MEXANİKA
Mexanika materiyanın ən sadə hərəkət formasını– cisimlərin və onun hissələrinin bir-birinə nəzərən yerdəyişməsini öyrənir. Başqa təbiət elmləri kimi mexanikanın da əsas prinsipləri çoxillik təcrübə və müşahidələrin nəticələrinin ümumiləşdirilməsi əsasında formalaşmışdır. Mexanikanın əsas qanunauyğunluqları ta qədim zamanlardan məlum olsa da, onların sistemləşdirilməsi XVI-XVII əsrlərdə Q.Qaliley, İ.Nyuton və L.Eyler tərəfindən həyata keçirilmişdir.
Qaliley-Nyuton mexanikası «klassik mexanika» adlanır, çünki burada cisimlərin yalnız məhdud məkanda hərəkətinə baxılır və onun qanunları – insanın kütləsi ilə müqayisə oluna bilən (məs. daş, maşın) və ondan çox böyük (planetlər) cisimlərin nisbətən kiçik hərəkət sürətlərində dəqiq ödənilir. Böyük sürətlərdə cisimlərin hərəkətini təsvir etmək üçün məkan və zaman anlayışlarında bir sıra yeniliklər meydana çıxır ki, bu da Eynşteynin nisbilik nəzəriyyəsi və relyativistik mexanikanın yaranması ilə nəticələnmişdir. Klassik mexanika özlüyündə kinematika, dinamika və statika olmaqla üç hissəyə bölünür. Kinematika – mexaniki hərəkəti yaradan səbəblər təhlil olunmadan hərəkəti təsvir edir, dinamika hərəkəti doğuran səbəbləri və nəticələri təhlil edir, statikada isə qüvvə təsir edən cisimlərin tarazlıq hallarının yaranma səbəbləri aydınlaşdırılır.
Yazar: Mirpaşa Mahmud
Həmçinin bax DİNAMİKA. Nyutonun qanunları