminin ehtiyat üçün saxlanması və bu işin vərdiş halına keçməsi obyektiv sürətdə ibtidai maldarlığın bünövrəsini qoymuşdur. Mezolit dövründə ibtidai maldarlıqla yanaşı, ilkin əkinçilik vərdişləri də təşəkkül tapmışdır. Ət ehtiyatlarının artması ərzağa olan tələbatı ödədiyindən yabanı bitki toxumlarının bir hissəsinin ehtiyat üçün saxlanmasına şərait yaratmış, bu isə öz növbəsində ibtidai əkinçiliyin təşəkkülünə səbəb olmuşdur.
Mezolit dövründə mühüm prosesin, yəni təbiətin hazır məhsullarını mənimsəməkdən onların bilavasitə istehsalına keçidin əsası qoyulmuşdur. Bu proses yalnız Neolit dövründə əsaslı sürətdə formalaşdı. Mezolit dövründə yaşamış insanların həyat tərzi Qobustan abidələri əsasında öyrənilmişdir. Arxeoloji qazıntılar göstərmişdir ki, burada həyat 12 min il əvvəl başlamışdır. Bu dövrdə Qobustanda insanların məşğuliyyəti ovçuluq, balıqçılıq, yığıcılıq, zaman keçdikcə isə ibtidai maldarlıq və əkinçilik olmuşdur. Burada “Öküzlər”,”Firuz”,”Ana Zağa” və başqa Mezolit dövrü düşərgələrində çaxmaqdaşı və çaydaşından, habelə sümükdən hazırlanmış müxtəlif əmək alətləri tapılmışdır. Qobustan sakinləri mikrolit lövhələrindən itiuclu, gəzli, bıçaqvari, kiçik qaşov və s. tipli iskənəyə bənzər kəsici alətlərin istehsalını mənimsəmişlər. Qədim qobustanlılar bəzək əşyalarını müxtəlif dəniz ilbizlərinin çanaq hissəsindən, ayrı-ayrı heyvanların sümük və dişindən düzəldirdilər. Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin incəsənətin və əhalinin dini görüşlərinin, xüsusilə ovsun-totem inamlarının öyrənilməsində əhəmiyyəti çox böyükdür. Burada qadın rəsmləri,müxtəlif siluetlər həkk olunmuşdur. Qayaltı sığınacaqlarda qayaların səthindəki rəsmlərin çoxu Mezolit dövrünün mədəni təbəqələri ilə örtülmüşdür.

Mezolit dövrünün sonunda Qobustanda əmək alətləri içərisində burma üsulu ilə deşilmiş və cilalanmış alətlər, kobud daş toxalar,yabanı dənli taxılın sünbülünü yığmaq üçün bıçaqlar meydana çıxırdı.

Qobustanda aparılan arxeoloji qazıntılar Azərbaycanda Mezolit və Neolit dövrləri probleminin həlli üçün əsas olmuşdur.

 

YAZAR: Nərmin Hüseynova

Həmçinin bax: Kiçik məktəbli şəxsiyyətinin inkişafı

Həmçinin bax: turaz.org/xarici-diplomlarin-taninmasi-barede-menfi-qerarlarin-sebebleri/

Həmçinin bax: tehsilim.org/mekteblerde-distant-tehsil/