Meyvələrin quruluşu

Meyvə. Meyvə örtülütoxumlu bitkilərin toxumla çoxalmasını təmin edən reproduktiv orqandır. N. N. Kodens meyvəni mayalanmadan sonra çiçəkdən əmələ gələn, tərkibində toxumlar və ya bir toxum olan və onların mühafizəsini, yayılmasını təmin edən törəmə kimi xarakterizə edir.

Çiçəkləmədən sonra kasa yarpaqları, ləçəklər və erkəkciklər tökülür, sonra sütuncuq quruyur və tökülür, yumurtalıq isə intensiv inkişaf edir və meyvə əmələ gəlir. Ona görə də  A. İmsın və  bəzi müəlliflər meyvələri yetişmiş çiçək adlandırırlar. Bitkilərin digər sistematik qruplarında meyvəyə homoloji uyğun gələn hissə yoxdur. Botanikanın meyvə ilə məşğul olan tədqiqat sahəsi karpologiya adlanır.

Bəzi növlərdə eyni bitki üzərində morfoloji, çox zaman isə həm də anatomik quruluşuna görə fərqlənən meyvələr inkişaf edir. Bu hadisə heterokarpiya adlanır.  Meyvələr mayalanma, bəzi bitkilərdə isə hətta tozlanma getmədən də əmələ gələ bilər. Belə meyvələrdə toxum olmur. Bu hadisə partenokarpiya adlanır. Partenokarpiya adətən yumurtalığında çoxlu yumurtacıq olan bitkilərdə müşahidə edilir.

Meyvənin əmələ gəlməsi. Toxum yetişdikcə meyvə də yetişir. Meyvə yetişərkən ən dərin dəyişikliklər yumurtalıqda baş verir, yəni meyvə əmələgəlmədə ginesey, əsasən də yumurtalıq əsas rol oynayır. Belə meyvə həqiqi meyvə adlanır. Yumurtalığın divarından inkişaf prosesində meyvənin divarı- meyvəyanlığı ( perikarp və ya perikarpiya, yunanca “peri”- yanında, “karpos”- meyvə) formalaşır.Çiçəyin digər hissələri- çiçək yanlığı, erkəkciklər, kasacıq və kasa yarpaqları adətən tez sorulur, bəzi hallarda isə dəyişikliyə uğrayaraq gineseylə birgə meyvənin formalaşmasında iştirak edirlər.  Belə meyvələr yalançı meyvə adlanır. Yumurtalığın divarları parenxim hüceyrələrindən, ötürücü toxumalardan, daxili və xarici epidermadan ibarətdir.

Perikarp, adətən, meyvənin əsas kütləsini təşkil edir, onda üç, nisbətən aydın nəzərə çarpan zona ayırd edilir: xarici, orta və daxili. Xarici qat meyvəxarici və ya ekzokarp; orta qat-meyvəarası və ya mezokarp; daxili- meyvədaxili və ya endokarp adlanır. Hər üç zonanı, əsasən çəyirdəkli meyvələrdə asanlıqla ayırd etmək olur, məsələn, gavalı və ya albalı meyvəsində nazik xarici qat- ekzokarp, meyvənin yeməli, şirəli hissəsi- mezokarp, dalaşmış hüceyrələrdən ibarət sərt çəyirdək- endokarp adlanır.

Bütün meyvələr ginesey tiplərinə əsasən dörd morfogenetik tipə ayrılır: apokarp, monokarp, sinokarp və psevdomonokarp.

  • Apokarp- arxaik apokarp gineseyi çiçəkdən əmələ gəlir. Bir çiçəyin hər sərbəst sadə dişiciyindən bir meyvə formalaşır;
  • Monokarp- monokarp gineseyli çiçəkdən əmələ gəlir. Onlar genetik cəhətdən apokarpla qohumdur və bir meyvəyarpağının reduksiyası nəticəsində əmələ gəlir;
  • Senokarp (sinkarp, lizikarp və parakarp)- senokarp gineseyli çiçəkdən əmələ gəlir;
  • Psevdomonakarp- xarici görünüşcə monakarpa oxşayır lakin 1-2 meyvəyarpağı olan gineseydən əmələ gəlir.

Funksiyalarına uyğun olaraq meyvələr ölçüsünə, formasına, perikarpın quruluşuna, onun rənginə açılma qaydalarına, çıxıntılarına və s görə fərqlənirlər.

Meyvənin böyümə və inkışafı bioloji aktiv maddələrlə tənzimlənir: hormonlar ( mayalanmadan sonra – hibberellinlər, endosperm hüceyrəvi quruluş əldə etdikdə- auksinlər ) , huceyrə bölünmələrinin tənzimləyiciləri ( xüsusən, cavan meyvəlerdə- sitokininlər), böyümə ingibitorları ( salisil, ferul turşuları və s.),cücərmə ingibitorları və s.

Yetişdikdən sonra, meyvənin inkişafının sonuncu mərhələsi ölüşkəməkdir( qurumaq). Bu zaman meyvəyə yeni maddələr daxil olmur, hüceyrələrdə bölünmə, böyümə getmir, tədricən meyvə və toxumaları dağılır və quruyur.

 

YAZAR: Almaz Əliyeva

 

Həmçinin bax: https://kafkazh.com/disicik/

Həmçinin bax: https://turaz.org/fenn-olimpiadalarinin-seher-merhelesinde-paytaxt-uzre-5488-sagird-istirak-edib/