Məqsədə aparan yol zamandan keçir
İnsanların çoxu iki şeyin dəyərini bilməz: sağlamlıq və boş vaxt
Məhəmməd peyğəmbər (s.ə.s.)
Zaman bizə bəxş olunan böyük nemətdir. Çoxları onu ən qiymətli xəzinə hesab edir. Bunanla belə, bir çox insan hələ də verilən qısa ömür sərmayəsinin qədrini bilmir. Əslində, həyat nəfəsi alınca verə bilməyəcək qədər qısadır. Buna görə də həyat, yaxud ömür dediyimiz əmanətə haqqıyla sahib çıxmalıyıq. Elə indi özümüz özümüzə zamandan necə istifadə etməyimizin hesabatını verək. Görəsən, həqiqətdə neçəmiz layiqincə vaxtın hesabatını özünə verə bilir? Heç bir şübhə yoxdur ki, zamanın haqqını verə bilməyənlər zamana doymaz.
Vaxtın mənasız, yararsız işlərə sərf edilməsi böyük israfdır. Müasir dövrdə bizi bu israfa sövq edən bir çox “vaxt oğruları” ilə üzləşirik. Sosial şəbəkələr, televizor və telefon oyunlarını ən böyük vaxt oğruları adlandırsaq, yanılmarıq. Bunlardan həddindən artıq istifadə dağınıq həyat tərzinin göstəricisidir. İnsanların vaxtlarının ən böyük oğrusu, zənnimcə, depressiyaya gətirib çıxardacaq qədər uzun müddətli mənfi düşüncələrdir. Bu düşüncələr insan həyatının bütün sahələrinə böyük ziyan vurur. İstər şəxsi, istərsə də iş həyatı böhrana sürüklənir. Ona görə dəbelə fikirlərlə mübarizə edə bilmək çox əhəmiyətlidir. Bəzən zehni çöküşə həm şəxsi həyatımızda baş verən problemlər, həm də iş həyatındakı uzunmüddətli monoton və ağır iş rejimi səbəb olur. Bunların həlli yolu isə təyin olunmuş məqsəd, güclü iradə, daxili motivasiyadan, bunların hamısının, bəlkə də, daha artığıının təşkili üçün dəqiq planlaşdırma və düzgün vaxt bölgüsünün aparılmasından keçir. İlk növbədə, məsləhət görərdim ki, hər hansı bir aforizmi özünüzə şüar, həyatınıza istiqamətverici amil təyin edəsiniz. Bu, məqsədlərin müəyyənləşdirilməsində və məqsədlərəsadiq qalınmasında kömək edəcək.
Vaxtın idarə olunması, həyat və görülən işin keyfiyyətinin artırılması üçün nizam-intizam və qabaqcadan planlaşdırma açar rol oynayır. Bu məsələlərin hamısı düzgün vaxt bölgüsü üzərində qurulur. Vaxt bölgüsü düzgün aparılmadığı təqdirdə, şəxsi həyatda, insanlarla münasibətlərdə, iş həyatında keyfiyyətin azalması, müxtəlif problemlərin baş verməsi müşahidə olunur.
Planlaşdırma üçün görüləcək işləri yazmaq mənim də istifadə etdiyim yaxşı üsuldur. Ancaq təkcə görüləcək işləri yazmaq kifayət deyil. İşləri əhəmiyyətlilik sırasına görə çoxdan aza doğru sıralamaq, onlara həsr olunacaq zamanı qeyd etmək lazımdır. Mümkünsə, gün səhər oyanandan yatana qədər planlaşdırılmalıdır. Belə siyahı tərtib etmək görüləcək işlərin ardıcıllığını müəyyən etməyə kömək edəcək. Hər kəs mümkün qədər qeyd etdiyi vaxtdan qırağa çıxmamağa çalışmalı, bunu özü üçün vərdişə çevirməlidir.
Zaman elə bir anlayışdır ki, onu bənzədəcək bir şey tapmaq olduqca çətindir. Zənnimcə, zaman, eynilə ömür ən çox günəş altında əriyən buza bənzəyir. Buna görə də elə indi işə başlamaq lazımdır. Ancaq çox insan nədən başlayacağını bilmir. Mən yuxu rejimini qaydaya salmaqdan başlamağı məsləhət görərdim. Yuxu rejimi vaxtın idarə olunmasına böyük təsiriolan faktorlardan biridir. Yuxusuz zehnin işləmə sürəti azalır. İnsan sadə işlərə belə böyük vaxt sərf etməli olur. Bu isə arzuolunmazdır. Bundan başqa, yuxusuzluqdan irəli gələn yorğun görünüş insanlarda mənfi təəssürat yaradaraq sizin işlərin öhdəsindən gələ bilmədiyiniz kimi səhv fikirlər yarada bilər. Bu isə iş həyatında ən pis situasiyalardan biri hesab olunur.
Vaxtdan səmərəli istifadədə edilən böyük səhvlərdən biri də tələkənlik ilə işi tez bitirmək arasında fərqin müəyyən edilə bilinməməsidir. Aydındır ki, tələsən təndirə düşür. Tələsik işdə səhvlərin olması qaçınılmazdır. Belə olan halda siz bu səhvləri düzəltmək üçün yenidən iş başına keçməli olacaq və vaxt itirəcəksiniz. İşi tez bitirmək işi tələsik formada yerinə yetirmək deyil. İşi tez bitirmək peşəkarcasına hər şeyi nəzərə alaraq hər şeyi yerli-yerində etmək və vaxtı da düzgün idarə edərək işi sonlandırmaq deməkdir.
Vaxtın idarə olunmasının əsas məqsədi görülən işin səmərəliyinin artırılması ilə yanaşı, həm də həyat keyfiyyətinin yüksəldilməsidir. Vaxtını düzgün idarə edə bilən şəxsin işlərindən əlavə şəxsi inkişaf üçün də zamanı qalır. Bu zaman aralığı yeni sosial fəaliyyətlərlə məşğul olmağa, yeni bacarıqlara yiyələnməyə, dost çevrəsinin genişləndirilməsinə, yaxud idmana həsr oluna bilər. Bunlar isə yaşam keyfiyyətinə birbaşa təsir edir.
Yaddan çıxarılmamalıdır ki, məqsədlər vaxtın düzgün idarəsini tələb edirsə, vaxtın düzgün idarəsi də yeni məqsədlərin təyin olunması və ona nail olunması üçün yollar açır.
YAZAR: Sabir Əliyev